Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Deyirdilər, nəyə lazım, çıxmısız səhnədə sözsüz oynayırsınız"
"Deyirdilər, nəyə lazım, çıxmısız səhnədə sözsüz oynayırsınız"

Bu gün Azərbaycanda Pantomim Teatrının yaranmasından 28 il ötür. Teatrın yaranması, 28 illik fəaliyyət və digər mövzularda həmsöhbətimiz teatrın direktoru, əməkdar artist Elman Rəfiyev Bizimyol.info xəbər portalına danışıb.

Elman Rəfiyev

“Pantomim teatrının təməli 1988-ci ildə qoyulub. Biz İncəsənət Universitetinə daxil olduq və bizim “Sənət” müəllimimiz Nəsir Sadıqzadə və “Səhnə hərəkəti” müəllimimiz isə xalq artisti Bəxtiyar Xanızadə idi. Nəsir müəllimin teatr sənətinin gələcəyinə bir baxışı var idi və bizə deyirdi ki, “Siz səhnə hərəkəti dərsindən möhkəm yapışın. Gələcək teatr üçün bu çox vacib bir tədrisdir”. Nəsir müəllimin sözündən sonra “Səhnə hərəkəti” dərsinə daha çox maraq göstərməyə başladım. Bəxtiyar Xanızadə həvəsimizi, fəallığımızı görürdü. Bəxtiyar Xanızadə o vaxt Sankt Peterburqda təhsil alıb, qayıtmışdı və özünün dediyinə görə, Azərbaycanda hərəkətlə bağlı bir teatr yaratmaq istəyirdi. Bizim bu hərəkətə meylimizi görəndə hamımızı yığıb dedi ki, “Uşaqlar çox istəyirəm ki, sizinlə birlikdə Azərbaycanda Pantomim Teatrını yaradım. O yaradıcıların arasında biri mən - əməkdar artist Elman Rəfiyev, rejissor Rövşən İsax, MTV-nin bədii rəhbəri Səyavuş Hüseynli və Əsəd İsmayılov da var idi. Gecəli-gündüzlü biz məşq etməyə başladıq. Həmin prosesdə bizim maraqlı işlərimiz yaranmağa başladı. Hazırda Amsterdamda yaşayan Səbinə adlı bir dostumuz, Gənc Tamaşaçılar teatrından İlqarə Tosova və digərləri ilə birlikdə maraqlı işlər hazırlayırdıq. Bizim hər imtahanımız Universitetdə bir sensasiyaya çevrilirdi. Hamı bizim imtahanımıza baxmağa gəlirdi. Hər imtahan olanda salonda tələbə əlindən tərpənmək mümkün olmurdu. Biz qeyri-adi tamaşalar göstərirdik. Və bu o dövr üçün çox maraqlı idi. Və beləcə teatrın təməli qoyuldu”.

Elman Rəfiyevin sözlərinə görə, universiteti bitirənə qədər, yəni 1992-ci ilə qədər teatr güclənməyə başlayır. Universitet illəri başa çatandan sonra teatrın fəaliyyəti üçün müəyyən maliyyə olmasa da, Bəxtiyar Xanızadə tələbələrə azacıq səbrli olmağı tövsiyyə edir. Bildirir ki, “teatrdan uzaq qalmayın, vaxt olacaq Pantomima teatrı fəaliyyət göstərəcək”.

Və beləcə, teatr 1994-cü ilin fevral ayından orada fəaliyyətə başlayır. Bəxtiyar Xanızadə, bu teatr növünü tamaşaçıya təqdim etməyi çox arzulayırdı. Həmin dövrdə Teatr Xadimləri İttifaqının o zamankı sədri Həsən Turabov da teatrdan xəbər tutur. Və təklif edir ki, Azərbaycanda “Him-cim” Pantomim Festivalı keçirilsin. 1994-cü il mayın 16-da Bakıda böyük bir bayram keçirilir.

“Söz yox hər adam bunu qəbul etmirdi. Deyirdilər “nəyə lazım, çıxmısız səhnədə sözsüz oynayırsınız. Lal-kar oyunu oynayırsınız” və s. Bunu deyənlər də vardı, alqışlayanlar da. Amma Bəxtiyar müəllim, “hər şeyə hazır olmaq lazımdır” deyirdi” - deyə Elman Rəfiyev qeyd edir.

İllər keçir və Pantomim Teatrı tamaşaçı qəbul etməyə başlayır. Müxtəlif mövzulara toxunulan teatrda Bəxtiyar Xanızadənin “Nağaraçılar” tamaşası klassik nömrəyə çevrilir. Pantomim Teatrı deyəndə “Dambaladubal” yada düşür.

“Hər bir teatrda aktyorlar teatra gəlir, məşğul olur və istədikləri vaxt teatrdan ayrıla da bilirlər. Bəxtiyar Xanızadə bu teatrı yaradanda dedi ki, “Mən bu teatrı yaratmışam. Teatrın qapıları gələn və gedən üçün açıqdır”.

28 il ərzində ustadım Bəxtiyar Xanızadənin yanında çalışdım. Bu çalışmağım mənə böyük uğurlar gətirirdi. Bizim teatra gələn çox sayda aktyorlar teatrdan uzaqlaşdırlar və Azərbaycanda çox tanınmış sənət adamlarına çevrildilər. Azər Şabanov, Əsəd ismayılov, Rövşən İsax, Nicat Kazımov, Səyavuş Hüseynli və s. Bu teatrdan ayrılan hər kəs öz sözünü deyə bildi. Son dönəmdə ayrılan Qurban Mənsimov (əməkdar artist) hazırda Kukla Teatrının baş rejissorudur. Pərviz Məmmədrzayev (xalq artisti) Akademik Musiqili teatrın aktyorudur. Hər biri kənarda öz sözlərini deyə bildilər. Yəni bizim teatrdan ayrılan hamı öz sözünü deməyi bacardı. Bu da Bəxtiyar Xanızadınin bizim üzərimizdəki əməyinin nəticəsidir” - deyə Elman Rəfiyev bildirir ki, teatrda çox kollektivlər dəyişsə də 25 illik yubileydə Bəxtiyar Xanızadə çox gözəl jest edir. Və bütün teatrdan keçmiş aktyorlarımızın hamısnı səhnəyə yığdı.

Əməkdar artist qeyd edir ki, bu gün Pantomim Teatrına gələn tamaşaçılar sözlü tamaşa ilə də, işıq üzərində hazırlanmış tamaşa ilə də, tamaşa daxilində filmlə də qarşılaşa bilər: “Bu gün dünya teatrı bizdən nə istəsə edə bilirik”.

Teatrmızda çoxlu gənclərimiz var. Teatrın inkişafı üçün istedadlı gənclər lazımdır. Biz artıq yaşa dolmuşuq. Mən Pantomim teatrı yaranan gündən ordayam. Və mən bu gün qürur duyuram ki, bu teatrda fəaliyyət göstərirəm. Yolda gedəndə insanlar məni görəndə təbəsümlə deyirlər ki, “Pantomim gedir”. Bu, mənim üçün böyük şərəfdir” - deyən Elman Rəfiyev bu teatrda əməyi keçən hər kəsi bayram münasibətilə təbrik edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »