"Rusiya ordusu Donetsk və Luqansk vilayətləri istiqamətlərində daha da irəliləmək üçün Mariupolu ələ keçirməyə çalışır. Mariupol tam işğal edilməlidir ki, bunan sonra cənuba doğru irəliləmək üçün qüvvələrin köçürülməsi həyata keçirilsin".
Bizimyol.info xəbər verir ki, bu fikri “Apostrof”a Ukrayna ordusunun generalı, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri (2005-2010) olmuş Nikolay Malomuj deyib.
Onun sözlərinə görə, hazırda düşmən əsas qüvvələri cəmləşdirir, ilkin kəşfiyyat hücumları və qarşı tərəfin gücünü müəyyə etmək üçün kəşfiyyat xarakterli hücumlar edir.
“Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərində Ukraynanın müdafiə sisteminin sındırıla biləcəyinə inanılan kəskin hücumlar aparılır. Amma əsas qoşunların cəmləşməsi, məncə, hələ qabaqdadır. Bu, Rusiya ərazisindən Donetsk və Luqanska keçərək gətirilən qoşunların cəmləşməsi olacaq. Artıq şimalda və Belqorodda silahlı qüvvələrin yeni formatları formalaşdırılır. Bunların bir hissəsi Kiyev, Çerniqov və Sumı vilayətlərindən gələn bölmələrdir. Amma bu birləşmələr təkcə Rusiya Federasiyasının cənub və mərkəzi federal rayonlarından deyil, həm də Uzaq Şərqdən, Uraldan gətirilən yeni ehtiyat qüvvələrdən təşkil edilib. Biz görürük ki, format yüksəlir”, - deyə general bildirib.
“Bəlkə də Putin “Azovstal”a hücum etməyin deyib, amma bombardman davam etdirilir, hücumlar səngimək bilmir. Rusiya hərbçilərinin vəzifəsi Mariupolu ələ keçirmək, sonra isə hücum əməliyyatlarını effektiv həyata keçirmək üçün əsas qüvvələri oradan Donetsk və Luqansk vilayətləri istiqamətlərinə keçirməkdir. Digər tərəfdən, bu gün təcavüzkarın Ukrayna Silahlı Qüvvələrini mühasirəyə alması, cinahlardan hücumların həyata keçirilməsi üçün “xüsusi əməliyyatlar” keçirməsində son dərəcə vacib olan İzyum istiqamətini də unutmaq olmaz. Və təbii ki, bu, Ukraynanın cənubudur, burada düşmən bu gün xeyli itki verir”, - deyə o bildirib.
Bundan əvvəl UNİAN agentliyi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Mariupolun tutulması ilə bağlı təcavüzkar ölkənin prezidenti Vladimir Putinə yalan dediyi barədə artıq məlumat yayıb. Şəhərin müdafiəçiləri bu xəbərə dərhal işğalçıların texnikasının məhv edilməsi ilə bağlı məlumatlarla reaksiya verdilər.
Eyni zamanda, Putin öz nazirinə “Azovstal”a hücumu dayandırmağı əmr etib, çünki bu, onun sözləri ilə desək, “ağılsızlıq” idi. Lakin sonradan məlum oldu ki, şəhərdə elə həmin an "Azovstal" ərazisinin bombalanması və atəşə tutulması davam etdirilib.
Qadir, Bizimyol.info