Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bağ evi almaq istəyənlər daha Bakıya deyil, bölgələrə üstünlük verir"
"Bağ evi almaq istəyənlər daha Bakıya deyil, bölgələrə üstünlük verir"

Qarşıdan yay gəlir. Hər il olduğu kimi bu il də bağ evləri, həyət evləri və torpaq sahələrinin qiymətində artım gözlənilir. İl boyu işləyən, Bakının stresli tıxacları ilə mübarizə aparan və yayda istirahət etməyə can atan hər bir vətəndaş çalışır ki, 3 ayı yaxşı dəyərləndirsin. Bu səbəbdən də qarşısına “yayda istirahət edəcəyəm” hədəfini qoyan hər kəs axtarışa başlayır. Bakıda və bölgələrdə bağ-həyət evlərinin qiyməti ilə maraqlanılır. Təlabat artır. Bu zaman isə, bağ sahibləri əmlaklarının dəyərindən daha yüksək məbləğdə kirayəyə verməyə və daha çox qazanc əldə etməyə çalışırlar. Çünki qışda istər-istəməz, həmin evin üzünə də baxan olmur. Bu il də bahalaşma gözlənilirmi?

“Hər il yay mövsümündə torpaq sahələrinin, bağ evlərinin kirayə qiyməti artacaq”…

Elnur Fərzəliyev Elnur Fərzəliyev

Yay aylarında fərdi həyət evlərinə, bağ evlərinə təlabatın artması ilə izah edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info xəbər portalına müsahibəsində deyir ki, əvvəllər vətəndaşlar Bakı və Bakıətrafı qəsəbələrdə bağ-həyət evləri alırdısa, indi bağ evləri üçün bölgələrə üz tutulur. Artıq vətəndaşlar əgər bağ evi almaq istəyirsə, daha Bakıya deyil, bölgələrə üstünlük verir: “Pandemiya səbəbilə sərhədlər bağlandıqdan sonra Azərbaycanda daxili turizm inkişaf etməyə başladı. Yəni xaricə gedə bilməyənlər, Azərbaycanın müxtəlif turistik zonalarına üz tutdular. Bölgələrdə kirayə evlərin, torpaq sahələrinin qiyməti də bu proses fonunda artmağa başladı. Ölkə əhalisi ölkə daxilində turistik səfərlər etməyə başladı. Bakı əhalisi Quba, Qusar, Xaçmaz, Qəbələdə, Şəkidə evlər almağa başladılar”.

Ekspert deyir ki, bağ evi yay aylarında istirahət etmək üçün nəzərdə tutulduğu üçün bunun hansı bölgədə seçilməsinin önəmi yoxdur. Bəzən vətəndaşlar dənizkənarı qəsəbələrdə bağ evləri almağa çalışır. Amma ekspert deyir ki, dəniz də müəyyən şəxslər tərəfindən hasara alındığı üçün dənizin sadəcə havası gəlir. Yəni bağı Qubada aldın, Mərdəkanda və ya Şüvəlanda aldın, heç fərqi yoxdur.

Elnur Fərzəliyev qeyd edir ki, hər il may ayının ortalarından avqust ayının sonuna kimi bağ, həyət evlərinin qiymətlərindəki artım davam edir.

“Yalnız yay aylarında bağ evlərinin kirayə və satış qiyməti artır. Bu da tələbatla bağlıdır. Soyuq aylarda bağ evlərinə tələbat olmadığı üçün qiymətlər də artmır, stabil qalır. Böyük əksəriyyəti soyuq aylarında boş qalır” - deyən Elnur Fərzəliyev bildirir ki, artan tələbata bağlı olaraq, gələn ayın əvvəllərindən fərdi həyət evləri, bağ evlərinin satış və kirayə qiymətində bahalaşma müşahidə ediləcək. Onun sözlərinə görə, artıq Bakı və Abşeron ərazisində qalan torpaq sahələri bağ evi üçün yararlı deyil. Bu səbəbdən də vətəndaşlar yəqin ki, bölgələrə üz tutmağa davam edəcəklər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »