"Qara dənizdəki enerji ehtiyatları dünyanın 45 il ərzində təbii qaza olan tələbatını ödəməyə kifayət edər".
Bizimyol.info xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, keçmiş baş nazir Binəli Yıldırım bu gün çıxışı zamanı deyib.
"Qara dənizin təbii qaz ehtiyatları hazırda 540 milyard kubmetr qiymətləndirilir. Bu, hələ başlanğıcdır, davamı olacaq. Qara dəniz 45 il ərzində dünyanın qaz ehtiyacını ödəməyə qadirdir”, - deyə keçmiş baş nazirə istinadən “Sözcü” qəzeti məlumat yayıb.

Türkiyə hakimiyyəti 2020-ci ildə Qara dənizdə böyük qaz ehtiyatlarının aşkarlandığını açıqlayıb. Ən böyük qaz yatağı hesab edilən Sakaryada ehtiyatlarının o zamankı etimallara görə, 400 milyard kubmetri keçdiyi bildirilirdi.
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz "May" jurnalına müsahibəsində bildirib ki, bu yatağın istismara 2023-cü ilin əvvəlində başlamaq və qaz hasilatını 40 milyon kubmetrə çatdırmaq planlaşdırılır: “Biz qaz hasilatına, ehtimal ki, gələn ilin birinci rübündə başlamaq niyyətindəyik. İlkin mərhələdə sutkada qaz hasilatı 10 milyon kubmetr olacaq. Növbəti üç-dörd il ərzində isə biz həcmi müvafiq olaraq sutkada 40 milyon kubmetrə çatdırmağı planlaşdırırıq və illik qaz hasilatının həcmi də növbəti illərdə artırılacaq”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, daha əvvəl Türkiyə Sakarya yatağının işlənməsi layihəsinə 10 milyard dollara yaxın investisiya yatırılması barədə məlumat verilib. Buradan da ildə təxmini hesablamalara görə 14 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur.
Qadir, Bizimyol.info