Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çiyələkdən zəhərlənmə daha çox aprel və may ayında baş verir"
"Çiyələkdən zəhərlənmə daha çox aprel və may ayında baş verir"

Çiyələk, gözəl görünüşlü və dadlı yay meyvəsidir. Həm də bu meyvənin sağlamlıq üçün faydaları çoxdur. Amma son zamanlar bazarlarda yay gəlməmişdən çiyələk satılır. Çiyələk həm də antioksidanlarla zəngin meyvədir. Bəlkədə məhz elə buna görədir ki, hamı çiyələyi sevir və alır. Ancaq mövsümündə yeyilmədiyi zaman çiyələk də zərərli ola bilir.

Aprel-may aylarında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 30-dan artıq qida zəhərlənməsi ilə bağlı müraciət daxil olub. Şöbənin baş həkimi Azər Maqsudovun verdiyi məlumata görə, onların əsas hissəsi qarpız və çiyələkdən zəhərlənmə ilə əlaqədar olsa da, çiyələkdən zəhərlənmə çoxluq təşkil edir. Bu da çiyələyin tərkibində olan nitratın çoxluğu ilə əlaqədardır.

Terapevt Məlahət Abbasova Bizimyol.info saytına müsahibəsində qeyd edib ki, çiyələyin tərkibində A, C, B6 və B12 vitaminləri ilə yanaşı, dəmir, fosfor, manqan, maqnezium, selenium və kalium kimi minerallar var. Həkim bildirir ki, çiyələk faydalı meyvə olsa da, digər qidalar kimi onun zərərli tərəfləri var. Onun sözlərinə görə, həddən artıq çiyələk yemək sağlamlıq problemlərinə yol aça bilər.

Həkim qeyd edir ki, çox çiyələk yemək allergiya, köp, ürəkbulanma, qusma, ishal və qarın ağrısına səbəb ola bilər. Bununla yanaşı həddən artıq çox çiyələk yemək mədə yanması və digər sağlamlıq problemlərini ortaya çıxarır.

“Çiyələk antioksidant, vitamin, mineral və minerallarla zəngin meyvələrdən biridir. Kalorisi də çox aşağıdır. Hər yaşdan insanın sevərək sevdiyi desertlərin əvəzsiz tərkib hissəsidir. O, qanda xolesterini tarazlaşdırır, dərini qocalmanın təsirindən qoruyur, qan təzyiqini tarazlıqda saxlayır. Həmçinin xərçəng növləri, gut, Alzheimer və osteoartrit riskini azaldır. Bütün bu müsbət təsirlərə əlavə olaraq, çiyələk əks təsirləri çox az olan bir meyvədir. Bununla belə, həddindən artıq istehlak ishal, qarın ağrısı, dəri qaşınması, mədə ağrısı kimi gözlənilməz əks təsirlərə səbəb ola bilər.

Araşdırmalar göstərib ki, çiyələk bədəndəki sərbəst radikalların mədəyə zərər verməsinin qarşısını alır. Bundan əlavə, çiyələk mədə xorasının inkişaf riskini mümkün qədər azaldır. Çiyələk,  mədə divarında iltihabı azaldır”,- deyə həkim bildirir Onun sözlərinə görə, çiyələkdən zəhərlənmə daha çox aprel və may ayında baş verir. Çünki bu zaman yetişdirilən çiyələk istixana şəraitində müxtəlif gübrələrin təsiri ilə yetişdirilir. Məsələn çiyələyə verilən nitrat çox düşdüyü zaman bu zəhərlənməyə səbəb ola bilir.

“Eynilə qarpız zəhərlənməsi kimidir. Qarpızda da nitrat çox olduğu zaman zəhərlənməyə səbəb olur. Bu, çiyələyin hansı formada yuyulması ilə əlaqəli deyil. Nitrat çiyələyin tərkibində çoxdursa, necə yuyulursa, yuyulsun zəhərləyəcək. Buna görə də hər bir meyvəni öz mövsümündə yemək lazımdı” - deyən həkim bildirir ki, çiyələk zəhərlənməsi də qida zəhərlənməsi əlaməti ilə özünü göstərir. Amma bu zaman zəhərlənmə ağır ola bilər. Buna görə də vaxtında həkim müdaxiləsinə ehtiyac var.

“Zəhərlənmə əlamətləri hiss etdiyiniz zaman həkimə müraciət edin” - deyə Məlahət Abbasova qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »