Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ədnim, Cənnətim – Məni tanımayan həyətimiz
Ədnim, Cənnətim – Məni tanımayan həyətimiz

Yuxarı Seyidəhmədli kəndi, mənim üçün yaradanın göndərdiyi müqəddəs kitablarda təsvir və bizə vəd etdiyi Ədn cənnəti qədər gözəl, doğma obamdır. 25 il yaşayıb 29 il həsrət qaldığım, qarı ilə, yağışı ilə, qora qovuran istisi ilə, sərin mehi ilə, davalı-şavalı anları, toylu-büsatlı günləri ilə yaşayb-sevdiyim , sevib-yaşadığım, ən dəyərli yurd yerim, döğulub böyüdüyüm məkandır. Nizamı, səliqəsi ilə qoyub getdiyimiz, indi isə yaşıllığa qərq olmuş xarabalığına döndüyümüz kəndimizdir.

İlahi, buralarda nə qədər xatirələrimiz var. O 25 ilə mən bu qədər xatirələri qalmış hadisələri necə yerləşdirib yaşaya bilmişəm?!

Nədənsə, mənə elə gəlir ki, kənd uşaqlarının xatirələri şəhər uşaqlarının xatırlanacaq hadisələrindən çox olur. Çünki şəhər uşaqları günün bir necə saatını bayırda olur, kənd uşaqları isə əksinə, yalnız yatanda evə girirlər. Həyət-bacada, çöldə -çəməndə, heyvan otarmaqda, ot yığmaqda, yüz cür oyunlar oynamaqda keçirilən hər anları xatirələrlə dolu olur kənd uşaqlarının.

Alxanlı kəndinin ərazisinə keçəndə erməni vandalizminin geniş lövhələri ilə qarşılaşdıq. Yandırılmış, sökülmüş evlər, viran edilimiş yaşayış məskənləri, qazılıb texnikaların istehkamına çevrilmiş əkin sahələri - tam bir viranaliklə üz-üzə gəldik. İşğal edilmiş ərazidə bir salamat bina, yararlı bir infrasruktur xətti görünmür. Hamısını gəmirici kimi dartıb dağıdıblar.

Maşın Merdinlidən bizim kənd istiqamətinə dönəndə yolun dəyişdiyini, qısaldığını kiçildiyini düşündüş. Məsafə xəyalımdakından çox qısa idi. Sonra ağlıma gələn bu oldu ki, deyəsən burda məkan-məsafə yox, xarakter dəyişib. Təbiətin xarakteri 30 il əvvəlkindən fərqlidir. Təkcə havası həmin havadır. O da məni “havalandırmasa”…

İnternet vasitəsi ilə hələ neçə il əvvəl kəndimizin xarabalıqlarını görmüşdüm. Amma bu içimdəki “evimizi uçurulmamış görəcəyəm” ümidini qıra bilməmişdi. Elə hey “kaş gedib oraları bir görəydim” ,- deyirdim.

Getdim. Gordüm…

Gördümmü?

Görüləcək nə qalmışdı ki, görüm. Bu yuxu idimi, reallıqmı, hələ müəyyənləşdirə bilmirəm.

Gördüklərim görmək istədiyim deyildi ki. Gördüklərim göz dağı, ürək yanğısı idi. O cür gözəl məkanı belə günə yalnız ermənilər sala bilər. Başqa heç bir xalq bu qədər amansız olmaz.

Dönmüşdüm. Yox, həqiqətən dönmüşdüm. Amma apardığımdan bir xatirələrimi, yanımdakı dostlarımı və özümü qaytara bilmişdim. 30 il əvvəl topla-tüfənglə qovulduğum kəndə xəyallarımı gətirmişdim. İtirdiyim yaxınlarım, qohum-qonşularımın, el-oba adamlarının xatirələrini gətirə bilmişdim. O anlarda heç kim unudulmadı, hamını xatırladım. Olmayan yolların sonuna qədər xəyallarla gedib, ev-ev orda yaşayan hər kəsi yada saldım. Nə böyük camaat imişik, nə qədər çox ölənlərimiz olub, indi saya bildim.

-Burdan bir yol var, Şamxal müəllim deyirlər onun evinə gedir.

Avtomobili idarə edən sürücü dostumuzun sözünə, biixtiyar: “Hə, hə, bax ora dön, o yolun sağında ikinci ev bizim evimizdi. Bura Məhəmmədəli əminin evidir, bir az da qabağa sür. Saxla-saxla, keçmə, bura bizim evimizdi”, - dedim.

Dostumuz gülürdü. Onun üçün belə isterik anlar adiləşmişdi deyəsən? Amma mən onun gülüşünə məhəl qoyacaq halda deyildim. Evimizə gəlmişdim. Olan yurdumuzdakı olmayan evimizə gəlmişdim.

Darvazanın, hasarın yerini kol-kos basıb. Ağaclar da xarakterlərin dəyişib, yabanılaşıb, insanlara yadlaşıb, yovuşmaz, bəlkə də incik olublar.

-Bunu görürsüz? Hamam - əl yeri, bunların betonunu tək, köməksiz özüm tökmüşəm. İnanırsınız təkcə… Bura isə bizim evimizdir...

Həyətimizə getməyə çalışıram. Amma uzağı on beş-iyirmi addım ata bilirəm. Sanki həyətimiz məni tanımadı, qəbul etmək istəmədi. Qarşımı kol-kosla kəsdi. Məni atamdan yadigar olan ağacları görməyə buraxmadı. İnnab, zoğal, iki ədəd qırmızı alça ağacının yerini boş gördüm. Onlar yoxdur, yerində yabanı ağaclar bitib. Ha boylandımsa da, yabanı ağaclar imkan vermədi ki, əkib becərdiyimiz, meyvəsindən bəhrələndiyimiz ağaclarımızla görüşəm. Meyvə ağaclarımız da sanki məndən gizlənirlərmiş kimi görünməz oldular.

Hansı xatirələrlə gəlmişdim, necə qarşılandım? Axı mən sizi bu otuz ildə bir an da olsun unutmamışdım. Günahım nədir ki, məni belə soyuq qarşılayırsınız. Sizi atıb getmədim. Qorumağa çalışdım. Bunun üçün ömründə bir toyuq başı kəsməyən mən, silah götürüb döyüşdüm. Sizi qorumağı sadəcə bacarmadım, güçüm yetmədi. Mən sizdən yenə də incimədim. Yollar açılar, yenə gələrəm, hər birinizlə ayrıca görüşərəm, isinişərik, barışarıq...

-Çox getməyin, burda mina olmasa da, ilan-çəyən həddən artıq çoxalıb. Ehtiyatlı olun.

Dostumuzun səsinə dayanıb, geri qayıtmalı oldum.

Ardı var

“Hara getməsək də, məktəbə və qəbiristanlığa mütləq baş çəkək…”

Qadir Musaoğlu Qadir Musaoğlu, Bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »