Dünən Sumqayıt Sənaye Parkında baş vermiş yanğın sosial şəbəkələrdə müxtəlif istiqamətlərdə şərh edilib. Vətəndaşlar bunun terror, Azərbaycanın Ukraynaya humanitar yardımının “qarşılığı” olaraq törədildiyini iddia edir, Rusiya-Azərbaycan münasibətlərini bu konteksdən sorğulamağa çağırırlar.
Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, dünən Sumqayıt şəhərində Azərsun Sənaye Parkında baş verən yanğının müxtəlif təxribat halları ilə əlaqələndirilməsi Azərbaycan və Rusiya arasında olan münasibətlərin pozulmasına xidmət edən məqsədli informasiyadır və psixoloji müharibə elementidir. Çünki bu günə qədər də Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardım, müxtəlif tibbi ləvazimatlar, eyni zamanda gündəlik ərzaq məhsulları çatdırılması istiqamətində addım atıb. Və hərhansı bir tərəfdən, eyni zamanda Rusiya tərəfindən də Azərbaycanın bu humanitar davranışına qarşı açıq bir reaksiya indiyə kimi özünü göstərməyib: “Ümumiyyətlə, humanitar xarakterli davranışlara mülki şəxslərin həyatının qorunmasına, üzləşdiyi məhrumiyyətlərin azaldılması mahiyyəti daşıyan bu addımlara hərhansı bir tərəfin əks reaksiya verməsi inandırıcı deyil. Və hesab edirəm ki, Rusiya tərəfdən də belə bir addım atılmayıb. Dünən Azərbaycandan Ukraynaya növbəti humanitar yardımın göndərilməsindən sonra Sumqayıt Sənaye Parkında belə bir hadisənin baş verməsi, Rusiya tərəfindən törədilə biləcəyi terrorla əlaqələndirilməsini ciddi arqument və ya ciddi variant hesab etmirəm. Təbii ki, hər bir ehtimalın yaşama hüququ var. Hər bir ehtimalın özünü qoruyub saxlama imkanları mövcuddur.

Hesab edirəm ki, bu variant ehtimal səviyyəsindən yuxarı qalxa bilməyəcək. Bunu adi yanğın təhlükəsizliyinə əməl edilməməsi səbəbilə baş vermiş hadisə kimi qiymətləndirirəm və hesab edirəm ki, bu məsələnin qabardılaraq “Rusiya-Azərbaycan arasında münasibətlərin gərgin olduğu, Rusiyanın Azərbaycana qarşı müxtəlif alətlərdən istifadə edərək təxribatlar törədilməsi” ilə bağlı fikrilərin yayılması Azərbaycanla Rusiya arasındakı münasibətlərin gərginləşməsinə xidmət edən dairələrin atdıqları addımlardır. Azərbaycan cəmiyyəti belə məsələlərdə mümkün qədər diqqətli olmalıdır. Heç bir tərəfin əlində alətə çevriləcək hadisələrdə Azərbaycan dövlətinə və maraqlarına qarşı addımların atılmasında iştirakçıya çevrilməməlidirlər. Azərbaycan Qoşulmama siyasətinin, müharibələr, hərbi əməliyyatlara yox deyilməsinin tərəfdarıdır”.
Politoloq bildirir ki, Rusiya və Ukrayna arasında münasibətlərin sülh yolu, danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Bütün imkanlar və gücümüz daxilində müharibənin dayandırlması və danışıqların başa tutması istiqamətində çağırışlar edildiyini deyən Anar Əliyev hesab edir ki, bundan sonra da Azərbaycanın Ukrayna-Rusiya münasibətlərinə yönəlik xarici siyasəti məhz bu istiqamətdə olacaq. Burada tərəflərdən hərhansı birinin Azərbaycanı əks tərəfdə görməsi mümkün deyil.
“Azərbaycan müxtəlif səviyyəli çağırışlara və təhriklərə baxmayaraq, açıq şəkildə heç bir tərəfin yanında mövqe tutmayıb. Hesab edirəm ki, bundan sonra da tutmayacaq. Azərbaycan dövlətinin həyata keçirdiyi bu ağılı və düşünülmüş siyasətin daha güclü və effektiv olması üçün əsas şərtlərdən biri də, Azərbaycan cəmiyyətinin rəsmi dövlət siyasətinə ünvanlanmış, rəsmi dövlət siyasətinə yönəlik dəstək fəaliyyətidir. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti məhz bu istiqamətdə daha davamlı münasibət nümayiş etdirməli hərhansı qrupların əlində hərhansı maraq dairələrinin əlində alətə çevrilməməlidir”.
Politoloqun sözlərinə görə, fevral ayının 24-ü Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra daim bu prosesdə Azərbaycan bitərəf qalmağa, bitərəflik nümayiş etdirməyə çalışıb. Amma ümumilikdə götürdükdə Azərbaycanın Ukraynanın ərazi bütünlüyü ilə bağlı mövqeyi açıq şəkildə ortadadır. Və müxtəlif platformalarda, ayrı-ayrı zamanlarda daim Azərbaycan dövləti rəsmi şəkildə bu mövqeyini ifadə edib.
“Bizim üçün Ukraynanın ərazi bütövlüyü və dövlət suverenliyi əsas məsələdir və biz bu məsələdə Ukraynanın maraqlarını mövqeyini dəstəkləyirik: “Amm eyni zamanda bu proseslərdən istifadə edərək, Rusiyaya qarşı misli görünməmiş sanksiyalar kampaniyası həyata keçirən və Rusiyaya qarşı ciddi təzyiq mexanizmləri quran böyük güclərin siyasətində iştirakçıya çevrilmədik. Birmənalı olaraq bu prosesin tərəfi olaraq Azərbaycan çıxış etmədi.
24 fevralda baş verən hərbi müdaxilədən sonra Ukraynada yaşanan humanitar böhranın qarşısının alınması və insanların, mülki şəxslərin mümkün qədər az itkilərlə üzləşməsi, eyni zamanda insanların üzləşdiyi məhrumiyyətlərin mümkün qədər azaldılması, qarşısının alınması istiqamətində Azərbaycan dövləti daim özünün humanist davranışını və fəaliyyətini nümayiş etdirib. Hesab edirəm ki, bu fəaliyyətdə hansısa bir dövlətə qarşı xüsusi maraq özünü göstərmir, bu günə qədər göstərməyib və bundan sonra da göstərməyəcək.
Azərbaycan Ukrayna ilə xoş dostluq münasibətlərində olduğu kimi Rusiya ilə də kifayət qədər yüksək strateji münasibətlərə sahibdir”.
Politoloq əlavə edib ki, xüsusilə də fevralın 22-də imzalanmış “Moskva bəyannaməsindən” sonra Azərbaycan və Rusiya arasında münasibətlər ən yüksək səviyyəli strateji müttəfiqlik mərhələsinə daxil olub. İndiki dövrdə hərhansı bir vasitə ilə Azərbaycan və Rusiya arasında münasibətlərin korlanmasına maraqlı olan kifayət qədər qüvvələrin olduğunu deyən Anar Əliyev bildirir ki, bu qüvvələrin başında daha çox Cənubi Qafqazda Ermənistanın maraqlarından çıxış edən Qərb dövlətləri və bu dövlətlərinin güc strukturları, xüsusilə də əks kəşfiyyat qurumları dayanır.
İlahin, Bizimyol.info