Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ generalı Ukraynanın qalib gəlməsi üçün planı açıqlayıb
ABŞ generalı Ukraynanın qalib gəlməsi üçün planı açıqlayıb

“Rusiyanın Ukraynaya qarşı müharibəsi uzun bir mərhələyə keçərsə, bu, qan tökülməsinə və gərginliyin daha da artmasına səbəb olacaq. Belə vəziyyətdə Çin də müharibəyə müdaxilə edə bilər. Ancaq Ukraynanı müasir silahlarla təmin etməklə bunun qarşısını almaq olar”.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu sözləri 1997-2000-ci illərdə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali komandanı, ABŞ ordusunun generalı Uesli Klark "Kiyev Təhlükəsizlik Forumu"nun xüsusi hərbi panelində çıxışı zamanı deyib.

O, bu ssenarinin qarşısını hansı yolla alına biləcəyini də bildirib. “Ukraynanın Donbassdakı Rusiya qoşunlarını sıxışdırmaq, onların Xerson bölgəsindəki qüvvələrini tədricən yox etmək, Krıma girişi bağlamaq lazımdır. Bununla yanaşı, iki istiqamətdə - şərqdə və cənubda hərəkət etmək üçün döyüş qabiliyyəti olmalıdır”,- deyə general bildirib. General Klark döyüş qabiliyyəti dedikdə, müasir silah və hərbi texnika, o cümlədən Amerika F-16 qırıcı təyyarələrini nəzərdə tutub.

"Bundan əlavə, mobil qoruyucu vasitələr əldə etməlisiniz. Sizə tanklar, MLRS, helikopterlər, "F-16" və s. lazımdır. Bunun üçün eyni zamanda müvafiq logistik imkanlar və müvafiq kəşfiyyat məlumatları lazım olacaq”,- deyə Uesli Klark əlavə edib. O, Ukraynanın bu fürsətdən istifadə edib NATO standartlarına keçməsi fikrinə də münasibət bildirib: “Ukrayna yüksək əxlaq normalarını, lazımi ruhu və motivasiyanı qoruyub saxlasa, həmçinin dost ölkələrdən lazımi texnika, silah, o cümlədən MiQ-35, digər növ helikopterlər və təyyarələr alsa, onda biz uzunmüddətli müharibə ssenarisindən qaça bilərik".

Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın martın 31-də ABŞ Konqresinə lazımi silahların siyahısını verdiyi deyilirdi. Siyahıda dronlar, artilleriya sistemləri və təyyarələr qeyd edilib. Bir neçə həftə sonra Amerikanın “New York Times” nəşri Vaşinqtonun Ukraynanın müraciətinə cavab verdiyini və Kiyevə 800 milyon dollar dəyərində yeni hərbi yardım paketini təsdiqlədiyini yazıb.

Aprelin 28-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna üçün kredit-icarə (lend-lease) proqramının həyata keçirilməsi ilə bağlı tarixi qərar qəbul edib. İndi ABŞ Ukraynanı təkcə silah, döyüş sursatı və texnika ilə deyil, həm də dərman, ərzaq və digər zəruri əşyalarla təmin edə biləcəklər.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »