Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlkin Süleymanov: “Başıma qazan keçirib dəyənəklə vururdular, həssas yerlərimə elektroşok verirdilər”
İlkin Süleymanov: “Başıma qazan keçirib dəyənəklə vururdular, həssas yerlərimə elektroşok verirdilər”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları davam etdirilib.

Bizimyol.info xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki məhkəmə iclasında azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanov özü ifadə verib. O bildirib ki, Nərminin oğurlanmasının, öldürülməsinin ona heç bir aidiyyəti yoxdur.

Moskvada ali təhsil aldığını, bir müddət də orada işlədiyini deyən İlkin Süleymanovun sözlərinə görə, xeyli vaxtdır ki, Dondar Quşçu kəndində yaşlı valideynlərilə birlikdə yaşayırdı. 2019-cu il oktyabrın 12-də atası insult keçirdiyinə görə eyni kənddə yaşayan bacısı İlhamə Süleymanova o vaxtdan tez-tez onlara gəlib, atasına qulluq edirdi. Bacısı onlarda qaldığı müddətdə, yaxud da Bakıda yaşayan övladlarının yanına getdiyi dövrdə onun kənddəki evində qalırdı. Çünki darvazanın qıfılı olsa da, evin açar-kilidi olmayıb, üstəlik, həyətdə toyuq-cücə varmış: “Axşamlar gedirdim, səhər saat 10.00 radələrində gəlirdim”.

İlkin Süleymanov bildirib ki, Nərmini oğurladığı iddia olunan gün – 2019-cu il noyabrın 21-də də o, bacısının evində qalıb. İlhamə Süleymanovanın evi Nərminin əmisi Arif Quliyevgilin qonşuluğunda yerləşir. Nərmin itkin düşməmişdən öncə həmin əmisigilə gəlib: “Noyabrın 21-də axşam bacımgildə qalmışdım. Noyabrın 22-də səhər bacımgildən gələndə gördüm ki, Arifgilin qapısında polis maşınları var. Maraqlanmadım ki, nə məsələdi. Sonradan anam evdə dedi ki, sinif yoldaşın Şərifin ortancıl qızı Nərmin itkin düşüb. Mən o vaxta qədər nə Şərifin ortancıl qızını tanıyırdım, nə də adının Nərmin olduğunu bilirdim. Bircə böyük qızı Şəbnəmi tanıyırdım. 3-4 gün sonra küçədə Şərifi gördüm, uşağı soruşdum, dedi ki, xəbər yoxdur...”

İttihamda yazılıb ki, İlkin Süleymanov 47 gün ərzində Nərmini yaşadıqları evdə gizli saxlayıb, ona qulluq edib. Lakin o, ifadəsində bildirib ki, həmin müddətdə dəfələrlə Gəncəyə, Şəmkirə, Tovuzun müxtəlif kəndlərinə toy, yas mərasimlərinə gedib. Onun sözlərinə görə, məsələn, Tovuzda “Fidan” şadlıq sarayında keçirilən toy məclisində pul siyahısını yazmaq ona həvalə edildiyindən həmin gün gecə saat 1 radələrində evə qayıdıb. Onu toy sahibi taksi ilə evlərinə göndərib.

İlkin Süleymanov 2020-ci il yanvarın 6-da yaşadığı evin qarşısında dərəlik ərazidə yanan meyiti necə görməsi haqda da danışıb: “Mən valideynlərim görməsin deyə, siqareti keçədə çəkirəm. Həmin gün gündüz Gəncəyə yas yerinə getmişdim. Axşam 7 radələrində yemək yeyəndən sonra siqaret çəkmək üçün qarvazanın qarşısına çıxdım. Onda gördüm ki, dərə tərəfdə, Nazim dayının hasarının yanında nəsə yanır. Ora tərəf qaçdım. Çünki orada bir müddət əvvəl yanğın olmuşdu, meyvə, qoz ağacları ziyan görmüşdü, yanmışdı. Aralarında bizim də ağaclar vardı. Qorxdum ki, yenə ağaclara ziyan dəyər. Baxanda adam ayağı, ayaqqabı gördüm. Ora ən yaxın Nazim dayıgil idi, ona görə onlara qaçdım, qapını döymədən içəri girdim. Dedim, deyəsən, adam yanır...”

Nazim Vəliyev gələn kimi qonşuluqda yaşayan Murad Süleymanovu çağırıblar. O, həm İlkin Süleymanovun əmisi oğludur, həm də həmin dövrdə Tovuz rayon Polis Şöbəsinin Post-Patrul Bölüyünün əməkdaşı idi. O isə dərhal bölüyün komandirinə zəng edib. Dərhal hadisə yerinə Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov və müavini Şahlar Cəfərov gəlib.

İlkin Süleymanovun sözlərinə görə, elə həmin gün – 6 yanvar 2020-ci ildə onu Tovuz rayon Polis Şöbəsinə aparıblar. Dörd gün ərzində şöbədə müxtəlif formada psixoloji və fiziki təzyiqlərə məruz qaldığını deyən təqsirləndirilən şəxs ona təzyiq göstərən vəzifəli şəxslərin də adlarını çəkib. Onların arasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin rəisi Kamal Qılıcov, Tovuz rayon Polis Şöbəsinin o vaxtkı rəisi, hazırda isə təqaüddə olan Şirzad Əsgərov, o zaman onun müavini olan, hazırda isə Yevlaxda rəis müavini vəzifəsini tutan Şahlar Cəfərov, bugünlərdə vəzifəsindən azad edilən Tovuz rayon prokuroru Elçin Qəhrəmanov və digərlərinin adları var.

İlkin Süleymanov işgəncələrdən də danışıb: “Əllərimi ayaqlarımın arxasına bağlayıb, aşağı əyilmiş vəziyyətdə gəzməyə məcbur edirdilər. Hər iki əlimi qandallayıb, dizüstə yerdə irəli-geri sürünməyə məcbur edirdilər. Mənə bu cür əziyyət verəndən sonra qaldırdılar rəis müavini Şahlar Cəfərovun otağına. Elə qandallı vəziyyətdə uzatdılar yerə. Şahlar Cəfərov dəyənəklə ayaqlarımın altına vururdu. Corablarımı çıxartdılar, ayaqlarımı isladıb, altına vururdular. Bir nəfər də başımdan vururdu. Başıma qazan, ya vedrə keçirdilər, üstündən dəyənəklə döyəcləyirdilər. Dəhşətli idi. Həssas yerlərimə elektroşok verirdilər. Gördüm ki, dözə bilmirəm. Dedim ki, nə olar, endirin, nə istəyirsiz, eləyirəm. Gətirdilər, ayağıma corab, ayaqqabı geyindirmək istədilər. Ayaqlarım şişmişdi. Geyinə bilmədim. Tərlik geyindirdilər, müstəntiqin yanına apardılar. Müstəntiq rəisin otağının qarşısında qanıqara vəziyyətdə dayanmışdı...”

İlkin Süleymanov ifadəsini mayın 11-də keçiriləcək növbəti məhkəmə iclasında davam etdirəcək.

İlkin Süleymanovun işgəncə iddialarıyla əlaqədar vəkilləri prokurorluqda araşdırma aparılıb. Lakin prokurorluq belə nəticəyə gəlib ki, onun dedikləri əsassızdır. Onun şikayəti üzrə cinayət işi başlanması rədd edilib və bu haqda qərar çıxarılıb. Məhkəmə də həmin qərarı qüvvədə saxlayıb. Sözügedən qərardan Avropa Məhkəməsinə şikayət göndərilib.

İlkin Süleymanov yanvarın 6-da saxlandığını desə də, cinayət işinin materiallarında onun yanvarın 10-da tutulduğu göstərilib. Hərçənd, məhkəmədə dindirilən bütün şahidlər, o cümlədən Nərmin Quliyevanın valideynləri və digər qohumları da İlkin Süleymanovun yanvarın 6-da tutulduğunu təsdiqləyiblər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »