Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mayın 9-da Kreml rəhbəri ciddi problemlərlə üzləşəcək"
"Mayın 9-da Kreml rəhbəri ciddi problemlərlə üzləşəcək"

“Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda maraqlı deyil. Əvvəldən o, güzəştə getmək fikrində deyildi. İndi onu yalnız döyüş meydanında itkilər dayandıra bilər”.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyanın siyasi xadimi, hüquq müdafiəçisi Mark Feyqin “Ukrayna 24” kanalının “Azadlıq” layihəsinin efirində bildirib. Onun sözlərinə görə, mayın 9-na yaxın hər kəs işğalçı ölkənin özündə genişmiqyaslı hadisələrin şahidi olacaq.

Qeyd edək ki, bir müddət əvvəl “Financial Times” yazırdı ki, Rusiya lideri Ukrayna raketlərinin “Moskva” kreyserini batırmasından sonra Kremlin Kiyevlə danışıqlara getməyəcəyinə qərar verib.

Feyqin bildirir ki, müharibəni bitirmək üçün hər cür kompromis təklif edilsə də, Putin əvvəldən danışıqlara getməyib. "Burada "Moskva" kreyseri müəyyən rol oynadı, amma həlledici rol oynamadı. Putin, prinsipcə, heç nədən imtina etməyəcək, o, öz məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atacaq",- deyə o bildirib.

Feyqin həmçinin hesab edir ki, mayın 9-da Rusiyada camaat qələbə paradını keçirəndə Kreml rəhbəri ciddi problemlərlə üzləşəcək. "Hesab edirəm ki, biz ayın 9-dan əvvəl, bəlkə də ondan sonra da genişmiqyaslı hadisələrin şahidi olacağıq. Axı indi də Bryanskda yanğınlar var. Və başqa vəziyyətlər də olacaq”,- deyən Feyqin danışıqların mümkünlüyünə şübhə ilə yanaşır, çünki o, bu prosesi Rusiya Federasiyası rəhbərinin bir növ “oyunu” hesab edir.

Hüquq müdafiəçisinin fikrincə, yalnız Rusiya qoşunlarının döyüş meydanında məğlubiyyəti diktator Putini dayandıra bilər.

Qeyd edək ki, Putin faşist Almaniyası üzərində qləbənin qeyd ediləcəyi gün - 9 May tarixi üçün Ukraynada əhəmiyyətli bir qələbə arzulayırdı. Amma bu vaxta qədər "qələbə" adı altında təqdim ediləcək heç nə yoxdur. Kremlin irəli sürdüyü tələblərin heç biri Kiyev tərəfindən qəbul edilməyib. Üstəlik, rəsmi Kiyev son vaxtlar Rusiya üzərində qələbə çalmaq niyyətlərini açıq ifadə edir. Bir neçə gün əvvəl "Moskva" kreyserinin raketlə vurularaq batırılması, Rusiya ərazisində, o cümlədən Bryanskda hədəflərin vurulması Ukraynanın ciddiliyindən xəbər verir. Mayın 9-na qədər Ukraynanın Rusiyaya daha hansı acı sürprizlər yaşadacağını isə zaman göstərəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »