Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məktəbin vəzifəsi Azərbaycançılıq hissini üzə çıxarıb inkişaf etdirməkdir"
"Məktəbin vəzifəsi Azərbaycançılıq hissini üzə çıxarıb inkişaf etdirməkdir"

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etmək, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbul etmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlamaqla yanaşı, həm də onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını təmin etməkdən ibarətdir.

“Heç də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək, milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq təhsil sisteminin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilib. Bununla belə, elə hisslər var ki, insana qanla, genlə keçir. Məktəbin vəzifəsi bu hissləri üzə çıxarmaq və daha da inkişaf etdirməkdir. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Bu mənada vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir”.

Bu barədə Bizimyol.info xəbər portalına təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov danışıb. Onun sözlərinə görə, təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Məktəbin və müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.

Nadir İsrafilov Nadir İsrafilov

“Kim bilməsə də, pedaqoji prosesin bilavasitə iştirakçıları olan hər bir təhsil işçisi bilir ki, daha doğrusu, bilməyə borcludur ki, məhz pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühim amilidir. Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Yəni təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır” - deyən ekspert vurğulayıb ki, tərbiyə prosesinin vacib tərkib hissəsi kimi vətənpərvərlik yeni müstəvidə özünü bir daha təsdiqləyib.

Ekspertin sözlərinə görə, əzəli torpaqlarımız, ərazi bütövlüyümüz uğrunda gedən, Vətən müharibəsi xarakteri alan ordumuzun xilaskarlıq savaşında həm ölkə daxilində, həm də xaricdə yaşayan vətəndaşlarımız birlik və həmrəylik nümayişi, dünyaya Azərbaycan, Qarabağ həqiqətlərini çatdırmaq üçün ön cəbhədəki əsgərlərə, eləcə də düşmən hücumu nəticəsində zərər çəkən ailələrə hərtərəfli dəstəyi ordumuza uğurlu əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbələr endirməsi fonunda xalqımızın ruh yüksəkliyini, vətənpərvərlik hissini bir qədər də artırmış oldu.

“İşğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz əhval ruhla səfərbərliyə qoşulanların sırasında müəllimlər, digər təhsil sahəsi ilə bağlı işçilərinin də olması, paytaxtdakı və bölgələrdəki ümumitəhsil müəssisələri kollektivlərinin Azərbaycan Ordusuna dəstək aksiyaları, xeyli sayda pedaqoji ictimaiyyət nümayəndələrinin hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün könüllü olaraq səfərbərlik xidməti orqanlarına gəlib hərbi toplanışlara cəlb olunması ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadəsi, qürur hissi ilə səciyyələnən vətənpərvərlik tərbiyəsinin yeni müstəviyə keçməsinin bariz nümunəsi idi” - deyən Nadir İsrafilov bildirir ki, bu mənada, yeni hazırlanacaq tarix dərsliklərində Azərbaycan əsgərlərinin, zabitlərinin və mülki şəxslərinin qəhrəmanlıq nümunələrinə xüsusi diqqət yetirmək lazım gələcək. “Azərbaycan tarixi” fənni ilə yanaşı, “Zəfər tarixi” və “Ortaq Türk tarixi” kurslarına da yeni baxış və fərqli yanaşma zərurəti yarandı. Bununla belə bayraq, himn kimi atributlara münasibətdə, məktəblilər arasında vətənpərvərliyi, dövlətçiliyi, Türkçülüyü təbliğ etməkdə qardaş Türkiyədən öyrənəcəyimiz hələ çox şey var...

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »