Heç kimə sirr deyil ki, Rusiyanın hərbi potensialının arxasında neft-qaz gəlirləri dayanır. Təbii sərvətlərdən gələn qazanc Kremlə beynəlxalq müstəvidə qətiyyətli danışmaq imkanı verir.
Ukraynaya hücum vəziyyəti müəyyən qədər dəyişib. Dünyanın demokratik kəsimi Rusiya neftindən imtina edir. Şimal dövləti milyonlarla ton məhsuluna müştəri tapa bilmir. Ortaya çıxan müştərilər isə Rusiya neftinə dəyərindən xeyli aşağı vəsait ödəməyi arzulayır.
Bizimyol.info xəbər verir ki, “Urals” markalı məhsulun bareli dünya bazarında 79 dollardan baha qiymətləndirilir. Amma Rusiya neftini bu qiymətə sata bilmir. Sanksiyalar fərqli reallıq ortaya qoyub. İndi Moskva nefti 70 dollara satanda sevinir. Çin Rusiyanın ağır durumundan istifadə edir. Bəzən limanlarda müştərisini gözləyən məhsul Pekinə 55-60 dollara qismət olur.
Hindistan Rusiya neftini dəyər-dəyməzinə almaq istəyir. Asiya ölkəsi 70 dollardan da az ödəmək fikrindədir. Rusiya belə müştərini əldən verməyi düşünmür. Çünki Hindistan sanksiyalara görə risk edən azsaylı ölkələrdəndir. İndi Rusiyadan hər hansı məhsul almaq Qərbin, xüsusilə ABŞ-ın qəzəbinə tuş gəlmək deməkdir. Hindistan özünü təhlükəyə atır. Təkcə müharibə günlərində Kremldən 40 milyon bareldən çox neft alınıb. Sadəcə, Asiya ölkəsi qiyməti aşağı salmağa çalışır. Bir növ Pekin variantından istifadə olunur. Rusiyanın məcburiyyətdən belə addım atacağına şübhə yoxdur.
İstənilən halda Hindistanı küsdürmək olmaz. Çünki Nyu-Dehli zamanla Rusiyanın vacib müştərilərindən birinə çevrilməyə başlayıb. İlin geridə qalan 4 ayına nəzər yetirəndə Hindistanın Moskva üçün əhəmiyyətini anlamaq olur. Keçən ilin analoji dövrü ilə müqayisədə Asiya ölkəsi 20 faiz çox neft alır. Rusiya belə dar macalda vacib müştərinin sözünü necə yerə sala bilər?!
Ümumiyyətlə, aprel Rusiya üçün ağır keçib. Azı 6.5 milyon ton neft müştərisini tapmayıb. Bundan sonra müştəri tapmaq bir az da çətinləşəcək. Çünki sanksiyaların yükü yalnız artır.
Aytən, Bizimyol.info