Son iki ayda Ukraynanın şiddətli müqaviməti Rusiya ordusunu ağır zərbələrə məruz qoyub. İngiltərənin “Express” nəşri xəbər verir ki, uğursuzluğun ardından Rusiyada “total müharibə”yə hazırlıq başlayıb. Nəşr yazır ki, Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə ölkə boyunca səfərbərlik elan edəcək.
“Express” nəşri yazır: “Həm Rusiya mənbələri, həm də Qərb rəsmiləri Vladimir Putinin Ukraynada yaşadığı uğursuzluqlara görə tezliklə “intiqam” aktı olaraq total təcavüzə əl atacağını bildirirlər. Putin Rusiya mediasına “müharibə” sözünü işlətməyi qadağan edib, bunun əvəzinə Ukraynaya hücumu “xüsusi əməliyyat” adlandırıb. Hücumun başlamasından iki aydan çox vaxt keçdikdən sonra faktiki olaraq hərbi əməliyyatlarda durğunluq dövrü başlayıb.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles cümə axşamı bildirib ki, Putin çox güman ki, itkiləriin yerini doldurmaq üçün dərhal Rusiya əhalisi arasında ümumi səfərbərlik elan etməyə çağıracaq. O yəqin deyəcək ki, “biz indi dünya nasistləri ilə müharibə vəziyyətindəyik və Rusiya xalqının kütləvi səfərbərliyini həyata keçirməliyik". Cənab Uolles xəbərdarlıq edib ki, Putin Rusiyanın “9 May Qələbə Günü” coşqularından “silaha daha çox sarılma çağırışı” etmək üçün istifadə edə bilər.

Putinin qoşunları hazırda Ukraynanın şiddətli müqaviməti, çoxlu texniki və təşkilati problemlər, həmçinin təhlükəli dərəcədə aşağı əhval-ruhiyyə üzündən dayanıb.
“Global Firepower” isə Rusiyanı ABŞ-dan sonra dünyanın ikinci ən güclü ordusu elan edir. Onun 850.000 aktiv hərbçisi var, 250.000 nəfər isə ehtiyatdadır. Böyük Britaniyadan fərqli olaraq, Rusiya silahlı qüvvələri həm könüllülərdən, həm də çağırışçılardan ibarətdir və hər il təxminən 1,3 milyon insan hərbi yaş həddinə çatır. Rusiya təxminən 4173 hərbi təyyarəyə, o cümlədən 772 döyüş təyyarəsinə malikdir. ABŞ-ın ixtiyarında 13 mindən çox təyyarə var.
Rusiyanın 12 420 tankı və daha 30 122 zirehli texnikası var. O, həmçinin 3391 raketə malikdir. Böyük Britaniyanın cəmi 227 tankı olduğu bildirilir və bu göstəriciyə görə, Ermənistan, Eritreya və Tayvan kimi ölkələrdən sonra dünyada 58-ci yerdədir. Rusiya həmçinin güclü donanma ilə öyünür, lakin yalnız bir təyyarədaşıyan gəmisi var - “Admiral Kunznetsov”. O, 70 sualtı qayıqdan, 59 patrul gəmisindən, həmçinin 26 digər donanma texnikasından.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun bu həftə açıqladığı yeni hesabat Rusiyanın Ukraynada müharibəyə hazırlaşarkən hərbi büdcəsini artırdığını təsdiqləyir. Kremlin rəsmi hərbi xərcləri 2021-ci ildə 2,9 faiz artaraq 65,9 milyard dollara çatıb ki, bu da Rusiyanın Ümumi Daxili Məhsulunun dörd faizindən bir qədər çox olub.
Amma bütün yuxarıda yazılanlara baxmayaraq, Rusiya ordusu dəhşətli dərəcədə pis vəziyyətdədir. Ukrayna Müdafiə Nazirliyi son yeniləməsində Rusiyanın 23 minə yaxın əsgər itirdiyini bildirib. Xəbər verilir ki, çərşənbə günü Donbassda hücum zamanı Rusiya ordusu bir gündə 16 tank və 29 zirehli texnika itirib. Təxminən 155 helikopteri vurulub, daha 189 təyyarəsi məhv edilib və səkkiz donanma gəmisi və ya qayığı batırılıb.
Avropa Siyasəti Mərkəzinin müdafiə üzrə eksperti Aleksandr Krouter bu ay Rusiya ordusunun vəziyyəti ilə bağlı araşdırma aparıb. Onun ümumi olaraq gəldiyi nəticə bundan ibarətdir ki, Rusiyanın Ukraynadakı uğursuz hərbi fəaliyyəti təkcə onun hədəflərə nail ola bilmədiyini deyil, həm də silahlı qüvvələrin quruculuğu sahəsində ciddi problemləri üzə çıxarıb”.
Bizimyol.info