Dünya ölkələrinin böyük əksərində Rusiyanın Ukraynaya hücumu pislənir. Qərblə yanaşı, Orta Asiya ölkələrində Kremlin davranışı sərt tənqid olunur. Qazaxıstanda dil islahatları çoxdan başlanılıb. Özbəkistan bu məsələyə heç vaxt olmadığı qədər həssas yanaşır. Qırğızıstanda isə daha qətiyyətli addımlar atırlar.
Bizimyol.info xəbər verir ki, Orta Asiya ölkəsində Rusiyanın işğalçılıq siyasətini tərənnüm edən “Z” simvolikası qadağan edilib. Burada Ukraynaya müharibəsindəki hərbi əməliyyatların təbliğatını aparan Rusiya filmləri də göstərilməyəcək.
Qırğızıstanda 9 may tədbirlərinə indidən həssas yanaşılır. Ölkədə həmin gün “Z” simvolikasının nümayişinə heç bir halda icazə verilməyəcək. Qırğızıstanın Mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Əzəmət Jamankulov bildirib ki, “Kırqıztasması” dövlət kino mərkəzi müharibə təbliğatı ilə məşğul olan Rusiya filmlərinin göstərilməməsinə xüsusi nəzarət edəcək.
Nazirin bu məsələ barədə açıqlaması təsadüfi deyil. Bir neçə gün əvvəl Kremlin maliyyələşdirdiyi “Qarmoniya” rus mədəniyyəti mərkəzi “Kırqıztasması”ya üç filmin nümayişi üçün müraciət ünvanlayıb. Təsəvvür edin, filmlərdən biri “Donbass. Okraina” adlanır. Yəni Donbassın Rusiyanın ucqarlarından biri olmasına eyham vurulur. Hər üç film təbliğat predmetidir.
“Kırqıztasması” əvvəlcə məsələnin ciddiliyini anlamayıb. Filmlərin nümayişinə icazə verilib. Amma nazirlik məsələdən xəbər tutanda qərar dəyişdirilib. Təkcə bu filmlərin yox, ümumilikdə Rusiyanın işğalçılıq siyasətini dəstəkləyən ekran nümunələrinin göstərilməsinə qadağa qoyulub.
“Kırqıztasması”nın qərarı sosial mediada çox müzakirə olunub. Buna münasibət bildirən istifadəçilərin əksəri Kremli qınayıb, kino mərkəzinin addımının doğru olduğunu yazıb.
Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi də “Z” simvolikasının nümayişinə biganə qalmayacağını açıqlayıb. Belə davranan vətəndaşlar əvvəlcə 5500 som (70 dollar) cərimə olunacaq. Amma məsələnin ciddiliyinə görə həmin şəxsə cinayət işi də açıla bilər.
Qırğızıstanda bir-birinin ardınca Rusiya ordusunun Ukraynaya hücumunu pisləyən bəyanatlar verilir. Bir sıra siyasi xadimlər ölkədə rus telekanallarının yayımlanmasının qadağan olunmasını tələb edir.
Aytən, Bizimyol.info