Rusiya hakimiyyəti Ukraynanın işğal olunmuş ərazisində humanitar böhran təşkil etməyə çalışır: ölkədə aclıq təhlükəsi ola bilər. Xüsusilə, Rusiya işğal olunmuş Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindən ərzaq məhsullarını daşıyırlar.
Bizimyol.info xəbər verir ki, bu məlumatı Ukraynanın aqrar siyasət və ərzaq nazirinin birinci müavini Taras Vısotski təsdiqləyib.
Onun sözlərinə görə, Rusiyanın müvəqqəti işğalı altında olan həmin ərazilərdə 1,3 milyon tona yaxın taxıl olub.
“Onlar gündəlik ərzaq təhlükəsizliyini təmin etmək, yəni orada yaşayan ukraynalıları qidalandırmaq, həmçinin yazlıq bitkilərin səpini baxımından lazımi yaz-tarla işlərini aparmaq üçün saxlanılmışdı. İndi artıq orada heç bir strateji ehtiyat yoxdur. İşğalçılar bütün ehtiyatları oğurlayıblar”, - Vısotski bildirib.
İndi nazirlik rus işğalçılarının hər bir rayondan 100 min tona yaxın - ümumilikdə 400 min ton taxıl çıxardığı barədə məlumatı dəqiqləşdirir. "Əgər bu yağmalama davam edərsə və ehtiyat taxıl yeni məhsulun əldə edilməsindən əvvəl oradan çıxarılarsa, bu aclıq təhlükəsi yaranmasına səbəb ola bilər", - Vısotski vurğulayıb.
Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Serhiy Qayday deyib ki, Rubijnedə apreldə dağıdılan saxlama anbarında 30 min ton dan çox taxıl olub.
"Luqansk vilayətinin öz sərhədləri daxilində 2022-ci il fevralın 24-dək illik tələbatı 60 min ton taxıl təşkil edib. 2014-cü ildə işğal olunmuş ərazilərlə birlikdə - 240 min ton. Bununla belə, fermerlərin istifadə etdikləri əkin üçün yararlı torpaqların 90%-dən çoxu 2022-ci ildə düşmənin işğal etdiyi və döyüşlərin davam etdiyi rayonun şimal hissəsindədir. Məhz bu ərazilər 2014-cü ilə qədər bütün rayonu taxılla təmin edirdi. İndi səpin kampaniyasının başlamadığı yeganə rayon bizimdir. Çünki ruslar burada aqrar işlərin aparılmasında maraqlı deyil. Onlar düşünürlər ki, soyğunçuluqla bir neçə il özünü təmin edə bilirsənsə, əkinlə məşğul olmağa ehtiyac yoxdur. Onlar ehtiyat və növbəti il əkin üçün saxlanılmış toxumluq məhsulları istifadə edirlər. Artıq ümumi taxıl məhsullarının dörddə birini daşıyıb aparıblar. Bu da bir növ oğurluqdur", - Qaydai deyir.
Qeyd edək ki, bu, rusların Ukraynadan Rusiyaya ərzaq daşıması ilə bağlı ilk hal deyil. Onlar bunu müvəqqəti işğal olunmuş Krım ərazisində də bu əməllərini həyata keçiriblər.
Ruslar ərzaq ixrac etməklə yanaşı, onların saxlandığı və emal olunduğu yerləri də məhv edirlər. Belə ki, Rubijnoyedə yalnız 2020-ci ildə açılan yeni saxlama kompleksi hava bombaları ilə məhv edilib.
Həmçinin, raket hücumu zamanı işğalçılar Dnepropetrovsk vilayətindəki taxıl anbarını vurublar.
Rusiya vilayətlərinin hakimiyyət orqanları onlara Ukraynadan ərzaq ixrac ediləcəyini gizlətmirlər. Axı qoyulan sanksiyalara görə qıtlıq yaşayacaqlarını bilirlər.
Ukrayna kəşfiyyatı qeyd edir ki, bu, ukraynalıların döyüş ruhunu sındırmaq üçün işğalçılar tərəfindən düşünülmüş addımdır. Lakin şəhərlərdə humanitar böhran yaradan, insanları aclıqdan məhv olmaq qorxusu altında saxlayan işğalçıların bu bölgələrdə dayağı olmayacaq.
Qadir, Bizimyol.info