Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın mümkün nüvə silahından istifadə riskini qiymətləndirib.
Bizimyol.info xəbər verir ki, o, "Nine Network"ə müsahibəsində bu məsələ ilə bağlı fikirlərini bildirib.
"Rusiya Federasiyasının rəhbərliyindən nüvə silahından istifadə etməyəcəklərini gözləmək olmaz. Ya da edəcəkləri barədə mütləq fikir də söyləmək çətindir. Rusiyanın hər iki ssenaridən istifadə edə biləcəyi tamamilə mümkündür. Kremlin addımlarını proqnozlaşdırmaq mümkün deyil. Deyə bilərəm ki, bəzən nəticənin necə olacağını anlamadan belə onlar hansısa silahdan istifadə edə bilərlər. Yaxud nəticəni başa düşürlər, amma onlar milyonların həyacanına səbəb ola biləcək hadisəni "vecinə alma", - deyə soyuqqanlılıqla qaşılaya bilirlər",- deyə dövlət başçısı bildirib.
Onun fikrincə, Ukraynanın AES-lərini ələ keçirərkən Rusiyanın davranışı hamı üçün artıq məlumdur.
Xatırladaq ki, hərbi ekspert Mixail Jiroxov Rusiyanın Ukraynanı ələ keçirmək üçün bütün imkanlarından istifadə etmək qərarına gəldiyini bildirib. Ona görə də indi Rusiya Ukrayna ərazilərinə yeni zərbələr endirmək üçün raketləri birləşdirir.
Nüvə silahından istifadə təhlükəsinə gəlincə, amerikalı hərbi ekspert Cozef Cirincione Putinin ilk zərbəni necə endirə biləcəyini dəqiq təsvir edib. Onun sözlərinə görə, nüvə müharibəsinin başlaması üçün beş qorxulu ssenari var.
Qeyd edək ki, nüvə silahından istifadə barədə ilk dəfə Rusiya dövlət başçısı eyham vurmuşdu. Onun ardından Xarici işlər naziri Sergey Lavrov da Qərbin Ukraynaya silah yardımının davam edəcəyi təqdirdə nüvə silahında istifadənin istisna olmayacağını bildirmişdi. Hətta bu məsələni telekanallarda müzakirəyə çıxararaq ABŞ və NATO-ya mesaj vermişdilər.
Qadir, Bizimyol.info