Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın məqsədi Rusiyanı Ukraynada "basdırmaq"dır
ABŞ-ın məqsədi Rusiyanı Ukraynada "basdırmaq"dır

Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət edəcəklərini açıqlayıblar. Rusiya dərhal buna kəskin reaksiya verdi. Putin bu addımın regionda və dünyada sülh, sabitlik və təhlükəsizliyə töhfə verməyəcəyini, əksinə, gərginliyi daha da artıracağını vurğulayıb. ABŞ isə iki ölkənin müraciət qərarını müsbət qarşılayıb.

İndi ABŞ Rusiyanı çox yaxın çevrəsindən mühasirəyə almağa çalışır. ABŞ-da nazir və milli təhlükəsizlik müşaviri vəzifələrində çalışmış bir çox tanınmış ekspert, siyasətçi və elm adamı bu həqiqəti təsdiq edir. Onların arasında Henri Kissincer, Zbiqnev Bzezinski, Corc Kennan, Con Mirşaymer, Robert M.Qeyts kimi adlar var. Hamısı Rusiyanı təhrik etməyin səhv olduğunu, onun yeni soyuq müharibəyə başlaya biləcəyini, NATO-nun Rusiya sərhədinə köçürülməsinin ifrat, təxribat xarakterli addım olacağını, Rusiyanı reaksiya verməyə məcbur edəcəyini vurğuladılar. ABŞ-ın məqsədləri isə bəllidir. Gəlin, sıralayaq:

Birincisi, ABŞ-ın tez-tez dilinə gətirdiyi o məşhur “qlobal təhlükəsizlik layihəsi” böyük yalandır. Onun nəzərdə tutduğu ABŞ və Atlantik alyansın təhlükəsizliyidir. Bu kontekstdə NATO, ABŞ imperializminin hücum və işğal vasitəsidir. ABŞ hər zaman öz təhlükəsizliyini başqa dövlətlərin etibarsızlığı üzərində qurub, indi də bunu davam etdirir. Məsələn, Rusiya. Avropa Rusiyaya etibar etmir, buna görə də NATO-nun, dolayısı ilə ABŞ-ın yanında yer alır. ABŞ da bundan faydalanaraq, Avropanı özünün və Rusiyanın arasında “qalxan” vasitəsi edir. Təbii ki, yeri gəldiyində…

İkincisi, 2021-ci ildə Rusiyanın müdafiə büdcəsi 65,9 milyard dollar, ABŞ-ınkı isə 705,4 milyard dollar olub. 2022-ci ildə bu, 754 milyard dollar idi. Hərbi xərclər ABŞ federal büdcəsində sosial təminatdan sonra ikinci yeri tutur. Beləliklə, ABŞ ayırdığı əlavə resurslar və xərclərlə müdafiə sahəsinə ildə 800 milyard dolları qurban verir. NATO üzvü olan 30 ölkənin ümumi müdafiə büdcəsi isə 1,2 milyard dollardır. ABŞ-ın hərbi xərclərinin Ukraynadakı müharibə ilə önümüzdəki dövrdə sürətli bir artım olacağı və ümumilikdə 2 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Üçüncüsü, ABŞ-ın Əfqanıstana, İraqa, Suriyaya və Liviyaya hücumları və digər quldurluqlar da maliyyə baxımından dəhşətlidir. Braun Universitetinin mütəxəssislərinin araşdırmasına görə, 2001-ci il 11 sentyabr terror aktlarından sonra ABŞ 8 trilyon dollar xərcləyib. Təkcə Əfqanıstanda işğalın 20 illik ümumi dəyəri 1 trilyon dollara yaxındır.

Dördüncüsü, müharibə başlayandan sonra ABŞ və müttəfiqlərinin Ukraynaya yardımlarının məbləği Rusiyanın illik müdafiə xərclərini ötür. İndi xaricdən ABŞ-ın silah şirkətlərinə sifarişlər daxil olur. Həmin şirkətlərin qazancı artıb və birja qiymətləri yüksəlib. Ukraynadakı müharibə ABŞ iqtisadiyyatında, siyasətdə, mülki-hərbi bürokratiyada və mediada aparıcı və nüfuzlu mövqeyi ilə tanınan hərbi sənaye strukturunun mövqeyini gücləndirib.

Nəhayət beşinci, ABŞ müharibənin uzanmasını istəyir və Rusiyanın bu yolla yorulub əldən düşəcəyini, tək qalacağını düşünür. Onun məqsədi Ukraynanı qorumaq yox, Rusiyanı zəiflətməkdir. Bununla da ABŞ, Avropa üzərində təsirini gücləndirəcək.

İndiki mərhələdə isə NATO-nun genişlənməsi problemləri daha da dərinləşdirir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »