Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mustafa Şentop Bakıda Şəhidlər Xiyabanını ziyarət edib
Mustafa Şentop Bakıda Şəhidlər Xiyabanını ziyarət edib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edərək çıxış edib.

O, çıxışı zamanı qeyd edib ki, Azərbaycan torpaqları işğal olunan zaman bir sıra təşkilatlar torpaqların işğalını tanıyıblar. “İşğala son qoymaq üçün Minsk qrupu yaradılmışdı, ancaq heç bir həll yolunu uğurlu şəkildə həyata keçirə bilməyib”,- deyə o bildirib.

Şentop bildirib ki, 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları azad edilib. “Mən bu münasibətlə Prezident İlham Əliyevi təbrik edirəm. Qarabağ Azərbaycandır! Türkiyə Azərbaycanı 44 günlük Vətən müharibəsi zamanında dəstəkləyib, indi də dəstəkləyir və gələcəkdə də dəstəkləyəcək. Çünki müharibə zamanı Azərbaycan haqlı idi” deyə o əlavə edib.

Şentop vurğulayıb ki, məcburi köçkünlərin problemlərinin həll olunması üçün qlobal yanaşma vacibdir. Onun sözlərinə görə, Türkiyə parlamentlərarası münasibətlərin gücləndirilməsinə böyük önəm verilir.

“Pandemiya həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə təsir göstərib. Bu təsir hələ də davam edir. Miqrasiya, yoxsulluq təhdidə çevrilib. Ukraynadakı müharibənin təsiri altında ərzaq problemi üzə çıxıb"-deyə Şentop əlavə edib. Şentop səfəri çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşərək, birlikdə Şəhidlər Xiyabanını ziyarət edib. Şentop Şəhidlər Xiyabanında Türk şəhidliyi qarşısında anıt kitabı məktubunu oxuyub.

Məktubda deyilir: “Əziz şəhidlərimiz, Türk millətinin igid oğulları, siz 104 il əvvəl azərbaycanlı qardaşlarınızla çiyin-çiyinə, bu torpaqları öz vətəniniz kimi müdafiə etmək üçün şəhidlik zirvəsinə çatdınız.

Siz müstəqillik, azadlıq uğrunda fəda etdiyiniz canlarınızla bu vətəni Azərbaycan üçün möhkəmləndirdiniz. Qanınızla suvardığınız bu torpaqlarda cücərən balaca fidanlar həmin gün əlinizdə qaldırılan bayrağı eyni iradə və mənəviyyatla ucaltmağa çalışır.

Sizin şəxsi mənəviyyatınız da Azərbaycan əsgərlərinə işıq saçmış, uzun illərdən sonra 44 günlük Vətən müharibəsində vətəninin işğaldan azad edilməsində onlara ruh, əzm və güc vermişdir.

Bizlər irsini ürəklərində yaşadan, qüdrətli və nəcib türk millətinin nümayəndələri olaraq müqəddəs əmanətinizi qorumaq üçün buradayıq”.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlament nümayəndə heyəti ilə birlikdə Azərbaycanın paytaxtı Bakıya gəlib.

Şentop və rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) mayın 16-18-də Bakıda keçirilən Üçüncü Ümumi Konfransında iştirak edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »