Türkiyə BMT, Rusiya və Ukraynanın təmas qrupunun işinə dəstək verməyə hazırdır.
Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı bildirib.
“BMT-nin baş katibi Quterreş prezident Ərdoğana Moskva və Kiyevdəki təmasları barədə məlumat verib.
Prezident Ərdoğan bildirib ki, Türkiyə həm humanitar yardım, həm də evakuasiya məsələlərində BMT-nin rəhbərlik etdiyi Təmas Qrupuna maksimum dəstək verməyə hazırdır”, - bu barədə Türkiyə Prezident Aparatından jurnalistlərə bildiriblər.
Bundan əlavə, Ərdoğan bildirib ki, Türkiyə bu böhranı aradan qaldırmaq və sülhün bərqərar olması üçün səylərini qətiyyət və səmimiyyətlə davam etdirəcək. Ölkə Prezidenti də Quterreşi ad günü münasibətilə təbrik edib.
Çərşənbə axşamı Quterreş Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Onların görüşü barəsində BMT baş katibinin nümayəndəsi Stefan Düjarrikin verdiyi məlumata görə, Rusiya BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Mariupoldakı "Azovstal" zavodundan mülki əhalinin təxliyyəsinə cəlb olunması ilə razılaşıb.
Ukrayna lideri Vladimir Zelenski cümə axşamı Kiyevdə Quterreşlə danışıqların nəticələrindən sonra Ukraynanın "Azovstal"dan insanların evakuasiyası üçün danışıqlara hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Rusiya tərəfinin verdiyi məlumata görə, bu gün bir qrup mülki şəxs Mariupoldakı “Azovstal” zavodunun ərazisini tərk edib. Altı 14 yaşa qədər uşaq olmaqla, ümumilikdə 25 nəfər mühasirəyə alınmış şəhərdən evakuasiya edilib.
Mariupol Azov dənizinin sahilindəki ən böyük şəhər, Donbassdakı əsas metallurgiya mərkəzlərindən biri və dəniz limanıdır. Şəhərdə iki böyük qara metallurgiya müəssisəsi - "İliç" Dəmir Zavodu və "Azovstal", həmçinin "Azovmaş" maşınqayırma zavodu olub.
Qadir, Bizimyol.info