Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teatr səhnəsində "Yük..."
Teatr səhnəsində "Yük..."

Öz yükünü daşıyan insanlarla dolu bir səhnə. Əlində çemodan olan bir neçə insan. Çemodanlar havada, başların üzərində daşınır. Xəyallar, arzular kimi... Sonra dəyişir melodiyası həyatın. Çaxnaşmanın ardınca yerini dəyişir insanlar. Və öz yükünü daşımaq daha ağır gəlir onlara...

Azərbaycan Dövlət Pantomim Teatrının "Yük. Uzaqda bir nəfər var" adlı tamaşasından bir səhnəni təsvir etməyə çalışdım sizə. Premyerasında iştirak etdiyim tamaşanın bu səhnəsində insan həyatının kiçik bir hissəsini gördüm. Bəlkə də tamaşanın müəllifi və quruluşçu rejissoru, Azərbaycan Respublikasının xalq artisti Bəxtiyar Xanızadə də bu tamaşada insan həyatından səhnəciklərlə izləyicilərinə ayna tuturdu.

Teatr səhnəsində "Yük..."

Tanrı insanı dünyaya "gətirəndən" sonra ona elə özü boyda "yük" verir. Yük deyərkən ruhu nəzərdə tuturam. İnsan, varlıq səbəbini araşdırdıqca son nəfəsinə qədər o ruh yükünü özüylə daşıyır. Xarakteri böyüdükcə ruh yükü də böyüyür, əxlaqı zəiflədikcə ruh yükü də ona ağır gəlir. Çiyinlərində daşıdığı mələklərin dəftərlərində yazdıqları onun ruhundakı yükü azaldır, çoxaldır...

"Yük. Uzaqda bir nəfər var" tamaşasının hər səhnəsində dərin anlamlı dialoq və səssizcə danışan baxışlar vardı. Qaranlıqda öz yolunu tapmağa çalışan əli dolu insanlar, ruhlarının eyibini bir kəlimə ilə fasiləsiz təkrarlarla deyirdilər. Səhnədə müxtəlif geyimli personajlar dolğun dialoqlarla öz həyatlarını ayna kimi əks etdirirdilər. Səhnənin ortasında yalnız qalan bir obraz, ürəkdən bir fəryad çəkib gözyaşları içərisində əllərini ciblərində gəzdirirdi. Deyib və ya deməyib peşman olduğu sözlər vardı sanki cibindən çıxan kağızlarda. Qəmgin və gözüyaşlı bu adam kağızları əzib yerə atır, özündən ayırmağa çalışırdı. Çemodanından açılıb tökülən kağızlar da onun həyatı boyu gizlətdiyi ruhunun parçaları idi. Bu kağızlara uzanarkən tökdüyü gözyaşlarıyla zalda oturan izləyicilərin duyğularına körpü salırdı.

Teatr səhnəsində "Yük..."

İnsan bəzən unudur öz yükünü. "Ruhu belə duymur" deyimi bəlkə də bu səbəbdən deyilib. İkili dialoqların birində də bunu səhnələşdirirdi, iki gənc aktyor. Əllərindəki çemodanda daşıdıqları ruh yüklərindən xəbərsiz, yollarındakı izi itirmiş və ya itirmək istəyirmiş kimi dağınıq addımlarla gəzinirdilər.

Azərbaycan Dövlət Pantomim Teatrının bədii rəhbəri, xalq artisti Bəxtiyar Xanızadənin "Yük. Uzaqda bir nəfər var" tamaşasına baxdıqdan sonra onun hər səhnəsi haqqında uzun-uzun danışmaq olar. Tamaşanın rəssamı Xəyyam Səmədovun rəngli toxunuşu kimi və əməkdar artist Bəhruz Əhmədlinin duyğuları rəqs etdirdiyi musiqi kimi ruhun yükünü təsvir edəcək sözlərlə bəzəmək olar bu tamaşa haqqında yaranan təsəvvürü...

Fransız filosof Blaire de Pascalın: "Əgər daha çox vaxtım olsaydı, bu məktubu daha qısa yazardım" sözlərini özümə rəhbər tutaraq və vaxtımın çoxluğundan istifadə edərək bu tamaşa haqda bacardığım qədər az danışdım. Az danışdım ki, teatrın ruhunu öz ruhuna qatmaq istəyənlərin ürəyində həyəcan qığılcımı olsun. Az danışdım ki, öz ruhunu yük kimi daşıyanlar tamaşanın aynasından özlərinə baxmaq üçün can atsınlar. Az danışdım ki, "uzaqda bir nəfər" olaraq qalan hər teatr izləyicisi bu tamaşanın "yük"ündən özünə pay götürmək üçün teatra qonaq gəlsin.

Teatr səhnəsində "Yük..."

Rollarını ustalıqla ifa edən əməkdar artist Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Nuridə Musabəyli, Elnur Rzayev, Elxan Şahalıyev, Elmin Qiyaslı, əməkdar artist Elman Rəfiyev, Elnur Abbasquliyev, əməkdar artist Səbinə Hacıyeva, Cavad Nuriyev, Səbirə Həsənova, Eldar Əliyev və Xəyyam Səmədovun əməyinin qarşılığını tamaşanın başlanğıcından sonuna qədər alqışlamaq da tam ödəməz deyə düşünürəm. Adını çəkdiyim və ya çəkmədiyim, tamaşada əməyi keçən hər bir şəxsin bu tamaşanın rəngləri olduğunu qeyd etmək istəyirəm. Bu "rəngli" tamaşaya baxmaq istəyənləri Pantomim Teatrına ən azı bir teatrsevər olaraq dəvət edirəm.

Teatr səhnəsində "Yük..."

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »