Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada döyüşən Azərbaycan vətəndaşlarını cəzalandırmaq lazımdırmı?
Ukraynada döyüşən Azərbaycan vətəndaşlarını cəzalandırmaq lazımdırmı?

Bir müddət əvvəl deputat Fazil Mustafa jurnalistlərə açıqlamasında bildirib ki, Ukraynada döyüşən Azərbaycan vətəndaşları cəzalandırılacaqlar. Deputat qeyd edib ki, əgər azərbaycanlı Rusiya və ya Ukrayna vətəndaşıdırsa, bu ölkələrin qanunlarına uyğun olaraq orduya çağırılıbsa, yaxud könüllü dəstələrdə döyüşürsə, o zaman Azərbaycan qanunları ilə heç bir məsuliyyət daşımır.

“Ancaq Azərbaycan vətəndaşıdır və digər ölkənin ordusu, yaxud könüllülər dəstəsinə qoşularsa, müvafiq olaraq məsuliyyət daşıyacaq”,- deyə deputat əlavə edib.

Hərbi ekspert Ədalət Verdiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Birinci Qarabağ müharibəsində döyüşən çox sayda azərbaycanlılar ictimaiyyətə məlumdur. Onların arasında 3 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına da layiq görülüb. İkinci Qarabağ Müharibəsinə gəldikdə isə, o bildirib ki, İkinci Qarabağ müharibəsində döyüşən ukraynalıların ayrıca olaraq statistikasına rast gəlinmir.

Ədalət Verdiyev Ədalət Verdiyev

“İstənilən halda, əslən Ukraynalı olan Azərbaycan vətəndaşları öz vəzifə borclarını layiqincə yerinə yetiriblər. Belə faktlar yəqin ki, bundan sonra araşdırıldıqca üzə çıxacaq və müzakirə mövzusuna çevriləcək. Lakin eyni zamanda azərbaycanlıların da Ukraynada gedən hərbi əməliyyatlarda iştirakı barədə faktlar az deyil”,- deyə ekspert bildirib.

Onun sözlərinə görə, Ukrayna vətəndaşı olan hər bir azərbaycanlının Ukraynanın ərazi bütünlüyü, suverenliyi və müstəqilliyi uğrunda mübarizəyə qoşulması normal haldır. Lakin Azərbaycan tərəfindən qeyri-qanuni yollarla özgə ərazisində olan əməliyyatlarda iştirak etmək Azərbaycan qanunvericiliyinə görə qadağan olunur və buna görə, cinayət məsuliyyəti də nəzərdə tutulur: “İkinci Qarabağ müharibəsində iştirak edən azərbaycanlılardan da Ukrayna cəbhəsində həlak olanlara rast gəlirik. Lakin onların Azərbaycan və ya Ukrayna vətəndaşı olması barədə məlumata malik deyiləm”.

Ədalət Verdiyev həmçinin əlavə edib ki, keçən ayın əvvəlində isə Ukraynada yaşayan milli qəhrəmanımız Viktor Seryoginin ailəsi vəziyyətlə əlaqədar Azərbaycana təxliyə edildi və burada ona yaşaması üçün şərait yaradıldı.

“Hər iki xalq arasında - Ukrayna və Azərbaycan arasında olan tarixi bağlar, tarixi dostluq qardaşlıq münasibətləri bu gün də davam etməkdədir. Azərbaycan da dövlət olaraq Ukrayna kimi separatizmdən əziyyət çəkir. Ukrayna Azərbaycanın, Azərbaycan isə Ukraynanın ərazi bütövlüyünü tanıyır və bunu bütün beynəxlxalq platformalarda da dəstəkləyir. Azərbayanın Ukraynaya göstərdiyi humanitar yardımları da unutmalı deyilik”,- deyə ekspert qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »