Dünyanın gözü və qulağı həftələrdir ki, Ukraynadan gələn xəbərlərdədir.
Bizimyol.info xəbər verir ki, müharibənin tam sürətlə getdiyi bir vaxtda Ukraynadan maraqlı iddia gəlib. Belə ki, Ukrayna məxfi xidməti telefon dinləmələri nəticəsində müharibədə həlak olan Rusiya əsgərlərinin sayını müəyyən etdiyini açıqlayıb. Məlumatda dinlənilən Rusiya hərbçilərinin kimliyi açıqlanmayıb.
Böyük Britaniyanın "Daily Mail" qəzetində yer alan xəbərə görə, Ukrayna tərəfi bu iddianı dəstəkləyən dəlilləri ictimaiyyətlə paylaşıb.
Rusiya əsgərlərinin telefon danışıqlarını dinləyən Ukrayna məxfi xidməti bu zənglərin stenoqramını dərc edib. Sözügedən danışıq zamanı bir Rusiya hərbçisinin “müharibədə cəmi 2 ayda 25.900 əsgər itirmişik” dediyi eşidilir.
Danışığın başqa bir hissəsində ikinci əsgər komandirinin ölümünü bu sözlərlə təsvir edir: “Briqada komandiri partlayışa düşüb. Bağırsaqları çıxmışdı. Onu xilas etmək üçün helikopter göndərdilər, amma ürəyi daha dözə bilmədi”.
Ukrayna son hesabatında müharibədə həlak olan Rusiya əsgərlərinin sayının 23 minə yaxın olduğunu bildirib. Qərb mənbələri bu rəqəmin 7-15 min arasında olduğunu bildirsə də, Moskva mövzu ilə bağlı ilk və son rəsmi açıqlamasını martın 2-də verib. Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisinin 498 olduğu açıqlanıb. O vaxtdan bəri bu məlumatlar heç vaxt yenilənməyib.
Rusiya hökuməti nadir hallarda silahlı qüvvələri tərəfindən ölənlərin sayı ilə bağlı yeniliklər təqdim etsə də, yerli hökumətlərin və qəzetlərin elanları döyüşlərdə ən azı 317 zabitin öldüyünü göstərir.
Qeyd edək ki, Rusiya Əfqanıstanı işğal edərkən də oxşar hərbi böhranla üzləşmişdi. Sovet əsgərləri ilk dəfə 24 dekabr 1979-cu ildə Sovet lideri Leonid Brejnevin əmri ilə bölgəyə yola salınıb və 10 il davam edən müharibədə 15 minə yaxın sovet əsgəri həyatını itirmişdi.
1979-cu ildə Əfqanıstanın işğalı Sovet İttifaqının dağılmasına səbəb olan elementlərdən biri kimi təsvir edilir. Sovet ordusu 1989-cu ildə ölkədən geri çəkilmiş və müharibə Moskvaya baha başa gəlmişdi.
Leyla, Bizimyol.info