“Bu gün Azərbaycan tarixşünaslığında İkinci Dünya müharibəsi dövrünə həsr olunmuş kifayət qədər mövzular var ki, onların yenidən nəzərdən keçirilməsinə və araşdırılmasına ehtiyac var. Azərbayan milli diviziyalarının yaranması tarixi və keçdikləri döyüş yolu, azərbaycanlıların Sovetlər İttifaqında və Avropa ölkərində partizan və müqavimət hərəkatında iştirakı, respublikamızın qələbəyə verdiyi töhfə həmin mövzular arasında xüsusi yer tutur”
Bu barədə Bizimyol.info xəbər portalına tarixçi, tarix üzrə fəlsəfə dokrotu, dosent İlqar Niftəliyev danışıb. Onun sözlərinə görə, 1920-1938-ci illərdə Qırmızı Ordunun elə hissələri var idi ki, onlar milli-ərazi prinsipi ilə formalaşırdı. İttifaq respublikaların yerli əhalisi milli-atıcı ərazi diviziyalarında xidmət edirdilər. Silahlı qüvvələrdə xidmət edən azərbaycanlılar, əsasən respublika ərazisində yerləşən Orconikidze adına 77-ci Azərbaycan dağ-atıcı diviziyasında hərbi xidmət keçirdilər.
“1939-cu ildə “Ümumi hərbi xidmət haqqında” qanun qəbul edildi. Qanun hərbi xidməti sinfi və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların şərəfli vəzifəsi elan etdi. Milli prinsipdən çox millətli nizami orduya keçidlə bağlı Xalq Müdafiə komissarlığının 16 iyul 1940-cı il tarixli 0150 nömrəli qərarı ilə 77-ci diviziyanın adından “Azərbaycan” sözü götürüldü. Bundan sonra, azərbaycanlılar, ölkənin digər millətlərinin əksər nümayəndələri kimi, başqa respublikalarda hərbi xidmət keçirdilər. Ümumi hərbi mükəlləfiyyətin tədbiqi gələcək ağır sınaqlar qarşısında azərbaycanlıların hərbi hazırlığının yaxşılaşdırılmasına kömək etməli idi. Bundan başqa respublikadan kənarda hərbi xidmət azərbaycanlıların rus dilini mənimsəməsi üçün faydalı ola bilərdi. Təcrübə göstərdi ki, müharibə illərində bu problem böyük əhəmiyyət kəsb edirdi. Lakin bu yeniliklər çox gec qəbul edildiyi üçün müharibədən əvvəlki illərdə azərbaycanlıların böyük hissəsi, hərbi vərdişlərə dərindən yiyələnə bilmədilər. Bu qüsur, müharibə illərində özünü büruzə verdi. Müharibənin ilk aylarında Qırmızı Ordunun ağır məğlubiyyətləri Sovet rəhbərliyini milli hərbi hissələr ideyasına yenidən qayıtmağa məcbur etdi.
Dövlət Müdafiə Komitəsinin 11 avqust 1941-ci il tarixli qərarına əsasən Zaqafqaziya Hərbi dairəsində 15 piyada diviziyanın yaradılması nəzərdə tutulurdu; Gürcüstanda - 6, Azərbaycanda - 6, Ermənistanda isə 3. Ehtiyac olduqca, 1904-1895-ci və 1922-1923-cü illər təvəllüdlü vətəndaşların orduya çağırışı nəzərdə tutulmuşdu” - deyə tarixçi bildirir.
İ.Niftəliyev qeyd edir ki, beləliklə, milli hərbi hissələrin və birləşmələrin formalaşması prosesi başlandı. Azərbaycan SSR ərazisində ilk belə diviziyalar 1941-ci ilin avqustunda- 396-cı (Qusarda), 398-ci (Gəncədə), 400-cü (Yevlaxda), 402-ci (Xankəndində), 404-cü (Bakıda) - yaranmağa başlandı. 223-cü diviziya 1941-ci ilin oktyabrında, 416-cı və 271-ci diviziyalar isə 1942-ci ildə yaradıldı.
Milli diviziyaların vaxtında formalaşması, yerləşdi-rilməsi və respublikanın daxili imkanları hesabına lazım olan hər bir şeylə təmin edilməsi üçün məsuliyyəti həmin hərbi hissələrə təhkim olunmuş Azərbaycan KP MK-nın katibləri, həmçinin bu birləşmələrin formalaşdığı bölgələrin partiya katibləri, eləcə də qonşu ərazilərin katibləri daşıyırdılar: “Azərbaycan SSR-də milli diviziyaların təşkili heç də o demək deyildi ki, onun tərkibi yalnız azərbaycanlılardan ibarət olacaqdı. Ermənistandan və Gürcüstandan fərqli olaraq (həmin respublikalarda titul millətin nümayəndələri əhalinin orta hesabla 70- 80% -ni təşkil edirdi) Azərbaycanda müharibə ərəfəsində respublika əhalisinin milli tərkibində azərbaycanlıların payı 58.4% təşkil edirdi (10,s.200). Bu da öz növbəsində Azərbaycan hərbi hissələrinin milli tərkibinin formalaşmasına öz təsirini göstərdi və burada titul xalqın nümayəndələrindən əlavə ruslar, ukraynalılar, belaruslar, ermənilər, tatarlar, yəhudilər, gürcülər və s. vardı. Üstəlik, azərbaycanlıların milli hissələrə səfərbərliyi təkcə Azərbaycan SSR-də deyil, qonşu respublikalarda - Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də aparılmışdı”.
Və 1942-ci il dekabr ayının sonunda 77-ci diviziyada 7,966 nəfərdən 4,429 və ya 56% azərbaycanlı idi; 1944-cü ilin aprelinə qədər isə həmin diviziyada 7,300 nəfərdən yalnız 898 və ya 12% azərbaycanlı vardı . 1943-cü ilin aprelində 402-ci diviziyada 9.855 nəfərdən 5220 və ya 55% azərbaycanlı idi; 1942-ci ilin sentyabr ayına olan məlumata görə 271-ci diviziyanın tərkibində azərbaycanlılar 70% təşkil edirdilər.
Yarandığı dövrdə 416-cı diviziyada 11050 azərbaycanlı, 291 rus, 225 erməni, 110 gürcü, 99 ukraynalı, 72 tatar, 28 yəhudi, 23 belarus, habelə digər millətlərin nümayəndələri vardı. 1943-cü ilin 1 yanvar tarixinə 223-ci diviziyada azərbaycanlıların payı 86,1%, 1943-cü ilin 1 iyul tarixinə 24.6%, 1944-cü ilin 1 yanvar tarixinə 19.4%, 1944- cü ilin 1 iyul tarixinə isə cəmi 11.2% təşkil edirdi.
“Müharibə başlayandan sonra tələm-tələsik toplanmış milli diviziyaların şəxsi heyətinin xeyli hissəsi hərbi xidmət üçün yararsız idi.
Əsgərlərin böyük əksəriyyəti hərbi təcrübəsi və müasir hərbi texnika ilə tanış olmayan, orta təhsili belə olmayan insanlar idi. Üstəgəl milli hissələrin zabit korpusunun əsasən slavyan xalqlarının nümayəndələ rindən ibarət olması burada xidmət edən insanların hərbi işə yiyələnməsini çətinləşdirirdi və beləliklə döyüş ehtiyatlarının hazırlanması prosesini ləngidirdi. Buna görə də şəxsi heyətlə öz ana dilində iş qurmaq vacib idi. Çağırışçılar arasında rus dilini yaxşı bilməyən və ya ümumiyyətlə bilməyən kifayət qədər əsgər vardı. Həmin illərin çoxsaylı arxiv sənədləri milli diviziyalarda əsasən slavyan millətindən olan komandirlərin qeyri-slavyan mənşəli əsgərlərə qarşı etinasız münasibətini subut edir. Bu hal xüsusilə müharibənin ilk illərində özünü büruzə verirdi. Rəhbər komanda heyəti arasında belə bir fikir geniş yer almışdır ki, qeyri-slavyan millətindən olan kadrlar döyüşə bilmirlər və istəmirlər. Qafqaz xalqlarından olan əsgərlərə münasibətdə məkrli-istehza ləqəblərindən (qıvrımlı, qara rəngli və s.) istifadə geniş yer almışdı. Azərbaycanlıların, gürcülərin, ermənilərin, özbəklərin və digər qeyri-slavyan xalqlarının döyüş qabiliyyətinin aşağı olması haqqında fikirlər sıravi döyüşçülər arasında da yayılmışdı. Slavyan millətindən olmayan, xüsusən də rus dilini bilməyən döyüşçülərə qarşı münasibət bəzən qəbuledilməz dərəcədə təkəbbürlü və kobud idi. Bu münasibət isə haqlı olaraq qarşı tərəfin qəzəbinə səbəb olurdu. Rus dilini yaxşı bilməyən azərbaycanlı əsgərlər bəzən qarşılarında qoyulan vəzifələri və onlara ünvanlanan əmrləri başa düşmürdülər. Bu isə qarşılıqlı ədavətə səbəb olurdu. Bu cür vəziyyət slavyan millətindən olan zabitlərin kobudluğu və tətbiq olunan cəzaların şiddəti ilə daha da mürəkkəbləşirdi”. Məhz bu səbəbdən qeyri-slavyan millətindən olan əsgərlər arasında, xüsusilə də müharibənin ilk illərində ölümdən xilas olmaq üçün fərarilik, özünü qəsdən odlu silahdan açılmış atəşlə yaralamaq və s. hallarına tez-tez rast gəlmək olardı”,- deyə tarixçi qeyd edib.
İlahin, Bizimyol.info