Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın inadı, Putinin rahatlığı: İsveç və Finlandiya öz qazdıqları quyuya düşüblər
Ərdoğanın inadı, Putinin rahatlığı: İsveç və Finlandiya öz qazdıqları quyuya düşüblər

“Rusiya Prezidenti Vladimir Putin dünənki çıxışında Rusiyanın İsveç və Finlandiya ilə probleminin olmadığını, ona görə də bu ölkələrin Alyansa üzvlüyünün təhlükə daşımadığını deyib. Ukraynanın tərəfsizliyini pozaraq NATO-ya üzv olmaq istəməsi fonunda beynəlxalq hüququ kobudca pozaraq rəsmi Kiyevə qarşı cəza xarakterli, əslində isə işğalçı müharibəyə başlayan Rusiya prezidentinin belə bir açıqlama verməsi diqqət çəkir”.

Bu barədə Bizimyol.info-ya politoloq Turan Rzayev danışıb.Onun sözlərinə görə Putinin bu açıqlamasının iki səbəbi var:

Turan Rzayev Turan Rzayev

“Birincisi, Rusiya Finlandiya və İsveçin NATO-ya üzv olması ilə barışmayacağını desə də, reallıq ondan ibarətdir ki, Ukrayna ssenarisinin Helsinki və ya Stokholma tədbiq edilməsi real deyil. Məsələ ondadır ki, Rusiya Ukrayna müharibəsi fonunda ciddi itkilərə məruz qalıb. Qərbin tədbiq etdiyi sanksiyalar da Rusiya iqtisadiyyatını iflic vəziyyətə salıb. Bu reallıqlar fonunda Kremlin ikinci genişmiqyaslı müharibəyə başlaması mümkün deyil. Digər tərəfdən nə İsveç, nə də Finlandiya Ukrayna deyil. Bu iki ölkənin ordusunun birlikdə say tərkibi Rusiya ordusunun yarısından az olsa da, texnologiya və taktiki döyüş bacarıqları baxımınan üstündür. Bu mənada Putinin bu açıqlamasını Rusiyanın faktiki məğlubiyyəti və proseslər qarşısında çarəsizliyi kimi başa düşmək olar. Putin anlayır ki, nə o, nə də ölkəsi Finlandiya və İsveçin NATO-ya üzv olmasının qarşısını almaq iqtidarında deyil.

İkincisi, Putin “Rusiyanın İsveç və Finlandiya ilə probleminin olmadığını" deyərək əslində topu başqa bir ölkəyə Türkiyənin üzərinə atır. İlk başda Türkiyə ilə İsveç və Finlandiyanın probleminin olmadığı düşünülsə də, rəsmi Ankaranın bu iki ölkə də daxil olmaqla bütün Skandinavi ölkələrinə qarşı mövqeyi heç də yaxşı deyil. Belə ki, İsveç, Norveç, Danimarka, Finlandiya kimi Skandinaviya ölkələri uzun illərdir Türkiyənin ölkə daxilində və xaricində mübarizə apardığı PKK, PYD, YPG terror təşkilatlarını himayə edir, siyasi, iqtisadi, hərbi dəstək verir. Bu gün adını çəkdiyim terror təşkilatları faktiki olaraq bu ölkələrin dəstəyi ilə mövcuddur. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı açıqca qeyd edib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməzI "“Hə” deyə bilmərik. O zaman NATO təhlükəsizlik təşkilatı olmayacaq, terrorçuların çoxlu nümayəndələrinin olduğu yerə çevriləcək. “Hə” deyə bilmərik, inciməsinlər”,- deyə Ərdoğan söyləyib. Hesab edirəm, Putin həm də Ərdoğanın bu mövqeyini öncədən təxmin etdiyi üçün belə rahat açıqlama verir”.

T.Rzayev Türkiyənin bu mövqeyinin dəyişəcəyini düşünmür. Ankaranın razılığı olmayacağı təqdirdə isə İsveç və Finlandiyanın NATO-ya üzv olması mümkün deyil. Hər iki ölkə NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin tələb etdiyi kimi həm PKK, PYD, YPG-yə dəstəyini kəsməli, həm də ölkələrindəki terrorçuları qeyd-şərtsiz Türkiyəyə təhvil verməlidirlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »