Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Rüsumların ləğvi ukraynalıları işlərini itirməkdən xilas edir
Zelenski: Rüsumların ləğvi ukraynalıları işlərini itirməkdən xilas edir

Prezident Vladimir Zelenski deyib ki, Böyük Britaniyanın Ukraynadan idxal etdiyi mallara rüsumları aradan qaldırması Ukraynada minlərlə işçiyə kömək olacaq.

Bizimyol.info xəbər verir ki, o, Prezident Aparatının müharibənin 62-ci gününün yekunlarına dair yaydığı axşam videomüraciətində buna diqqət çəkib.

“Böyük Britaniyaya və şəxsən Baş nazir Boris Consona ticarətin liberallaşdırılması ilə bağlı sorğumuza sürətli və müsbət cavabına görə təşəkkür edirik. Hazırda dövlətimizə dəstək olmaq xüsusilə vacibdir. Britaniya Ukrayna mallarının idxalına dair istisnasız olaraq bütün rüsumları və kvotaları ləğv etdiyini elan etdi. Bu, bizə müharibə şəraitində minlərlə iş yerini xilas etməyə və Britaniya ilə iqtisadi əlaqələrin əhəmiyyətli dərəcədə intensivləşməsini təmin etməyə imkan verəcək. Biz digər tərəfdaşlardan da oxşar qərarlar gözləyirik”,- deyə Zelenski bildirib.

Onun sözlərinə görə, bu, təkcə Ukrayna və onun tərəfdaşları üçün vacib deyil, həm də qlobal bazarlara, xüsusən də Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən “genişmiqyaslı qiymət böhranından bir addım uzaqda olan ərzaq bazarına sabitlik əlavə edir".

Zelenski böhrandan qaçmağın yeganə yolunun əməkdaşlığı gücləndirmək və müharibədən əl çəkməsi üçün Rusiyaya təzyiq göstərmək olduğunu vurğulayıb.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Ali Rada Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında siyasi əməkdaşlıq, azad ticarət və strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib. Aprelin 26-da Britaniya hökumətinin saytında ölkənin Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün Ukrayna mallarına gömrük tariflərini ləğv etdiyi barədə xəbər yerləşdirilib.

Qərara əsasən, Ukraynadan gətirilən mallar üçün bütün kvota və gömrük tarifləri ləğv edilib ki, bu da Ukraynaya çətin anlarda iqtisadi dəstək verəcək. Ukraynanın əsas ixrac məhsulları, o cümlədən arpa, bal, konservləşdirilmiş pomidor və quş əti üzrə tariflərin ləğvi Ukrayna bizneslərinə və istehsalçılarına dəstək olacaq.

Xəbərdə xatırladılır ki, bu ay Kiyevə səfəri zamanı baş nazir Boris Conson Ukrayna mallarına rüsumları aradan qaldıracağına söz verib.

Bundan əlavə, Britaniya Rusiyanın ukraynalıları repressiya etmək üçün istifadə edə biləcəyi mal və texnologiyaların ixracına qadağa qoyulduğunu açıqlayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »