Türkiyədə himn çalındığı zaman hər bir vətəndaş harda olursa olsun, sayğı duruşuna keçərək, himni ifa etməyə başlayır. Bu ənənə uzun illərdir ki, davam edir. Azərbaycanda isə, belə ənənəyə rast gəlinmir.
- Azərbaycançılıq ideyası ölkə daxilində necə təbliğ edilir?
Eyni zamanda Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V qurultayında da, azərbaycançılıq ideyasının necə təbliğ edildiyi hiss edilirdi. Təbii ki, qurultayın keçirilməsində, qurultaya dəvətlərlə bağlı narazılıqlar oldu. Dünyanın müxtəlif ölkələrinə yaşayan azərbaycanlılar tədbirə dəvət edilmədikləri üçün öz etiraz səslərini ucaltdılar. Azərbaycançılıq ideyasının düzgün və əhatəli şəkildə təbliğ edilmədiyini iddia edənlər də var.
- Azərbaycançılıq ideyası ölkə xaricində necə təbliğ edilir?
Politoloq Turan Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə və Azərbaycan arasında, əslində bununla bağlı xüsusi fərq yoxdur. Bu, sadəcə olaraq fərdlərə bağlı bir məsələdir.

“Bu, insanların temperamentindən asılıdır. Elə insanlar var ki, himn çalındığı zaman əlini ürəyinə qoyur. Yəni bunu Türkiyə və Azərbaycan arasında fərq olaraq qiymətləndirməzdim. İnsanların özünü ifadəetmə tərzi fərqli ola bilər. Azərbaycanda hazırda azərbaycançılıq ideyası istiqamətində atılan siyasi addımlar və dövlət proqramı qənaətbəxşdir. Hər şeyə yaxşı demək olmaz. Çünki bu çatışmazlıqları görməzdən gəlmək demək olardı. Amma düşünürəm ki, azərbaycançılıq ideyası güclü olmalıdır. Dünyanın hansı ölkəsində olursa olsun, bir azərbaycanlı varsa, Azərbaycan onu qorumalıdır. Ondan bağlarını qoparmamalıdır. Bizi biz edən milli dəyərlərimiz, milli kimliyimizdir. Azərbaycan irili-xırdalı xalqların, etnosların məskunlaşdığı 2000 ildən artıq tarixə malik dinlərin vəhdət şəklində yaşadığı irqi, dini ayrıseçkilik kimi ideyaların uzaq olduğu bu istiqamətdə utopik adlandırılan ölkələr sinifindədir. Yəni əslində utopiya dediyimiz anlayışlar Azərbaycanda olub və bu gün də belədir. Məsələn bu gün dünyada yəhudilər demokratik sayılan Avropa ölkələrində 100 illərlə soyqırımlara məruz qalsa da, Azərbaycan 2500 ildən artıq yəhudilərin yaşadığı coğrafiyaya malikdir. Eyni zamanda xristianlığı, hinduizmi, zərdüştlüyü bura aid edə bilərik. Bu gün Azərbycan İslam dininin çoxluq təşkil etdiyi ölkələrdəndir ki, burada məzhəb fərqlilikləri radikal formada özünü təzahür etmir. Təbii ki, burada dövlət siyasətinin də mühim amili var. Çünki dövlətin atdığı siyasi addımlar vətəndaşların istər dünya görüşünə, istər bir-birinə baxış tərzinə təsir edir. Azərbaycançılıq ideyası özündə din,dil, irq, millət, cins fərqi etmədən bütün vətəndaşlarına ölkədaxili və ölkə xaricində yaşayan vətəndaşlarına etnik kimliyi daşıyan soydaşlarına qarşı bərabər hüquqludur”.
Politoloq qeyd edir ki, dnüyada bu gün qlobalistlərin və milli dövlətçilik anlayışı daşıyan şəxslər arasında mübarizə gedir.
“Mən qloballist insan deyiləm və milli dövlətlərin də əleyhinə deyiləm. Milli dövlətlər olub və hər zaman olacaq. Azərbaycançılıq ideyası qaldığı müddətdə qlobalizm dünyada hökm sürə bilməyəcək. Azərbaycançılıq ideyası müasir dünya siyasətində qlobalizmə qarşı dura biləcək ideyalardan biridir. Bu, radikal bir ideya deyil. Azərbaycan hər zaman dünyada sülhün tərəfdarı olub. Azərbaycançılıq siyasətinin də əslində özəyində bu durur” - deyə Turan Rzayev bildirib.
Politoloq bildirib ki, qurultaya dəvət edilmədiyi üçün narazı qalanlar olsa da, müqayisə etmək lazım gələrsə, bundan öncə keçirilən 4 qurultaydan ən mütəşəkkil və ən mükəmməl təşkil edilmiş bir qurultay olub.
Qurultayın Şuşa şəhərində keçirilməsini yüksək dəyərləndirən Turan Rzayev deyir ki, qurultaydan narazı olanlar üçün bu stimul olmalıdır.
“Yəni kimsə bu qurultayda iştirak etməyə bilər. Bu, normal qarşılanmalıdır. Bir də onu düşünmək lazımdır ki, qurultay Şuşa da keçirilməyə bilərdi. Həqiqətən azərbaycançılıq ideyasına sadiq insanlar düşünməlidir ki, onları iştirakı olmasa belə, qurultayın Şuşada keçirilməsi mühim bir hadisədir. Yəni bu tarixi hadisədir. Bu fakt özündə bütün narazılıqları aradan qaldırmalı və narazı olan şəxsləri belə razı salmalıdır” - deyə politoloq bildirib.
İlahin, Bizimyol.info

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.9. azərbaycançılıq ideyasının təbliği.