Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub

Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan proses hələ də davam edir. Rusiya istədiyini ala bilmədi. Bir çox rayonlardan geri çəkilməli oldu. Ukrayna isə hələ də sağ qalmaq üçün mübarizə aparır.

Amma digər tərəfdən NATO qəribə və münasibətləri gərginləşdirəcək işlərə start verib. Onsuz da Rusiya NATO-nun genişlənməsindən narahat idi, indi isə bu narahatçılıq ən yuxarı həddə çatıb. Putin isə bütün bu problemləri amerikalıların sözlərində dura bilməmələrində görür, o dövrün ABŞ Prezidenti Bill Klintonun ruslara verdiyi sözü hər mətbuat konfransında təkrarlayır: “Onlar bizə bunu etməyəcəklərinə dair söz verdilər, lakin NATO-nu genişləndirməkdə davam edirlər”.

Yeri gəlmişkən, onu da qeyd edim ki, amerikalıların verdikləri bu söz sadəcə, şifahi olaraq deyilmişdi və bununla bağlı ABŞ, yaxud NATO və Rusiya arasında hər hansısa rəsmi sənəd imzalanmamışdı. Təbii ki, sözü kağıza tikmirlər, amma görünür, illərlə KQB-nin ağ-qara koridorlarında saç ağardan Putin, ağızdan çıxan bu şifahi sözə olduqca sadəlövhlüklə yanaşıb. ABŞ rəsmiləri isə indi Rusiyaya belə bir söz verdiklərini xatırlamırlar…

Rusiya-Ukrayna məsələsi davam edərkən, ABŞ hələ də NATO-nu genişləndirmək üçün bir yol axtarışındadır. Finlandiyanın baş naziri Sanna Marin prezident Niinisto ilə Helsinkidə keçirdiyi birgə mətbuat konfransında Finlandiya Parlamentinin bir neçə gün ərzində qətnaməni təsdiq edəcəyinə ümid etdiyini bildirib.

Marin bildirib ki, həm Niinistonun, həm də özünün NATO üzvü olan ölkələrlə sıx əlaqələri olub. Qərardan əvvəl bu məsələnin hələlik parlament prosesi olduğunu xatırladan Marin daha sonra bildirib: "Bununla belə, inanıram ki, parlament bu tarixi qərarı qətiyyət və məsuliyyətlə müzakirə edəcək".

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu da məsələyə münasibət bildirib: “İsveç və Finlandiyanın NATO üzvlüyü və niyə buna qarşı olduğumuzu açıq şəkildə ifadə etmişik. Biz NATO-nun genişlənməsinin əleyhinə deyilik, bununla yanaşı, terrorizmi dəstəkləyən ölkələrin müttəfiq olmamalı olduğuna inanırıq”.

Prezident Ərdoğan da keçən həftənin cümə günü eyni sözləri söyləyib, ancaq bir qədər açıq: “NATO-nun niyə Rusiyanı qəzəbləndirəcək belə bir addım atdığını anlamaq mümkün deyil. Rusiyanın ən böyük problemi onların yanında bir NATO ölkəsinin olmasıdır. Rusiya bunun olmaması üçün zəmanət istəyir”.

Vaxtilə Putin Gürcüstan və Ukraynanın NATO-ya qatılmayacaqlarına dair Rusiyaya yazılı öhdəlik vermələrini istəmişdi, ancaq istədiyini ala bilməmişdi. Daha sonra hansı hadisələrin cərəyan etdiyinin şahidi olduq. Nəticə etibarilə, əgər ABŞ və NATO yaranmış gərginliyi azaltmaq istəyirlərsə, daha sakit və təmkinli davranmaq məcburiyyətindədirlər.

İndi isə izləyək, görək, ABŞ geri addım atacaq, yoxsa Rusiyanı daha da aqressivləşdirəcək?

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »