“Avropa ölkələri Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinə həbs qoymaq və müharibədən sonra Ukraynanın bərpası üçün onlardan istifadə etməyi düşünməlidir”.
Bizimyol.info xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə müsahibəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib. O, qeyd edib ki, Mərkəzi Bankın beynəlxalq ehtiyatlarına məhdudiyyətlər Ukraynaya genişmiqyaslı işğaldan sonra qoyulub.

Rusiya Federasiyası, qızıl-valyuta ehtiyatlarının təxminən 300 milyard dollarının dondurulduğunu bəyan edib. Josep Borrell hakimiyyətin Talibana keçməsindən sonra ABŞ-ın Əfqanıstanın Mərkəzi Bankına etdiyi kimi, bu aktivlərlə eyni şəkildə məşğul olmağı məntiqli addım hesab edir.
"Mən bunun çox tərəfdarıyam, çünki bu addım tamamilə məntiqlidir", - deyə o, bildirib. Borrel xatırladıb ki, bu ilin fevralında terror qurbanlarına potensial yardım və Əfqanıstan xalqına humanitar yardım üçün milyardlarla dollar vəsait ələ keçirilib.
"Rusiyanın ehtiyatları ilə oxşar hərəkətləri nəzərdən keçirmək məntiqli olardı", - deyə Borrel bildirib. Onun sözlərinə görə, Aİ ölkələri müharibədən sonra Rusiyanın dondurulmuş valyuta ehtiyatları hesabına Ukraynanın bərpası məsələsinə baxmalıdır.
“Kimsə mənə izah etməlidir ki, niyə bunu əfqan pulu ilə etmək olar, Rusiya pulu ilə yox?”, - deyə diplomat qeyd edib.
“Financial Times”ın yazdığına görə, Avropa ölkələri hələlik bu istiqamətdə heç bir addım atmayıb.
Qeyd edək ki, Aİ siyasətçiləri Rusiya oliqarxlarının dondurulmuş aktivlərindən Ukraynanın müharibədən sonra infrastrukturunun bərpası üzrə işlərin maliyyələşdirilməsi üçün istifadə imkanlarını nəzərdən keçirirlər.
Bir müddət əvvəl, Böyük Britaniyanın baş naziri rusiyalı oliqarxların əmlakı hesabına maliyyələşdiriləcək “Ukrayna üzrə Marşal planı”nın hazırlanmasına çağırış etmişdi. Kanada hökuməti isə sanksiyalar altında rusların ələ keçirilən aktivlərini satmaq hüququna malik olmaq üçün qanuna dəyişiklik etməyi planlaşdırır. Əldə edilən vəsait Rusiyanın işğalından əziyyət çəkən Ukraynanın bərpasına sərf olunacaq.
Tərcümə: İlahin, Bizimyol.info