Milli Hərəkatçılar Birliyi işğaldan azad edilmiş torpaqlarımıza”Böyük Qayıdış”la bağlı proqram və təkliflər paketi hazırlayıb. Paketin hazırlanmasında məqsəd, ilkin olaraq, ictimai rəydə bu məsələnin necə dəyərləndiriləcəyi və cəmiyyətin reaksiyasının necəliyini bilməkdir.
Məcburi köçkünlərin yurdlarına qayıdışı və orada gündəlik yaşayışlarının, iqtisadi fəaliyyətlərinin təşkili barədə son aylarda müxtəlif fikirlər səsləndirilir. Deputatlar, ictimai xadimlər,ziyalılar və müxtəlif sahələrin mütəxəssisləri məsələyə münasibətlərini bildirirlər. Lakin bu, kifayət etmir. Məsələnin bir çox yönü vətəndaşlarımız üçün qaranlıq qalır və başlıca suallar cavablandırılmır. Hazırda bölgədə önəmli fundamental işlər görülür. Bu quruculuğun siyasi və strateji tərəfi normal aparılsa da, informasiya paylaşımı və xalqın məlumatlandırılması yarımçıq haldadır. Yerli sakinlər yurdlarına nə zaman və necə qayıdacaqları barədə məlumata sahib deyillər, çoxsaylı suallar qarşısında da çaşqın vəziyyətdədirlər. Bu şəraitdə müxtəlif şaiyələr, dedi-qodular baş alıb gedir, vətəndaşlarımız narahat olur. Həm bir-birinə qarşı, həm də dövlətə münasibətdə arzu edilməyən mənzərələr ortaya çıxır – iftiralar, əsassız ittihamlar və tənqidlər ictimai ab-havanı pozur. Bu cür neqativ halları ortadan qaldırmaq, işlərin tam bir vətəndaş sülhü və aktivliyi şəraitində yerinə yetirilməsini təmin etmək üçün “Böyük qayıdış”la bağlı bütün məsələlərin, sualların və həll yollarının kompleks şəkildə ortaya qoyulması, problemlərin açıq şəkildə müzakirə edilməsi zəruridir.

Məsələ ilə bağlı Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli Milli Hərəkatçılar Birliyinin “Böyük qayıdış”la bağlı proqram və təkliflər paketi haqqında fikirlərini Bizimyol.info ilə bölüşüb: “Mən də həmin Birliyin iştirakçısıyam və qeyd etmək istəyirəm ki, biz Qarabağa qayıdışla bağlı komitə də yaratmışıq. Vətən müharibəsi qələbəmizlə bitdikdən sonra Milli Hərəkatçılar Birliyi qayıdışla bağlı zaman-zaman konfranslar, “facebook” sosial şəbəkəsindən canlı yayımlar etdi. Müxtəlif bildirimlər, bəyanatlar paylaşdıq. Yerli vətəndaşlarımızın öz dədə-baba yurdlarını qaytarılmasında dövlət, xalq-hökümət birliyi lazımi işləri görmək üçün birgə çalışmalıdırlar. Bəli, həmin ərazilərdə bu gün minatəmizləmə işləri gedir. Biz demirik ki, insanları minalı ərazilərə qaytarmalıyıq. Fikrimiz qətiyyən belə deyil. Biz deyirik ki, hal-hazırda minalardan təmizlənmiş, təhlükəsiz ərazilərimiz də var, həmin ərazilərə artıq yavaş-yavaş insanlar köçürülməlidirlər. Necə ki, elə qayıdırlar. Məsələn, fermerlər qayıtmağa başlayıblar, müəyyən yerlərdə hazırlıq işləri də görülüb. Biz istəyirik ki, bu işlər dövlət nəzarətində və planlı olaraq hazırlansın. Yəni düşünülmüş və sonradan peşmanlıq yaratmayacaq şəkildə addımlar atılmalıdır. Bu baxımdan, biz belə bir forma hazırlayıb, ictimai rəyin müzakirəsinə verdik. Xalq bu barədə müzakirə etməlidir. Paketi bu gün mətbuat orqanlarına və eyni zamanda aidiyyatı dövlət idarələrinə də göndərdik. Həm Prezident Aparatına, həm də Milli Məclisə bunu göndərdik. Mövzu müzakirəyə açıqdır, insanlarımız bu məsələni müzakirə etsinlər. Bəlkə, yeni fikirlər də əlavə olunacaq? İstəyərdik ki, dövlətimiz bu məsələlərin müzakirəsində aktiv iştirak etsin. Əgər lazım olsa, xüsusi dövlət layihəsi də hazırlansın, bunun da bizə aidiyyatı yoxdur. Bu, dövlətin verəcəyi qərardır. Mətbuat nümayəndələri, eyni zamanda media qurumlarından da xahişimiz budur ki, həmin təkliflər paketi barədə məlumatları mümkün qədər sosial şəbəkələrdə, eləcə də öz xəbər portallarında yaysınlar. Beləliklə, müzakirə geniş bir aiditoriyanı əhatə edər və yeni fikirlər də ortaya çıxar. Bu, bizim milli məsələmizdir. Necə ki torpaqlarımızı elbirliyi ilə azad etdik, millətimizin dəstəyi ilə ordumuz azad etdi, eləcə də bu yerləşmə, qayıdış məsələsini də birlikdə həll etməliyik. Qayıdışla bağlı bəziləri getməm istəyir, bəziləri istəmir. O qədər qarışıq və çətin məsələdir ki, bunların hamısını nizamlayıb, həll etmək təkcə dövlətin işi deyil. Burda həm ictimai-siyasi xadimlər, həm də müxtəlif siyasi partiyalar da iştirak etməlidirlər. Düşmən bizə milyardlarla manat həcmində ziyan verib və bu ziyanı qarşılamaq təkcə dövlətin büdcəsindən mümkün deyil, burda Xalqın da rolu olduqca böyükdür. Ona görə də, açıq müzakirə olunmalı və ictimai rəy formalaşmalıdır” – deyə, Qorxmaz İbrahimli bildirib.
Mətin Şükürlü, Bizimyol.info