Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Onların təhsili demək olar ki, hamının yadından çıxıb”
“Onların təhsili demək olar ki, hamının yadından çıxıb”

Dövlət Statistika Komitəsinin bu ilin yanvar ayına olan məlumatına görə, bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 974-ü ali, orta ixtisas və orta təhsilə malikdir.

İlkin məlumatlara əsasən, ölkədə fəaliyyət göstərən 1692 dövlət və 133 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 127 min uşaq tərbiyə alır. 2021/2022-ci tədris ilinin əvvəlinə ölkənin 4394 dövlət və 32 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb.

Bundan əlavə bildirilir ki, sağlamlıq imkanları məhdud olan 6,9 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib.

Sağlamlığı məhdud şagirdlərin evdə təhsili ilə bağlı vəziyyət Azərbaycanda necədir? Bu uşaqların təhsil ala bilməsi üçün hansı imkanlar var?

Təhsil eskperti Elşən Qafarov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, ölkəmizin, müstəqilliyimizin 31-ci ilindəyik və hələ də Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların təhsili ilə bağlı dövlət standartları qəbul edilməyib.

Elşən Qafarov Elşən Qafarov

“Baxmayaraq ki, təhsil qanunu və digər nomativ sənədlərdə göstərilir ki, xüsusi təhsilin özünün dövlət standartları olmalıdır. Lakin ölkədə 31 ildir ki, sağlamlıq imkanları məhdud olan uşaqlara təhsilin nəyin əsasında keçildiyi bilinmir.

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün hər il tədris planı verilir və ümumtəhsil məktəblərinin “növlər üzrə meyyarları” adlı Nazirlər Kabinetinin 2020-ci ildə verdiyi 270 nömrəli qərar var. Orada göstərilir ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təhsil xüsusi təhsil proqramları əsasında keçirilir”.

Ekspert bildirir ki, sağlamlıq imkanları məhdud olan uşaqların qiymətləndirilmə mexanizmi yoxdur.

“Əqli və fiziki ləngiməsi olan şəxslər sağlam uşaqlarla eyni formada qiymətləndirilir. Onlar 11-ci sinifə qədər həftədə 8-10 saat dərs keçdiyi halda, ümumi təyinatlı məktəblərdə sağlam uşaqlar həftəlik 21-33 saat dərs keçirlər.

Ölkədə sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə bağlı hüquqi formativ sənədləri sıfır səviyyəsindədir. Bununla bağlı sadəcə 2002-ci ildə bir neçə hüquqi normativ sənəd qəbul olunub”.

Ekspert sonda bildirib ki, sağlamlıq imkanları məhdud olan uşaqların təhsili demək olar ki, hamının yadından çıxıb.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »