Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı müraciət ediblər
İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı müraciət ediblər

İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər.

Bizimyol.info xəbər verir ki, "Twitter"də "İsveç NATO-da" və "Finlandiya NATO-da" səhifələrində xəbər verildiyi kimi, ərizələr bu ölkələrin Alyansdakı səfirləri tərəfindən təqdim olunub.

"Tarixi gün! Bu gün İsveç və Finlandiya öz ölkələrinin NATO-ya üzvlük üçün müraciət etməkdə maraqlı olduqlarını bildirən məktublar göndərirlər", - bəyanatda deyilir.

NATO-nun baş katibi Yens Stoltenberq "Twitter" səhifəsində bu ölkələrin üzvlük ərizələrini qəbul etməkdən şərəf duyduğunu bildirib.

Verilən məlumata görə, mayın 15-də Finlandiya və İsveçin rəsmi olaraq NATO-ya üzv olmaq qərarına gəldiyi barədə ölkə rəhbərləri bəyanat vermişdilər.

Rusiya və Türkiyə bu qərarı pisləyib. Belə ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov İsveç və Finlandiyanın NATO-ya daxil olmasının Kremli narahat etdiyini bildirib. Həmçinin Rusiya Federasiyası açıq şəkildə hər iki ölkəni NATO-ya üzv olmaq qərarına gəlsələr, onları hərbi müdaxilə ilə hədələyib.

Mayın 16-da Rusiya prezidenti Vladimir Putin bildirib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olmasına ölkənin cavabı bu hərbi-siyasi blokun infrastrukturunun genişləndirilməsindən asılı olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilmədən bəyan edib ki, Türkiyə NATO-nun genişlənməsini dəstəkləyə bilməz, çünki Finlandiya və İsveç “bir çox terror təşkilatının vətənidir”.

Türkiyənin mövqeyi artıq NATO tərəfdaşları arasında çaşqınlıq yaradıb. Xüsusilə, ABŞ Dövlət Departamenti artıq bəyan edib ki, “İsveç və Finlandiyanın NATO-ya potensial daxil olması ilə bağlı Türkiyənin mövqeyini aydınlaşdırmağa çalışırlar”.

Qadir, Bizimyol.info

P.S: Qeyd edək ki, Türkiyə illərdir bu barədə dəfələrlə bəyanatlar verib. Avropa ölkələrinin terror təşkilatlarına maddi və informasiya dəstəyi verməsi barədə xəbərdarlıq edib. Amma indiyə qədər bütün bunlara diqqət yetirən olmayıb. Türkiyənin son bəyanatı isə hamını "ayağa qaldırıb". Bu gün dünyanın haqlı narazılığına səbəb olan, Ukraynada açıq müharibə aparan Rusiya illərdir yaratığı və himayə etdiyi PKK vasitəsi ilə Türkiyədə yüzlərlə terror hadisələrinin törədilməsinə səbəb olub. Sonradan həmin dəstələr  İsveç və Finlandiya da daxil olmaqla bir neçə Avropa ölkələrində özlərinə "həmdəm" tapıblar. Amma dünya bu həqiqəti qəbul etməyə tələsmir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »