Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyanın XİN başçısı tarixi çıxış edib: “Ukraynadakı müharibə bizim müharibəmizdir”
Britaniyanın XİN başçısı tarixi çıxış edib: “Ukraynadakı müharibə bizim müharibəmizdir”

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass paytaxt Londonda ölkənin alyanslara və kollektiv təhlükəsizliyə yeni yanaşmasını təsvir edən tarixi əhəmiyyətə malik çıxış edib.

“Report” xəbər verir ki, Britaniya XİN başçısı Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə, eləcə də Çinin “dünyanın oyun qaydalarından” yayınmaq cəhdlərinə diqqət çəkib:

“Üç il əvvəl Vladimir Putin (Rusiya Prezidenti – red.) demişdi ki, Qərb liberalizmi ölüb. Keçən il Sədr Si (Çinin sədri Si Cinpin – red.) Qərbin tənəzzülə uğradığını iddia edib.

2022-ci ilin aprelində hər şey çox fərqli görünür. Son aylar insan ruhunun və azad cəmiyyətlərin güclü möhkəmliyini nümayiş etdirdi. Tarixdə qaldığına ümid etdiyimiz dəhşətli barbarlıq və hərbi cinayətlərlə üzləşən azad dünya Ukrayna və onun azadlıq və öz müqəddəratını təyinetmə uğrunda cəsarətli mübarizəsi ətrafında birləşib.

Biz arxayın ola bilmərik - Ukraynanın taleyi sual altındadır. Ancaq gəlin bir məsələyə aydınlıq gətirək: Putin uğur qazanarsa, Avropada daha çox səfalət və bütün dünyada dəhşətli fəsadlar olacaq. Bir daha heç vaxt təhlükəsiz hiss edə bilməyəcəyik.

Beləliklə, biz uzun yola hazır olmalıyıq. Biz Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq. Biz də böhranda göstərilən birliyə sonacan əməl etməliyik. Biz yanaşmamıza yenidən baxmalı, yenidən qurmalı və yenidən formalaşdırmalıyıq.

Mənim baxışım azad millətlərin qətiyyətli və yüksəlişdə olduğu bir dünyadır. İqtisadi və təhlükəsizlik tərəfdaşlığı şəbəkəsi vasitəsilə azadlıq və demokratiyanın gücləndirildiyi dünya. Təcavüzkarların tutulduğu və daha yaxşı bir yol tutmağa məcbur edildiyi dünya.

Bu, uzunmüddətli mükafatdır: yeni sülh, təhlükəsizlik və çiçəklənmə erası.

Gəlin səmimi olaq. Sülh və rifahı təmin etmək üçün hazırlanmış struktur Ukraynada iflasa uğrayıb. İkinci Dünya müharibəsi və soyuq müharibədən sonra qurulan iqtisadi və təhlükəsizlik strukturları indiyədək deformasiyaya uğrayırdı, təcavüzü çəkindirmək əvəzinə onlara şərait yaradırdı.

Rusiya BMT Təhlükəsizlik Şurasında istənilən səmərəli fəaliyyətin qarşısını almağa qadirdir. Putin NATO-Rusiya Təsis Aktı və Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən uzaqlaşıb. O, silahlara nəzarətlə bağlı çoxsaylı tədbirləri pozub. Rusiya masa arxasında qaldığı halda G20 effektiv iqtisadi qurum kimi fəaliyyət göstərə bilməz.

Sovet İttifaqı BMT-də veto hüququndan mütəmadi olaraq istifadə etdi, lakin törətdikləri bütün pisliklərə baxmayaraq, hətta onlar belə dünya səhnəsində özlərini bir qədər rasional apardılar. Onlar Raketəleyhinə Müdafiə Müqaviləsində olduğu kimi, strateji sabitlik üçün risk gördükləri zaman sövdələşmələrə sadiq qala bilirdilər. 60 il əvvəl Kuba raket böhranı zamanı olduğu kimi, qarşıdurma baş verdikdə gərginliyi azalda bilirdilər. Beləliklə, dünya miqyasında nüfuzlarına qoruya biliblər.

Bu amillərin heç biri Putinə aid deyil.

Bütün bunlar da dünya iqtisadiyyatının Rusiya üçün heç vaxt açıq olmadığı bir dövrə təsadüf edir.

Soyuq müharibə illərində Qərb müttəfiqləri bir-birinə çiçəklənməyə kömək edirdilər, biz SSRİ-yə ticarət, investisiya və texnologiya axınını məhdudlaşdırdıq. 1990-cı illərdə bu məhdudiyyətlər aradan qaldırıldı, lakin bu, iqtisadi açıqlığın və demokratiyanın gözlənilən yüksəlişinə gətirib çıxarmadı. Lazımi “yerkökü və qamçı” prinsipini tətbiq etmək əvəzinə proqresi təbii qəbul etdik.

Putin kimi liderlər isə idarəetməni itirməkdən qorxduqları üçün dəyişmək imkanından imtina etdilər. Əvəzində, neft və qazdan pul götürüb, xaricdə hakimiyyəti möhkəmləndirmək və nüfuz qazanmaq üçün istifadə edirdilər. “Wandel durch handel” (“Ticarət yolu ilə dəyişimlər” prinsipi – red.) - iqtisadi inteqrasiyanın siyasi dəyişikliyə səbəb olduğu nəzəriyyə işə yaramadı.

İndi bizə təhlükəsizlik və iqtisadi təhlükəsizliyi birləşdirən, daha güclü qlobal ittifaqlar yaradan və azad dövlətlərin daha iddialı və inamlı olduğu, geosiyasətin qayıdışını tanıyan yeni yanaşma lazımdır.

Britaniya həmişə xuliqanların qarşısında dayanıb. Biz həmişə risk etmişik. Odur ki, biz öz təhlükəsizliyimizdən və diplomatik gücümüzdən, iqtisadi çəkimizdən, iradəmizdən və çevikliyimizdən istifadə edərək yol göstərməyə hazırıq.

Biz artıq Ukraynada aktivləşmişik. Ukraynadakı müharibə bizim müharibəmizdir, hamının müharibəsidir, çünki Ukraynanın qələbəsi bizim hamımız üçün strateji imperativdir. Ağır silahlar, tanklar, təyyarələr – inventarlarımızı dərinləşdirir, istehsalı artırırıq. Bütün bunları etməliyik.

Sanksiyalarımız sayəsində Rusiya artıq son yüz ildə öz xarici borcunun ilk defoltu ilə üzləşib. Biz irəli getməliyik. Putinin bu dəhşətli müharibəni maliyyələşdirəcək yeri olmayacaq. Bu, neft və qaz idxalını birdəfəlik dayandırmaq deməkdir.

Eyni zamanda, biz Ukrayna xalqını dəstəkləməliyik. Bu, qaçqınlara kömək etmək, ərzaq, dərman və digər zəruri əşyaların tədarükü, iqtisadiyyatın davamlılıq qalmasına yardım etmək deməkdir.

Bu, həm də Putin rejiminin törətdiyi ağır cinayətlərə görə məsuliyyət daşıması deməkdir.

Biz fəaliyyətimizi ikiqat artıracağıq. Biz Rusiyanı bütün Ukraynadan sıxışdırıb çıxarmaq üçün daha da irəli gedəcəyik.

Bu, daha böyük dəyişikliklər üçün katalizator olmalıdır. Biz bu sərt mövqeyi Ukraynadan kənarda yaranan təhlükələrə də tətbiq etməliyik.

Bizim yeni yanaşmamız üç sütuna əsaslanır: hərbi güc, iqtisadi təhlükəsizlik və daha dərin qlobal ittifaqlar”.

L.Trass həmçinin Çinin dünya siyasətində oynadığı roluna da diqqət çəkib və ona xəbərdarlıq edib:

“Ölkələr qaydalara uyğun oynamalıdırlar. Bura Çin də daxildir.

Pekin Rusiyanın təcavüzünü və hərbi cinayətlərini pisləməyib. Rusiyanın Çinə ixracı bu ilin birinci rübündə demək olar, üçdəbir qədər artıb. Litvanı məcbur etməyə çalışdılar. Onlar kimin NATO-ya üzv olması və ya olmamalı olduğunu şərh edirlər.

Lakin Çin keçilməz sədd deyil. Çinin yüksəlişinin qaçılmaz olduğunu söyləməklə biz, əslində, onların əvəzinə iş görmüş oluruq. Əslində, onların yüksəlişi qaçılmaz deyil. Qaydalara uyğun oynamasalar, böyüməyə davam etməyəcəklər.

Çinin G7 ilə ticarətə ehtiyacı var. Biz dünya iqtisadiyyatının yarısını təmsil edirik. Bizim seçimimiz var. Biz Rusiya ilə beynəlxalq qaydalar pozulduqda hansı seçimi etməyə hazır olduğumuzu göstərdik. Biz göstərdik ki, təhlükəsizlik və suverenliyə hörməti qısamüddətli iqtisadi mənfəətdən üstün tutmağa hazırıq. Ən azı ona görə ki, hərəkətsizliyin dəyərinin daha yüksək olduğunu bilirik.

Fakt budur ki, dünyanın əksər hissəsi suverenliyə hörmət edir. Yalnız bir neçə geridəqalmış və autsayderlər bunu etmir. Ona görə də biz köhnə və yeni müttəfiqlərlə və dostlarla daha sıx işləyirik”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »