Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist İradə Cəlilin "vəfat etməsi” xəbərini kimlər və niyə yayıb?
Jurnalist İradə Cəlilin "vəfat etməsi” xəbərini kimlər və niyə yayıb?

Dünən əksər kütləvi informasiya vasitələrində “Jurnalist İradə Cəlil vəfat etdi” başlıqlı xəbərlər yayılmağa başladı. Xəbəri yayan KİV-ləri qeyd edirdi ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıb. Halbu ki, jurnalistin yaxınları bu barədə heç bir xəbər paylaşmamışdı. Sonradan məlumat təkzib edildi.

Bu hadisə bir daha sübut edir ki, Azərbaycan mətbuatında hələ dəqiqləşdirilməmiş məlumatları yerləşdirmək tendensiyası var. Məlumatın dəqiqliyini yoxlamadan, şəxsin ailəsi və yaxud özü ilə danışmadan ölüm xəbərinin yayılması, həm Azərbaycan mətbuatının qeyri-ciddi olduğunu, məlumatların yoxlanılmadan, dəqiqləşdirmədən verdiyini sübut edir və həm də bu xəbəri yayan mətbu orqanlar ciddi məsuliyyət qarşısında qalır.

Kiminsə statusuna istinad etmək, həmin statusu yazan şəxsin ölüm xəbəri yayılan şəxslə qohumluq əlaqələrinin olmaması, xəbərin qeyri-dəqiq, qeyri-ciddi olması belə bir sualın yaranmasına səbəb olur: Azərbaycan mətbuatını saxta xəbərlərdən necə təmizləməli?

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə saxta xəbərlərdən yaxa qurtarmaq, jurnalistikanın qarşısında duran prinsipial məsələlərdən biridir. Bu baxımdan bu məsələlərə həssas yanaşmaq lazımdır: “Dünən mən də o xəbərləri izlədim. Bir az da həqiqətən də insan həyatı, insan taleyi, insanların sağlamlığı ilə bağlı belə bir xəbərin tirajlanması məni də düşündürdü.

İlk olaraq mən bu xəbəri bir vətəndaşın statusunda oxumuşdum. Sonra o statusdan bu xəbər saytlara daşındı. O statusu yazan şəxs əvvəla yazdığı barədə düşünməlidir. Sonra bir çox elektron informasiya mənbələrində o məlumatı oxudum. Sonra qısa bir müddət ərzində bu xəbərlərin saytlardan çıxarıldığının şahidi oldum. Başa düşdüm ki, saxta bir xəbərdir. Bu, çox ciddi bir məsələdir.

Təsəvvür edin ki, insan sağdır. Və onun haqqında belə qeyri-ciddi, qeyri-sağlam bir informasiyanın yayılması, o insanın özü, qohumları, dostları, tanıdıqları, yaxın bildiyi insanlar üçün necə ağır xəbərdir. Onlar nə hiss keçiriblər. Ümumiyyətlə bu sayaq xəbərlərlə çox həssas rəftar etmək lazımdır. Belə xəbərləri yazanda düşünmək lazımdır. Şəxsi həyat, ailə həyatı ilə bağlı kifayət qədər neqativ tonda köklənmiş, kifayət qədər fərdin vətəndaşın həyatına qarşı yönəlmiş belə xəbərlərin tirajlanması zamanı yüz ölçüb, bir biçmək lazımdır. Bu, bizim jurnalistikanın sağlamlığına xidmət göstərə biləcək bir yoldur”.

V. Rəhimzadə deyir ki, "dünənki xəbərə gəldikdə isə, onu yayan insanın məsuliyyəti olmalıdır. Nə yaydığının, yaydığı xəbərin nə qədər dəqiq, düzgün olduğunun fərqinə varmalıdır. Bu, çox ciddi və incə məsələdir. Sağlam, həyatda olan, yaşayan insan haqqında belə fikirlərin yayılması, həmin insanın psixologiyasına baxın necə təsir edə bilər. Onu təsəvvür etmək belə çətindir. Bu səbəbdən də informasiya sahəsində, jurnalistika sahəsində çalışan insanlar xəbərlərin və mənbənin dəqiqliyini süzgəcdən keçirməlidir. Bu, jurnalistikamızda çox önəmli faktorlardan biridir".

V. Rəhimzadə ilk mənbəni qınadığını dilə gətirib və qeyd edib ki, elektron media qurumları ilk mənbəyə istinadla veriblər bu xəbəri. Hər bir halda bu elə bir xəbərdir ki, dəqiqləşdirməmiş vermək olmaz. Həssas məsələdir.

“Bir fərdin statusu əsasında həmin xəbərlər tirajlanıb. Və o şəxs məsuliyyət daşıyır. İnsanın həyatı ilə oynamaq yolverilməzdir. Bəzi xəbər saytları da bu xəbəri yaydı. Mən saytları qınamıram. Onlar statusu əssas gətirərək xəbəri tirajlamışdılar. Hər bir halda statusu yazan insan məsuliyyətini bilməli idi” - deyə Vüqar Rəhimzadə bildirib.

“Novoe Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bildirib ki, saxta xəbərlər bütün dünyanın bəlasıdır. Saxta xəbərlərdən seçki kampaniyalarında, müharibə gedən ərazilərdə “fake news” bir ideologiyaya çevrilib: Dünən “Jurnalist İradə Cəlilin vəfat xəbəri ilə bağlı” vəziyyəti mən də izlədim. Ümumiyyətlə, bir şəxsin ölümü ilə bağlı xəbər vermək düz deyil. Çünki təsəvvür edin, həmin insanın yaxınları, qohum-əqrəbaları var. Bunu eşidəndə hansı sarsıntıları keçirir. Həm də cəmiyyətdə, jurnalist əhlinin tanınan bir insan haqqında belə bir xəbər yaymaq ciddi məsələdir. Düzdür, sonra bu təkzib olundu. Amma bu xəbər artıq kimlərəsə hansısa formada öz mənfi təsirini göstərmişdi.

Mətbuatda saxta xəbərlərin verilməsinin tərəfdarı deyiləm. Bunu qəbuledilməz sayıram. Ancaq təəssüf olsun ki, “like” xətrinə, çox oxunma xətrinə və yaxud başqa-başqa nələrinsə xətrinə saxta xəbərlərdən çox istifadə edilir. Bu da mətbuatın ciddiliyini, sözün ciddiliyini kölgədə qoyur. Mətbuata olan inamın azalmasına gətirib çıxarır”.

Şakir Ağayev bildirir ki, jurnalistin vəzifəsi bütün imkanları çərçivəsində çalışıb, məlumatı dəqiqləşdirməkdir. Məlumat bir mənbədən deyil, bir neçə mənbədən dəqiqləşdirilməlidir. Bu, jurnalistin peşə borcudur: “Çox təəssüf ki, müasir dövrümüzdə informasiyanın tez verilməsi uğrunda mübarizə getdiyi bir vaxtda “tez verən daha çox bəyənmə yığsın”, tez verənə daha çox istinad olsun, tez verən daha hörmətli olur, daha populyar olur” şüarları, bəzən jurnalistləri məlumatları dəqiqləşdirmədən verməyə sövq edir. Bu, düzgün bir məsələ deyil”.

Ş.Ağayev bildirib ki, “Media haqqında qanunda” qeyd edilir ki, hərhansı bir xəbərin dəqiqliyini yoxlamaq üçün qarşı tərəfin fikri qeyd edilməlidir. Və yaxud xəbər varsa, onun dəqiqliyi istinad olunan mənbələrdən öyrənilməlidir.

“Bu olarsa, daha yaxşı olar. Ancaq təəssüf ki, xəbər uğrunda mübarizə mətbuatın işinə ciddi zərər vurur” - deyə baş redaktor bildirib.

P.S. Ümumiyyətlə, son zamanlar Azərbaycanda mətbuatında bu sayaq təsdiqini tapmayan xəbərlər yer alır və sonradan saytdan çıxarılır. Bu isə, mətbuatın imicinə birbaşa zərər verir.

Həyatda olan bir şəxsin ölüm xəbərinin tədiqlənmədən verilməsi, qeyri-peşəkarlığın nəticəsidir.

Türkan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »