Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəbə mütləq gedəcəyik! - Buranı da göreşənlər söküblər...
Məktəbə mütləq gedəcəyik! - Buranı da göreşənlər söküblər...

Ayrılmaq, aralanmaq istəməsəm də, dosların bizi gətirmiş maşına doğru çəkilmələri mənə “gəl gedək” demək idi. Amma onların da bunu səsə çevirməyə dilləri var gəlmədi. Bilirəm ki, heç kim bunu deməyəcək, amma mən də onları gözlətmək istəmərəm. Yaxınlaşıram, dayanıb viran olmuş evimizə, həyətimizə gözümün görə biləcəyi hər yerə bir də diqqətə baxıram. Dostlar nədənsə danışır, səslərini eşidirəm, amma nə dediklərini anlaya bilmirəm. Nə danışmaq istəmirəm, nə eşitmək istəmirəm eləcə baxmaq, hər gördüyümü yaddaşıma köçürmək istəyirəm. Gözüm elə qorxub ki, bir də buraları görə bilməmək qorxusu keçir canımdan.

Dostumuz mənə: “İndi hamı danışacaq, sən susacaqsan. Çoxlarını bu halda görmüşəm”, - deyir.

Mən də ona “gedək, məktəbə gedək”, - deyə bildim.

Füzuli rayonu Yuxarı Seyidəhmədli kənd orta məktəbi rayonda xüsusi çəkisi olan məktəblərdən sayılıb. İlk onillik təhsil ocaqlarından olub. Ətraf kəndlərin hamısından ibtidai və ya səkkizillik təhsildən sonra şagirdlər bizim kəndin məktəbinə gələrək burada orta təhsillərini başa vurardılar. Bu 1974-75-ci illərə qədər davam edib.

Yəqin ki, hamıda bu hiss var, mən məktəbimizlə evimizin dağılmasından hansına daha çox üzüldüyümü bilmirəm. Mənə elə gəlir ki, bu kənddə mənin iki evim olub – yaşadığım ev və təhsil aldığım məktəb. Elə bilirəm ki, məktəb olmasaymış, kəndin admların bir-birinə yad olardır. Həmişə o fikirdə olmuşam ki, nə yaxşı bu məktəb bizim kənddə olub. Hamı ən azı orta təhsil ala bilir...

Dönüb məktəbə gedirik. Bizim evdən məktəbə qədər iki klometr məsafə var. Bunu bəlkə yüz dəfə ölçmüşdük.

Maşın kəndin içərisi ilə irəlilədikcə daha vahiməli dağıntılarla, hər tərəfi cənginə almış, yolları bağlamış kol-kosun keçilməzliyi ilə qarşılaşırıq.

-Bura çinar quyusudur.

- Bəs mağaza hanı?

-Nə çinar var, nə quyusu. Heç mağaza da yoxdur.

-Dayanın bura “ortalıq”dır.

Bir birimizə yad yerləri tanışlıq verirmiş kimi səslənirik.

Maşından düşüb piyada gedirik. Sanki kəndin vəhşiləşmiş təbiətinə yaxınlaşmaq, qovuşmaq istəyirik. Dostlardan birinin yolüstü olacaq həyətinə baxmağa çalışırıq. Amma nə yol, nə bir cığıra rast gəlirik. Hər tərəf yabanı ağaclarla qapanıb. Beləcə yolumuza davam edirik, məktəbə doğru gedirik.

Dostlardan biri:

- Bura zavodun yoludur. Bax, orda da dükan var idi.

Dükanın yerində də dağıntı izləri var. Əks istiqamətə baxıram, boş bir sahə görünür.

-Bəs zavod? O boyda çaxır zavodundan bir iz qalmayıb yəni?

Dostumuz bığaltı qımışır... Mənası hamımıza aydındır.

Məktəbə çatırıq. Daha döğrusu, məktəbin yerinə. Goreşınlər (kim bu binanı sökübsə, ona aid olsun) sanki xüsusi düşmənçiliklə buranı viran qoyublar. Sözün əsl mənasında daş üstündə daş qalmayıb. Bu binaya ancaq nadan qıyar.

Sinif yoldaşım deyir:

-Baxın bu yollarla gəlmişik məktəbə. Burdan neçə dəfə keçmişik, saymaqla bitməz. Bu yolu gəlib getdikcə böyümüşük. Bir də gördük ki, onuncu sinfi bitiririk.

Əraziyə daxil olmaq qadağan olduğundan kənardan izləməli olduq bu müqəddəs xarabalığı. Mənə elə gəldi ki, bu mənzərəni görəndə işğal sözünün anlamını tam mənası ilə qavradım.

Uşaqlığımızı, birinci sinfə gəlməyimizi yada saldım. Mən sanki indi olmayan ağacların kölgəsində necə düzüldüyümüzü görürdüm. Sonra sinif otaqlarına keçdik. Müəllimimiz gəldi, bizə özünü təqdim etdi: “Mən Günəş müəlliməyəm, sizin ilk sinif müəlliməniz. Siz böyüyəcəksiniz, orta məktəbi bitirib ali məktəblərdə təhsil almağa gedəcəksiniz. Amma məni unutmayacaqsınız”,- dedi.

Yuxarı sinflərə keçdikcə fənlər də çoxaldı, müəllimlərimiz də...

Çox yüksək səviyyəli bilik sahibi olan müəllimlərimiz var idi. Bizə elmlə yanaşı, çox şey öyrətdilər. Ədəb, davranış, başqlarına və özünə hörmət etmək qaydalarını.

Bu da son zəng günümüz.

- O tərəfə bax, Qorqan yoludur. Ordakı “boçka”nı görürsən? Orada erməni snayperi olub.

Səsə xəyaldan ayrılıram:

- Allah dünyasını dəyişmiş müəllimlərimizə rəhmət eləsin! Sağ olanlara Yaradan uzun ömür nəsib eləsin!

Sinif yoldaşım:

- Nə fikirləşirdin ki? Mən də elə bilirəm, elə belə baxırsan...

Dönüb geri qayıdırıq. Sinif yoldaşımgilin evinə getmək istəyirik. Yol yoxdur. Qəbiristanlığa yollanırıq. “Quru çay”a çatırıq çay yatağını da, formasını da dəyişib. O sevimli “Quru çay” tamailə yad bir axar olub. Sarı qayadan qalxıb qəbiristanlığa yaxınlaşırıq. Hər tərəfi ot basıb. İçəri daxil olmağı məsləhət bilmirlər, sadəcə yoldan baxırıq. Bircə qəbir salamat deyil. Hamısını dağıdıb, eşiblər.

Bu qədər qəddar xislətlə necə yaşamaq olar? Ərazini işğal ediblər, anlamaq mümkündür. Evləri, həyət-bacanı söküb aparıblar, qəbullanmaq olar. Yanğınlar törədib ağazları məhv ediblər, bunu da necəsə başa düşərsən. Amma qəbirləri eşmək əsl heyvani hissdir. Qəbirlərlə düşmənçilikmi edərlər? Dünyada bunun anoloquna rast gələn varmı? İnanmıram. Erməni ilə qonşu olmayana bunun nə demək olduğunu anlatmaq çətindir.

Orda hər şey dəyişib. Təkcə havası həmin havadır. İlahinin lütfüdir, bir ciyər dolusu nəfəs alaq.

Qadir Musaoğlu Qadir Musaoğlu, Bizimyol.info

P.S: Hamımız bu fikirə gəldik ki, burda ərazi, evlər (uçurulmuş da olsalar), yollar hər nəsnə sanki həddən artıq kiçilib. 500-dən artıq təsərrüfat buraya necə yerləşibmiş?

Məqalənin əvvəlini BU LİNKdən oxuya bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »