Rusiyanın Ukraynaya müdaxiləsi digər ölkələrlə bağlı siyasətə də təsir edir. Onlardan biri də İrandır. Ukraynada müharibə başlayanda Rusiya “İran 2015 Nüvə Razılaşması”nın yenidən həyata keçirilməsi cəhdlərinin qarşısını son anda aldı.
Halbuki Rusiya keçən il ABŞ və İran arasında Nüvə Sazişində vasitəçilik etmişdi. Ancaq Rusiyanın Ukraynaya qarşı işğal cəhdindən sonra İranın ali dini rəhbəri Əli Xameneyi iranlı diplomatlara ABŞ-la birbaşa müzakirələri qadağan etdi.
ABŞ və Avropa İttifaqı başda olmaqla, Qərb beynəlxalq təşkilatlarının sərt və genişmiqyaslı sanksiyalarının hədəfi olan Rusiya öz güc və maraq münasibətlərini düşünərək İranın Nüvə Razılaşmasını təhlükə altına almaqla hədələyib. Çünki Rusiya son sanksiyaların mənfi təsirini hiss edir. Bildirilir ki, Rusiya sanksiyaların hədəfi olmaqda hətta İranı da üstələyir. Bundan əlavə, Qərbin Rusiya nefti, təbii qazı və kömür kimi enerji məhsullarına embarqosunun təsiri altında olan Moskva rəhbərliyi İranın enerji məhsullarına qarşı sanksiyaları dayandıracaq Nüvə Razılaşmasının tərəfdarı deyil. Tehrana qarşı sanksiyaların ləğvi İranın enerji məhsullarının Rusiya ilə əvəzlənməsi deməkdir. Belə olan halda Ukrayna müharibəsində Qərbin Rusiyaya qarşı əli güclənəcək.
Digər tərəfdən, İran Rusiya texnologiyasından istifadə edir, ABŞ-ın düşmənidir və məruz qaldığı sanksiyalara görə Rusiyaya daha yaxındır. İranın beynəlxalq enerji sektorundan təcrid olunması Rusiyanın maraqlarına uyğun hesab edilir. Mövzu ilə bağlı Rusiyanın Müasir İran Araşdırmaları Mərkəzinin rəhbəri Rəcəb Səfərov “Qərb yönümlü İran Rusiya üçün nüvə silahına malik İrandan daha pis olar və bu, Rusiyanın dağılmasına gətirib çıxarar” iddiası ilə adı çəkilən aktyorların mübarizəsinin fonunu müşahidə edir.
19-cu əsrin əvvəllərindən Rusiya zamanla İranın Qafqazdakı torpaqlarını ələ keçirdi. Həmçinin, hələ 1946-cı ildə Sovet İttifaqı İranın şimal-qərbindəki Azərbaycan vilayətini işğal etmişdi. ABŞ-ın o zamankı prezidenti Harri Trumenin təşəbbüsləri ilə işğala son qoyuldu. Bu gün Rusiya və İran strateji tərəfdaşdır, ABŞ və İran isə düşmən kateqoriyasındadır.
Yəni dövlətlər beynəlxalq münasibətlər nəzəriyyələrindən olan Realizmin “güc və maraq” münasibətlərinə üstünlük verirlər. Həm Ukraynadakı müharibə, həm də mümkün Nüvə Razılaşması ilə İran enerji məhsullarını beynəlxalq bazarlara göndərə bilər. Belə bir mümkün inkişaf, şübhəsiz ki, İran-Rusiya münasibətlərində problemlər yaradacaq. Lakin hələlik Rusiyanın Ukraynaya təcavüzü beynəlxalq sistemdə ciddi dəyişikliklərə səbəb olmayıb. Əksinə, ABŞ, Aİ, NATO və s. beynəlxalq ittifaqların sıralarını sərtləşdirib.
Nəticə etibarilə, Rusiya və İranda rəhbər kadrlarda dəyişiklik baş vermədikcə, onların hazırkı mövqeyi və Qərbə qarşı müxtəlif təcridləri iki ölkəni bir-birindən asılı və bir-birinə daha da yaxınlaşdıracaq. Əgər Ukraynada müharibədə ciddi dəyişiklik olarsa və bu, beynəlxalq sistemə dərindən təsir edərsə, o zaman Rusiya ilə İran arasında münasibətlərə yenidən baxılması faydalı ola bilər.
Mətin Şükürlü, Bizimyol.info