Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Vergi Xidməti: "Qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir"
Dövlət Vergi Xidməti: "Qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir"

Son zamanlar etibardan sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədilə ayrı-ayrı vətəndaşların adlarına müxtəlif hüquqi şəxslərin təsis edilməsi ilə bağlı hallara rast gəlinir.

“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində aparılan araşdırmalar zamanı müəyyən olunub ki, əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılır və onlardan etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə adlarına müxtəlif hüquqi şəxslər təsis edilir, qanunsuz əməliyyatlar aparılır və nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğlərdə vergi borcu yaranır”.

Bu barədə Bizimyol.info xəbər portalının sorğusuna Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, bu halda həmin hüquqi şəxslərin dövlət büdcəsinə borcu olduğuna görə, formal olaraq təyin edilmiş “direktor”un məhkəmə qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır, dövlət büdcəsinə xeyli miqdarda vergi borcu yarandıqda isə həmin hüquqi şəxslər barəsində cinayət işi açılır.

“Məlumat üçün bildiririk ki, fiziki şəxslərin uçotu və hüquqi şəxslərin qeydiyyatı ilə bağlı, eləcə də ASAN imza sertifikatının əldə edilməsi üçün müraciətlər daxil olduqda, vergi orqanları tərəfindən müraciət edən şəxslərə sahibkarlıq fəaliyyəti üzrə işlərin aparılmasının digər şəxslərə etibarnamə ilə həvalə edilməsi zamanı onları hansı hüquqi nəticələrin gözlədiyi, hansı öhdəliklərin mövcud olduğu və bu öhdəliklərin icrası üzrə məsuliyyətin (o cümlədən vergi, inzibati və cinayət məsuliyyətinin) birbaşa özlərinə aid olduğu barədə ətraflı məlumat verilir.

Görünür ki, bir sıra hallarda vətəndaşlar özlərinin vergi ödəyicisi olduqlarını və şəxsən məsuliyyət daşıdıqlarını bilmir və ya qanunsuz sahibkarlıq fəaliyyətinin faktiki rəhbəri olan şəxslər tərəfindən qəsdən səhv məlumatlandırılırlar” - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadə etməsinə şərait yaratmamağa çağırır. Qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına alınmış elektron imza ilə təsis olunan hüquqi şəxslərin yaranmasına və hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar:

“Qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir. Vətəndaşlar bilməlidirlər ki, digər şəxslərə etibar etdikləri, yaxud 3-cü şəxslər vasitəsilə həyata keçirdikləri istənilən qeydiyyat prosesi, elektron imza onları gələcəkdə bu və ya digər şəkildə hüquqi məsuliyyətin subyektinə çevirir. Vətəndaş sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən dövlət orqanlarında qeydiyyat prosesi zamanı bu cür risklərin müəyyənləşdirilməsi mümkün olmur və bu halda bütün məsuliyyət elektron imzaya sahib olan vətəndaşın üzərinə düşür.

Müəyyən vədlər qarşılığında (pul, əmlak girovu və s), özünün elektron imzasını etibarnamə əsasında digər şəxsə təqdim edən vətəndaş vergi borcu, əmlak üzərinə həbs qoyulması, müflisləşmə ilə üz-üzə qala bilər. Bütün bunları nəzərə alaraq, vətəndaşlar digər şəxslərlə münasibətlərdə müxtəlif vədlərə inanmamalı, məzmununu anlıamadıqları sənədlərə imza atmamalı, onlara məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər”.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha vətəndaşları ayıq olmağa, etibarnamə verilməsinə biganə yanaşmamağa və şəxsi məlumatların 3-cü şəxslərə etibar edilməsində maksimum ehtiyatla davranmağa çağırır. Tövsiyə olunur ki, vətəndaşlar onların adına elektron imza alınması ilə bağlı başqa şəxslərə etibarnamə verdikdə, onun ləğvi ilə bağlı notariat kontoruna, elektron imza sertifikatının qüvvəsinin dayandırılması ilə bağlı “Asan Sertifikat Xidmətləri Mərkəzinə (“Asan İmza” olduğu halda) və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq xidməti mərkəzlərinə (gücləndirilmiş elekton imza olduğu halda) müraciət etsinlər. Bununla yanaşı, vətəndaşlar etibardan sui-istifadə edilməklə aldadılmaları və onlara ciddi zərər dəyilməsi barədə müvafiq araşdırmanın aparılması üçün aidiyyəti üzrə müvafiq hüquq mühafizə orqanlarına müraciət edə bilərlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »