Dünən axşam saatlarında “Azərsun Sənaye Parkı”nda yanğın baş verib və qısa müddətdə ətrafa yayılıb. Baş verən yanğında “Azərsun Sənaye Parkı”na dəymiş ziyanla bağlı bəzi detallar məlum olub.
“APA-Economics”in “Azərsun Sənaye Parkı”ndakı mənbədən əldə etdiyi məlumata görə, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan beş-altı aylıq yağ ehtiyatı olub. Məlumata görə, fabrik bir neçə aydır ki, bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilir. Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş: “Plastik qablar fabriki yeni yaradılmış müəssisə idi və tam gücü ilə işləmirdi. Əsas zərər yağın istehsal edildikdən sonra ilk daxil olduğu əsas anbarla bağlıdır. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan təkcə məhsulla ölçülmür, orada istehsal avadanlıqlarına ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni alternativ depolama yeri yaradılmalıdır. Bu, özü də böyük xərc tələb edir”.
Qeyd edək ki, yanğının baş vermə səbəbi barədə dəqiq məlumat yoxdur.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlaması zamanı bildirib ki, Azərbaycanın ən böyük qida idxalçısı və ixracatçısı olan Azərsunun qida anbarında geniş miqyaslı yanğının baş verməsi təkcə yanğın təhlükəsizlik qaydalarının pozulması deyil, burada xarici ölkələr tərəfindən siyasi təzyiqlər də var. Onun sözlərinə görə, Azərbaycana qarşı bu kimi qida terrorunun keçirilməsinin siyasi səbəbləri var.

“Bu sıradan bir yanğın deyil. Burada bir nömrəli hədəf Azərbaycanın ərzaq problemi ilə üz-üzə qalması, ölkədə bu istiqamətdə böhranın baş verməsi üçün atılan addımdır. Məhz buna görə də hüquq-mühafizə orqanları prosesi dəqiqliyi ilə ölçməli və bununla bağlı ictimaiyyətə də geniş məlumat verməlidir”.
Siyasi şərhçi bildirir ki, Azərbaycanın Ukraynaya humanitar yardımı Sumqayıtdan etməsi və Ukrayna səfirinin həmin qida anbarında olması müəyyən sualları ortaya çıxarır: “Hesab edirəm ki, burada Rusiya xüsusi xidmət orqanlarının sabotaj etməsi mümkündür. Çünki Rusiya Ukraynaya yardım edən ölkələri də hədəfə alır. Bu məsələdə də Rusiya izini axtarmaq lazımdır”.
Leyla Mirzə, Bizimyol.info