Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kann Film Festivalında Zelenski sürprizi
Kann Film Festivalında Zelenski sürprizi

Dünən Fransada keçirilən 75-ci Kann Film Festivalının açılış mərasimi Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışı ilə yadda qalıb.

Bizimyol.info xəbər verir ki, mərasimdə Zelenskinin çıxış edəcəyi əvvəlcədən elan olunmadığı üçün bu hamıya sürpriz olub. O, videokonfrans vasitəsilə bu sözləri səsləndirib: “Nifrət yox olacaq və diktatorlar öləcək”.

Ukrayna lideri, keçmiş komediya aktyoru Çarli Çaplinin nasist lideri Adolf Hitlerə lağ etdiyi məşhur “Böyük diktator” filminə istinad edərək, kino ilə reallıq arasındakı əlaqəyə toxunub.

Zelenski deyib: “Bu gün kinonun susmadığını göstərmək üçün bizə yeni Çaplin lazımdır. Onların xalqdan aldıqları hakimiyyət xalqa qayıdacaq”.

Ukrayna liderinin çıxışı qonaqların çoxu tərəfindən davamlı alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il Kann Film Festivalında bir çox ukraynalı rejissorun filmləri də nümayiş olunacaq. Ötən ay Ukraynanın Mariupol şəhərində Rusiyanın bombardmanı nəticəsində həyatını itirən rejissor Mantas Kvedaraviçiusun “Mariupolis 2” sənədli filmi üçün xüsusi nümayiş keçiriləcək.

Onu da əlavə edək ki, festival təşkilatçıları Rusiya hökuməti ilə əlaqəsi olan şəxsləri festivala buraxmayıblar.

Xatırladaq ki, Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı dünyanın ən məşhur kinofestivallarından biridir. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır.

Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilmişdir. Lakin sonralar may ayında keçirilməyə başlamışdır. Bu festival A kateqoriyasına aiddir. Kann Film Festivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalında biridir. Kann Film Festivalında hər il təxminən 20 film yarışır. Bu filmlər juri başçısı və juri üzvləri tərəfindən təltif olunur.

İlk beynəlxalq film festivalı 1945-ci ildə Auguste və Louis Lumiere tərəfindən reallaşdırılacaqdı. Amma İkinci dünya müharibəsi səbəbindən təxirə salınıb. Buna görə də Festival ilk dəfə 1946-cı ildə "Casino de Cannes"də edilmişdir. Siyasi qarışıqlıqlar səbəbi ilə 1968-ci ildə festival keçirilməmişdir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »