Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elan saytlarında fırıldaqçılıq - Diqqətli olun!
Elan saytlarında fırıldaqçılıq - Diqqətli olun!

Ölkəmizdə bir çox alqı-satqı saytları var ki, orada sırf daşınmaz əmlakların satışı və kirayəsi ilə bağlı elanlar yerləşdirilir və həmin elanlar nəticəsində müştərilər mənzilləri tapırlar. Lakin bu saytlarda yerləşdirilən elanların hər biri düşündüyümüz qədər həqiqəti əks etdirmir.

Belə ki, bəzi işbazlar bu sahədə də fırıldağa əl ataraq, vətəndaşları aldatmaq, pulunu mənimsəməklə məşğul olurlar. Məsələn, hansısa yaxşı şəraitli, bahalı evin kirayəsi ilə bağlı elanı yerləşdirir, onu qat-qat ucuz qiymətə təklif edirlər. Müraciət edən müştərilərə isə evi götürmək istəyənlərin çox olduğunu, bu səbəbdən də təcili beh vermələrinin lazım olduğunu bildirirlər. Daha ucuz qiymətə ev kirayələmək istəyən vətəndaş isə özü də bilmədən bu tora düşür və behi ödəyir. Kirayə evi görmək, köçmək istədikdə isə artıq gec olur. Nə həmin elanı tapa bilir, nə də beh ödədiyi insanı.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info saytına açıqlaması zamanı bildirib ki, daha çox avqustun sonu, sentyabr ayının əvvəlində kirayələrə tələbat artır və həmin ərəfələrdə bu cür fırıldaqçılıqla üzləşən, zərərçəkənlər kifayət qədər vətəndaşlar olur.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Təbii ki, istənilən şəxs satış saytına elan verə bilir. Bu həm ödənişsiz, həm də ödənişli ola bilir. Burada qeydiyyatdan keçən zaman mütləq şəkildə “email” adres və ya telefon nömrəsi tələb olunur.

Çox vaxt saytlarda görürük ki, bahalı evləri dəyərindən çox aşağı qoyurlar. Bu isə təbii ki, fırıldaqçıların işidir. Onalar evləri aşağı qiymətə qoyur və bununla müştəri cəlb edirlər. Müştəri telefonla əlaqə saxladıqda isə başqa müştərilərin də olduğunu bildirir, öncədən beh tələbini irəli sürürlər. Bu cür problem yaşayan şəxslər daha çox bölgələrdə yaşayan vətəndaşlardır. Çünki şəhərə gəlmədən evi behləməyə çalışırlar ki, ucuz ev əldən çıxmasın. Təbii ki, bu cür problemlərlə üzləşməmək üçün ilk növbədə elan saytlarında verilən evlərə baxış keçirmək, ev sahibi ilə danışmaq lazımdır. İstər beh, istər aylıq kirayə pulu isə müqavilə yolu ilə olmalıdır. Amma təssüflər olsun ki, bizdə kirayələrlə bağlı çox insanlar notarial müqaviləyə üstünlük vermirlər.

Biz bilməliyik ki, bizdə kirayə qiymətləri kifayət qədər bahadır. Ucuz evlər isə elana çıxmağa çatmır və çox tez tutulur”.

Ekspertin sözlərinə görə, satışla bağlı da bu cür problemlər yaşanır.

“Bəzən olur ki, bahalı bir evi ucuz qiymətə elanda qoyur, xarici nömrə yazırlar və “ancaq whatsapp vasitəsi ilə əlaqə saxlayın” deyə qeyd qoyurlar. Həmin şəxslərlə əlaqə saxladıqda isə müştəriyə xarici ölkələrdən birində olduğunu, təcili pul lazım olduğu üçün evi satdığını, Bakıya gəlmək üçün isə onun yol xərcini ödəməsini istəyirlər. Dəfələrlə olub ki, vətəndaşlar böyük pullar ödəyiblər və sonra həmin elan da, nömrə də silinib. Bu cür problmlərlə üzləşməmək üçün evə yerində baxmaq və ev sahibi ilə danışb, razılaşıb beh vermək lazımdır”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »