Yaponiyanın baş naziri Fumio Kişida Avropa İttifaqı ilə birlikdə Rusiyaya qarşı sanksiyaları artırmaq niyyətində olduğunu açıqlayıb. Eyni zamanda artıq Rusiya neftindən də imtinaya qərar verilib.
Bizimyol.info xəbər verir ki, “AlJazeera” kanalı Yaponiya baş nazirinin bəyanatından sitat gətirib: “Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Şarl Mişel və Kişida Rusiyanı qınamağa davam edəcəklərini, müharibə və Moskvaya qarşı sanksiyaların tətbiq edilməsi ilə təhdid edilən enerji kimi sahələrdə əməkdaşlığın maksimum dərəcədə artırılmasını müzakirə edəcəklərini bildiriblər”,- nəşr yazır.

Yəni Yaponiya insanların və müəssisələrin mövcudluğuna mənfi təsirləri minimuma endirmək üçün zamanla Rusiya neftinin idxalını dayandıracağını açıqlayıb. Yaponiya enerji idxalından çox asılıdır. Belə ki, o keçən il xam neftin 4 faizini və qazın 9 faizini Rusiyadan təmin etmişdi.
ABŞ-ın əsas müttəfiqi olan Tokio Qərb ölkələrinin ardınca Rusiyaya qarşı bir sıra cəza tədbirləri, o cümlədən Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsini, Rusiya mərkəzi bankını və korporativ rəhbərləri hədəfə alan sanksiyalar tətbiq edib.
Xatırladaq ki, Yeni Zelandiya da Ukraynaya hərbi müdaxilə etdiyi üçün Rusiyaya qarşı sanksiyaları yeniləyib. Siyahıya VGTRK-nin (“Rossiya 1”, “Rossiya 24” və s. kanallar) rəhbəri Oleq Dobrodeyev, həmçinin kiberhücumlarda iştirak edənlər də daxil olmaqla rusiyalı təbliğatçılar əlavə edilib.
Hazırda Avropanın Rusiya qazı və neftindən asılı olması rəsmi Moskvaya qarşı iqtisadi təzyiqləri gücləndirməyə imkan vermir. Xüsusən də Almaniyanın Rusiyadan qaz asılılığı Rusiyaya qarşı total enerji embarqosu mövzusunda Avropanın yekdilliyinə mane olur. Bununla belə, Avropa ölkələri artıq Rusiya enerjisindən asılılığı aradan qaldırmaq üçün real addımlara keçiblər. Almaniya qarşıdan gələn qışı Rusiya qazı olmadan keçirməyin yollarını axtarır və buna nail olma ehtimalı da böyükdür.
İlahin, Bizimyol.info