Amerikalı sahibkar İlon Maskın "Twitter"i alması heç nəyi dəyişməyəcək, sosial şəbəkə yenidən demokratik və ədalətli olmayacaq.
Bizimyol.info xəbər verir ki, bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Teleqram kanalında bildirib.
“Şəbəkələrin nəhəng pula bir nəfər tərəfindən alınması, bir sahibinin digəri ilə əvəzlənməsi heç nəyi dəyişməyəcək. Çünki indi öz həyat qaydalarını təkcə sahiblər müəyyən etmir”, - deyə Medvedev qeyd edib.
Siyasətçinin fikrincə: "Heç bir şəbəkə qeydiyyat yeri olan ölkənin siyasi əhval-ruhiyyəni nəzərə almamaq iqtidarında deyil. Və beləliklə, "Twitter" ilə heç bir möcüzəvi transformasiya olacağını gözləmək, yumuşaq desək, naşılıq olar", - deyə o, fikrini davam etdirib.
“Yenidən demokratik olmayacaq, daha az ədalətli olacaq. Təbii ki, o, Amerika yurisdiksiyasını tərk etməsə”, - Medvedev mətni gülüş emosikası ilə müşayiət edərək bildirib.

Aprelin 25-də "Twitter" rəhbərliyi Maskın şirkəti 44 milyard dollara aldığını açıqlayıb. Eyni zamanda, sahibkarın özü qeyd edib ki, söz azadlığı fəaliyyət göstərən demokratiyanın əsasıdır, "Twitter" isə həyati vacib məsələlərin olduğu “rəqəmsal şəhər meydanıdır”. Burada bəşəriyyətin gələcəyi müzakirə edilir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumlarından sonra qlobal sosial media şirkətləri Rusiya mediasının sosial media hesablarına məhdudiyyətlər qoyub. Məhdudiyyətlərə qarşı addım da Rusiyadan gəlib. Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyi "Facebook"a girişin dayandırıldığını açıqlayıb. Eyni səbəblərdən ölkədə "Twitter"ə giriş də tamamilə dayandırılıb.
Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra "Twitter" Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, Rusiya hökumətinə aid 300-dən çox rəsmi hesabın məzmununu məhdudlaşdırıb.
Qadir, Bizimyol.info