Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günahkarın cəzasız, günahsızın cəzalı olduğu ölkədə jurnalist olmaq...
Günahkarın cəzasız, günahsızın cəzalı olduğu ölkədə jurnalist olmaq...

2005-ci il idi. Dedilər jurnalist Elmar Hüseynov yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Elmar Hüseynov kəskin araşdırmaları ilə tanınırdı. “Monitor” jurnalının baş redaktoru olan Elmar hakimiyyəti kəskin tənqid edən jurnalistlərdən idi. Aradan 17 il keçsə də, Elmarı qətlə yetirən şəxs tapılıb cinayət məsuliyyətinə cəlb edilmədi.

Rafiq Tağı ilə kitab təqdimatında tanış olmuşdum. O qədər sakit təbiətli bir insan idi ki... Heç kimə zərər verməyən, sözün düzünü deyən. 2011 ci ilin noyabrında naməlum şəxslər tərəfindən bıçaqlandı. Bıçaqlandıqdan sonra Rafiq Tağı jurnalistlərə müsahibə də vermişdi. Elə hesab edirdi ki, onu “İran və qloballaşma qaçınılmazlığı” məqaləsinə görə bıçaqlayıblar. Amma Rafiq müəllimin öldürülməsində MTN generalı Akif Çovdarovun da adı hallanırdı. Çünki Rafiq müəllim də o dövrdə hakimiyyəti sərt tənqid edən jurnalistlərdən idi. Öldürüləndə 61 yaşı vardı. Rafiq Tağının da qatili tapılıb cəzalandırılmadı…

Fotoqraf idi Rasim Əliyev. Bir neçə dəfə birlikdə reportajlarda olmuşduq. Sakit, səssiz, arıq çəlimsiz bir gənc… 2015-ci il.. Və bir gün eşitdim ki, Rasimi döyüblər. Döyülmə videosu internetdə yayılmışdı. Dəfələrlə, amma dəfələrlə baxdım videoya. Bu arıq, çəlimsiz gənci bir neçə nəfər vəhşicəsinə döymüşdü. Rasimi “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları döymüşdü. Nə var ki, Rasim Cavidin Kiprli jurnalistlə olan davranışını tənqid etmişdi. Döyüləndən bir gün sonra Rasim xəstəxanada dünyasını dəyişdi. Son danışıqları, sözləri bu gün də gözümün önündən getmir… Heç şübhəsiz ki, Rasimin də qatilləri cəzasız qaldı.

Ötən gün jurnalist Aytən Məmmədova yaşadığı binanın liftində təhdid edilib. Onu bıçaqla təhdid edən şəxs 3 ildir ölkə gündəmindən düşməyən məhkəmə prosesindən yazmamasını tələb edib və onu övladı ilə hədələyib. Hazırda Aytən Məmmədova ilə bağlı cinayət işi açılıb. Yəni onu təhdid edən şəxsin kimliyi araşdırılır.

Ümid edirik ki, Aytən üçün də "özü özünə xəsarət yetirib" deməzlər.  Axı bu ölkədə doğrunu deyən jurnalistsənsə və heç kimdən asılılığın yoxdursa, mütləq bir yolunu tapıb səni aradan götürməyə hazır qüvvələr var.

  • Görəsən, ölkə başçısının nəzarətə götürdüyü Nərmin cinayətində maraqlı tərəf, həm də jurnalisti təhdid edəcək qədər “əliuzun” bu şəxs kimdir ki?
  • Görəsən, cinayəti işləyib, günahı İlkin Süleymanova yükləyən bu şəxsin məqsədi nədir?
  • Nərmin cinayəti baş verən gündən hamıya bu məsələ qaranlıq idi. Cinayətkarın İlkin olmadığını çox adam düşünürdü. Bəs bu balaca qızı qətlə yetirən qatil jurnalistdən nə istəyir? Bəlkə cinayətinin üzə çıxacağından qorxur?
  • Bu qatil hər kimdirsə, ona demək lazımdır ki, tək Aytəni susdurmaqla Nərmin cinayətindən yazan onlarla jurnalisti susdura biləcəyinimi düşünürsən?

Çox düşünülməmiş bir addımdır, jurnalistə hədə-qorxu... Və bu gün Azərbaycanda neçə-neçə jurnalist tənqid edilir, təhdid edilir, şantaj edilir… Neçə-neçə jurnalistin həyatına müdaxilə edilib, onların şəxsi videoları paylaşılıb. Bu jurnalistlərə qənim kəsilənlər öldürdüyünü öldürür, öldürə bilmədiyinin də şəxsi həyatına burun soxaraq qələmini gücdən salmağa çalışır.

Hüquq-mühafizə orqanları isə, sadəcə Elmarın, Rafiq Tağının, Rasimin cinayətində olduğu kimi işi yubandırıb bağlayır. Yəni sanki bu insanlar heç olmayıbmış kimi… Bu yerdə Heydər Əliyevin sözləri yadıma düşür. O deyirdi ki, "dövlət iki şeydən sarsıla bilər, cinayətkar cəzasız qalanda və günahsıza cəza veriləndə…" İndi bu şərtlərin hər ikisi gündəlik normaya çevrilib.

Keçmiş Daxili İşlər Naziri Ramil Usubovun dövründə baş verən cinayətlər bu gün də açılmamış qalır. Bu gün baş verən cinayətlərin açılması üçün isə, üzümüzü Vilayət Eyvazova tuturuq. Aytənin başına gələnlərdən heç kim sığortalanmayıb. Bu sabah mənim də, digərlərinin də başına gələ bilər. Cinayətkar cəzasız qalan zaman daha yeni cinayətlərə əl atır. Çünki bilir ki, yenə cəzasız qalacaq.

Şəxsi həyatımızla, övladlarımızla hədələniriksə, yenə üzümüzü illərlə ümidimizi qıran və jurnalistlərin başına gələn hadisələri araşdırmadan qapadan hüquq-mühafizə orqanlarına tutmalı oluruq. "Könlü balıq istəyənin, ayağı suda gərək" deyimiylə desək, biz jurnalistlər də bu gün bu vəziyyətdəyik…

Məhz hüquqlarımız qorunmadığına görə, bu gün ölkədə söz deyə bilən bütün jurnalistlər ölkədən kənarda öz sözünü deməyə çalışır. Çünki hüquqlarımızı heç kim qorumur. Çünki bilirik ki, öldürülsək belə, uzağı haqqımızda yeni cinayətlər baş verdiyi zaman danışacaqlar, o qədər…

Bu gün Aytəni tanısaq da, tanımasaq da, hamımız müdafiəsinə qalxmalıyıq ki, sabah eyni vəziyyəti yenə yaşamayaq…

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »