Regionlarımızda onları artıq hər kəs tanıyır. Maraqlı sloqanları da var: “Bizə pul verməyin, bizə imkan verin!”.
Verilən imkanlardan 100/100 istifadə etməyi də əla bacarır bu kənd qadınları. Hələ də tanımayanlar üçün: onlar kəndlərimizdəki Qadın İnkişaf və Müəssisə Qruplarının üzvləridir. Zəhmətkeş, bacarıqlı və təvazökar! Cəmi 2 il öncə aztəminatlı sayılan, indi isə Azərbaycan Kənd Qadınları Assosiasiyasında birləşərək, çoxlarına imkansız görünəni bacaran 9 rayondan 200-ə yaxın kənd qadını Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Mədəniyyət Nazirliyinin və Cultural Networking House İB-nin dəstəyilə Bərdədə möhtəşəm Peşə Festivalı keçiriblər.
Orqanik məhsulları, ləziz dadlar, gözoxşayan tikmə-biçmələr, qadınların əlinin məharətindən xəbər verirdi. Təsadüfi deyil ki, Kənd Qadınlarının Peşə Festivalı da məhz belə adlanırdı: “Əllərimin Səsi”. Qadınlar öz dadlı-ləzzətli məhsullarını satışa çıxarmaqla kifayətlənməyib, yallıları, şux rəqsləri ilə festivala fərqli rəng qatıblar.
Davamı mütləq gəlsin! Axı “Qadın gülərsə, dünya gülər”.