15 yaşlı gənc intihar etdi. 84 yaşlı kişi intihar etdi. 38 yaşlı kişi intihar etdi. 27 yaşlı qadın intihar etdi. Kişi əvvəlcə həyat yoldaşını öldürüb, sonra intihar etdi… Və s. və ilaxır… Son zamnalar belə xəbərlərlə tez-tez, demək olar ki, hər gün qarşılaşırıq. Kimi valideynləri ilə münasibətləri səbəbi ilə, kimi sevgilisindən ayrıldığı üçün, kimi şantajla qarşılaşdığı üçün, kimi borclu olduğu üçün, kimi isə xəyanətə uğradığı üçün ən asan yolu intihar yolunu seçir. İntihar edən şəxs, kiməsə və ya nəyəsə görə həyatdan birdəfəlik getməyə üstünlük verir. “Məndən bu qədər, mən bitdim deyib” ölümü seçir.
Ölümü seçmək… Əslində çox ağır seçimdir. Bu həyatda insanlarla, onların hədə-qorxusundan çəkinən insan ən ağırını seçir ölümü... Bəlkə də intihar heç də acizlik, çarəsizlik deyil. Bəlkə də intihar bir seçimdir?! O seçim ki, İslam dininə görə, bağışlanmayan bir günah hesab edilir. Dinimizə görə, Allah bütün günahları bağışlayır. Ta ki, əlini dərgahına qaldırıb tövbə diləyəsən. İntihar edənlərin isə, bu imkanı olmur.
Quran-i Kərim kitabının Nisa surəsinin 29-cu ayəsində qısa bir fikir var: “Özünüzü öldürməyin!”
Hədislərdə qeyd edilir ki, intihar ən böyük günahdır və insan intihar edib öldüyü zaman daha əzablı şəkildə can verir. İntihar edən insanlar axirətdə daha böyük əzablara düçar olur. Və deyilir ki, “özünü öldürmək, başqasını öldürməkdən daha böyük günahdır”.
Buxariyə görə, intihar yolu seçərkən insanın istifadə etdiyi ölüm oyuncağı nədirsə, axirətdə də eyni əşya ilə dəfələrlə əzab çəkəcək. Məsələn özünü asan şəxs, axirətdə də dəfələrlə asılaraq əzabın çəkəcək. Və yaxud özünü bıçaqlayan şəxs axirətdə də bıçaqlanaraq əziyyət görəcək. Bu Buxarinin düşüncələridir.
Dərman içib özünü öldürməyə cəhd edən şəxslər yuxuya gedib ölsə də, ölüm ağrısını çox güclü hiss edir. Əbu Nuyama görə, ölüm mələyini görmək, min qılınc zərbəsindən daha ağırdır.
Həzrəti Yusufun gözəlliyi qarşısında qadınlar əllərini kəsmişdi, ancaq bu gözəllik onlara o ağrını yaşatmamışdı. Mömin insanlar, seçimi ölüm olmayanlar, öz əcəli ilə ölən insanlar da ölüm mələyini o qədər gözəl simada görür ki, ölüm acısını hiss edə bilmir.
Bəzən insanlar düşünür ki, “intihar etmək mənim qismətimdir”. Amma hədislərdə bildirilir ki, Allahu Təala heç kimin qədərinə intihar yazmır. İntihar insnaın öz seçimidir və ən ağır günahdır.
İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İslam dinində özünə qəsd etmə, eləcə də bir kəsi qətlə yetirmək, ən böyük günahlardan sayılır. Din qətiyyətlə bu işi pisləyərək, hətta tövbəsi belə yolverilməz olaraq bəyan edilir: “Quran-i Kərimdə bir neçə günahlar var ki, tövbəsi qəbul olunmaz və bağışlanmaz. Bunlardan biri də özünə qəsd etməkdir. Eləcə də bir kəsi qətlə yetirmək günahdır. İslam dininə görə öldürülənin ailəsinə qan pulunu ödəmək və ailəsinin əfh etməsini istəmək lazımdır. Əks halda, öldürən şəxs Allahın hökmü ilə cəhənnəm əhli sayılır. Hətta İmam Sadiq(ə) buyurur: qətlə yetirilən şəxsin günahlarının hamısı qətl edənin üzərinə keçir”.
İlahiyyatçı bildirir ki, Allah verdiyi cana qəsd etmək,dini nöqteyi nəzərdən haramdır və Allaha qarşı üsyandır. İnsan ölümü seçərkən acılarının bitdiyini düşünür. Amma əslində seçilən ölümlə başlayır bütün acılar. Bəlkə cismin acı çəkmir, amma ruhunun çəkdiyi acı həyatda qarşılaşdığın borc bataqlığı, şantaj, imkansızlıq, ailə münaqişələri, tərk edilmələr və xəyanətlərin verdiyi acıdan ağır olur.
Bir də bu həyatda bütün acılar keçir, bütün borçlar ödənilir, bütün sevgilər unudulur. Bəzən aqressiv şəkildə qaşrılaşdığın ailə münaqişələri də zaman keçdikdə azalır. Bu acılar bitdikdən sonra başa düşürsən ki, həyatda heç nə əbədi deyil.
Bəs əbədi olmayan həyatdan əl üzüb əbədi acılara düçar olmağa dəyərmi?
İntihar çıxış yolu deyil, intihar daha böyük acıları seçmək deməkdir…
İlahin, Bizimyol.info