Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tərk edilmiş və ya istəyini əldə etməyən kişinin gözünə heç nə görünümr"
"Tərk edilmiş və ya istəyini əldə etməyən kişinin gözünə heç nə görünümr"

“Bizdə evdən gəlinliklə çıxıb, kəfənlə qayıdarlar”… Hələ uzun illər əvvəl eşitmişdim bu ifadəni. Deyilirdi ki, əgər ailə həyatı qururamsa, ata evindən gəlinliklə çıxıramsa, boşana bilmərəm, geri dönmək istəsəm, ancaq həmin evə mənim cənzaəm qayıda bilər. Yəni ailə qurdunsa, ayrılmamalısan… Sonradan eşitdiyim bu ifadənin necə yerini aldığını da gördüm. Ata evindən gəlinlə çıxan qız üçün boşanmaq istəsə, ayrılmaq istəsə, əksər ailələrdə ata evinin qapısı birdəfəlik bağlanırmış… Ya həmin qızdan ailəsi imtina edirmiş, həyatı tək yaşamalı olurmuş, ya da, boşanmaq istədiyi əri tərəfindən öldürülürmüş…

Ötən günlərdə Sumqayıtda boşanmaq istəyən 41 yaşlı qadının 13 bıçaq zərbəsi ilə öldürülməsi xəbərini öyrəndiyim zaman, illər əvvəl eşitdiyim o ifadə yenidən yadıma düşdü. Novxanı bağları adlanan ərazidə 1981-ci il təvəllüdlü İsgəndərova İlahə Nurəddin qızı 13 bıçaq zərbəsi ilə qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı saxlanılıb.

Bir neçə gün əvvəl, başqa bir qadının fəryadına şahid olduq. Belə ki, mayın 4-də Xətai rayonu General Şıxlınski 1-a ünvanında 1991-ci il təvəllüdlü Nadirova Jaləni həyat yoldaşı Heydər Nadirov bıçaqlayıb. Qarın nahiyyəsindən bir bıçaq zərbəsi alan qadın, hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunur. Hadisədən bir detal da budur ki, qadın ərindən 5 ay əvvəl ayrılıb və boşanmaq üçün məhkəməyə müraciət edib. Qadının bu addımı, kişini əsəbləşdirib və o, qadından intiqam almaq fikrinə düşüb. Hadisədən sonra Heydər Nadirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Baş verən hadisələr göstərir ki, hələ də Azərbaycan cəmiyyətində mədəni şəkildə, dost kimi ayrılmaq və ya boşanmaq mümkün deyil. Azərbaycan kişisi ayrılmaq və ya boşanmaq məqamında xatırlamağa başlayır ki, qarşısında illərlə əziyyət verdiyi qadın onunla bir həyatı paylaşan qadındır və onu kiməsə vermək, ondan imtina etmək istəmir. Bunun əvəzində onun ölümünü arzulayır. Yəni “başqasının olunca, qara torpağın olsun” təfəkkürü ilə hərəkət etməyə başlayır, Azərbaycan "kişi"si. Bu isə, hər il 100-ə qədər qadının ölümü deməkdir.

Bəzi dövlət qurumları Azərbaycanda qadın qətllərini digər ölkələrlə müqayisə edərək, o qədər də çox olmadığı iddiasını irəli sürsə də, reallıq odur ki, hər il 100-ə yaxın qadının vəhşicəsinə öldürülməsinə şahid oluruq. Cinayətkarlar həbs olunur, cəzasını çəkir. Amma onlar yenidən azadlığa çıxıb həyatını davam edə bilir. Öldürülən qadının isə, həyatı elə həmin gün bitir. Bu reallığı görən, başa düşən döclət qurumları da susmaqda davam edir.

Bəlkə də qadın qatillərinin cəzasını elə ağırlaşdırmaq lazımdır ki, qadın öldürülən gün qatil üçün də həyat "bitsin". Bəlkə belə olarsa, Azərbaycan kişisi bir zamanlar “sevdiyi” bir həyatı paylaşdığı qadını öldürmək fikrindən daşına bilər.

Psixoloqlar hesab edir ki, bəzən kişilər o qədər aqressivləşir və affekt halında düşə bilir ki, onun gözünə nə cəza, nə qətldən sonrakı vəziyyət önəmli olmur. Psixloq Nərmin Abdullayeva Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, bir insanı öldürmək asan proses deyil. Və qatil, qurbanını öldürməmişdən öncə bu barədə illərlə düşünüb plan qura bilir. Yəni ənənəvi qadın qətlləri bir günə verilmiş qərarla, ani qərarla həyata keçirilmir. Qatillər bunun üçün zamanla araşdırır, oxuyur və məlumatlı olduqdan sonra bu addımı atırlar.

“Bəzən qısqanclıq o qədər güçlü həddə çatır ki, kişi qətlədən sonrakı prosesləri bildiyi halda onun üçün önəmli olmur. Əsəb, aqressiya, hirs, cəzalandırmaq, qisas almaq, aşağılamaq,güc tətbiq etmək, dedi-qodu çıxarmaq… Bu tərk edilmiş və yaxud istəyini əldə edə bilməyən kişilərin psixikasında yaranan duyğulardır. Tərk edilmiş və yaxud istəyini əldə edə bilməyən kişinin gözünə heç nə görünümr. O qadını məhv etmək üçün özünü belə məhv etməyə hazırdır. Onu nə insanların düşüncəsi maraqlandırmır, nə ona veriləcək cəza. Məqsəd birdir, o qadını itirməmək” - deyə psixoloq qeyd edib.

Ekspertin sözlərinə görə, bu itirməmək istəyi heç də sevgidən irəli gəlmir. Sevən kişi qadını başa düşür və sakitcə ayrılmağı, onu itirməmək üçün dost qalmağı bacarır. Ürəyində “bəlkə yenidən qovuşarıq” ümidi qalır. Buna görə, qadınla daha mehriban davranmağa başlayır. Ayrılsa belə, daha çox zaman ayırmağa çalışır, uşağı varsa daha çox diqqət göstərir, itirmək istəmədiyi qadına kiçik hədiyyələr edir. Və hətta onun xoşbəxt olması üçün tamamilə geri çəkilə biləcəyini də etiraf edir.

“Qadın elə varlıqdır ki, onu sevgi ilə, əzizləməklə, diqqətlə ram etmək mümkündür. Məcburiyyətlə, zorla heç bir qadını əldə etmək mümkün deyil. Bu, göründüyü kimi çox zaman qətllə cinayətlə başa çatır. Müşahidələr göstərir ki, son dövrlərdə kişilər itirmək üzrə olduqları qadınla sakit şəkildə, mehribancasına davrana bilmir. Qadını sıxmaq olmaz, əksinə ona hiss etdirmək lazımdır ki, “sən azadsan, istədiyin zaman gedə bilərsən, amma istəsən hər zaman yanındayam”… Qadın sevildiyini hiss etdiyi heç bir kişidən getməz!” - deyə psixoloq bildirir. Onun sözlərinə görə, qadın qatilləri olan kişilər həyat yoldaşlarını, “sevgililərini” sevdikləri üçün deyil, çarəsizlikdən, itirməkdən qorxduqları üçün və ya sevməyi bacara bilmədikləri üçün öldürürlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »