Belarus Silahlı Qüvvələrinin reaksiya qüvvələrinin qəfil yoxlaması çərşənbə günü başlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Belarus Silahlı Qüvvələrində reaksiya qüvvələrinin qəfil yoxlanılmasına başlanılıb",- Müdafiə Nazirliyinin bəyanatında deyilir. Mətbuat xidmətindən bildirilib ki, baxış zamanı hərbi hissə və bölmələr həyəcan siqnalı ilə döyüş hazırlığı, marşın təşkili və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilməsi məsələlərini həll edəcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, yoxlama zamanı şəxsi heyətin yarana biləcək böhranlı vəziyyətlərə operativ reaksiya vermək hazırlığı və bacarığı nəzərdən keçiriləcək. Mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı hərbçilər naməlum ərazilərdə sürətlə dəyişən şəraitdə fəaliyyət göstərəcəklər. Minsk onu da diqqətə çatdırıb ki, yoxlamaya cəlb olunan qüvvələrin tərkibi tədricən artırılacaq və bu, onların hərbi təhdidlərə “həm yerdə, həm də havada” müqavimət göstərmək qabiliyyətini yoxlamağa imkan verəcək.
Belarus Müdafiə Nazirliyi davam edən tədbirləri qoşunların hazırlanmasının ən effektiv formalarından biri adlandırıb. Hərbi idarənin fikrincə, keçirilən tədbir “nə bütövlükdə Avropa ictimaiyyəti, nə də konkret olaraq qonşu ölkələr üçün” təhlükə yaratmır.
Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, yoxlama zamanı planlaşdırılan xeyli miqdarda hərbi texnikanın hərəkəti səbəbindən ümumi istifadədə olan yollarda nəqliyyatın hərəkəti çətinləşə bilər.
Bununla əlaqədar olaraq, idarə qəsəbə sakinlərini və sürücüləri görmə məsafəsini və hava şəraitini nəzərə alaraq diqqətli olmağa çağırıb.
Rusiya prezidenti Vladimir Putin Belarusu Ukraynaya qarşı açıq müharibəyə çəkmək istəsə də, Belarus prezidenti Aleksandr Lukaşenko Qərbin təzyiqlərindən qorxaraq imtina edib. Bu günə qədər Belarus ordusu Ukraynaya qarşı açıq hərbi hərəkətlərə yol verməyib.
Qadir, Bizimyol.info