Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna danışıqlardan çəkilib: "Putini xilas etmək fikrimiz yoxdur"
Ukrayna danışıqlardan çəkilib: "Putini xilas etmək fikrimiz yoxdur"

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Ukrayna ilə danışıqlar dayandırılıb: "Çünki Kiyev faktiki olaraq danışıqlardan çəkilib”.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, Rusiya hökumətinin nümayəndəsi bu barədə öz ölkəsinin mətbuatına açıqlama verib.

"Xeyr, danışıqlar daha davam etmir. Ukrayna tərəfi faktiki olaraq danışıqlar prosesindən geri çəkilib. Ukraynalılar heç bir formada danışıqları davam etdirmir",- deyə diplomat bildirib. Rudenkonun sözlərinə görə, Ukrayna tərəfi Moskvanın Kiyevə göndərdiyi sülh müqaviləsi layihəsinə cavab verməyib.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak da telemarafon zamanı çıxışında danışıqların dayandırıldığını təsdiqləyib. "Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlar prosesi dayandırılıb. Lakin danışıqlar bərpa olunacaq. Mənim fikrimcə, Zelenski bu danışıqlarda aparıcı olacaq",- deyə Podolyak deyib. O qeyd edib ki, Ukrayna Vladimir Putinin simasının xilas olunması üçün heç bir güzəştə getmək fikrində deyil.

Xatırladaq ki, mayın 10-da xarici işlər naziri Dmitri Kuleba Ukraynanın Rusiya ilə müharibədə hərbi məqsədlərini dəyişdiyini və indi Rusiya qoşunlarını ölkədən tamamilə sıxışdırmağa çalışdığını bildirmişdi. O əlavə edib ki, “qələbə mənzərəsi inkişaf edən bir konsepsiyadır”.

Bir müddət əvvəl isə Kuleba qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlər nəticəsində danışıqlarda Ukraynanın mövqeyi daha da sərtləşir. Nazir bildirib ki, Kiyev düşmənin heç bir ultimatumunu sakit qarşılamayacaq.

"İndi biz mübarizədə özümüzü daha inamlı hiss edirik, ona görə də danışıqlarda mövqeyimiz də sərtləşir. Əgər döyüş meydanında vəziyyət dəyişsəydi, bu, Rusiyanın daha yaxşı mövqedə olacağı anlamına gələrdi”,- deyə Kuleba bildirib.

Az əvvəl Vladimir Zelenski demişdi ki, Fransa prezidenti Emmanuel Makron Putinin "simasını xilas etmək üçün" Ukraynaya güzəştlər təklif edib. Ortaya çıxan bəzi məlumatlara görə, Fransa və Almaniya da daxil olmaqla bəzi Avropa ölkələri Ukraynaya Krımı və qondarma respublikaları Rusiyaya verməklə müharibənin bitməsini təklif ediblər. Onlar bu yolla Putini biabırçılıqdan xilas etməyə çalışırlar ki, Kremlin rəhbəri "ağılsız" hərəkətlərə yol verməsin. Amma Ukrayna Putini biabırçılıqdan qurtarmaq naminə heç bir güzəştə getməyəcəyini bildirir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »