Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yazıq imperiya, adam asmağı da bacarmır - Replika
Yazıq imperiya, adam asmağı da bacarmır - Replika

Sovet vaxtı sovxoz direktoru gəlir baş mühasibin otağına. Hamı qalxır ayağa. Bir nəfər oturub ərizə yazır, ani başını qaldırıb görür ki, direktor girib otağa. O, yenə öz işinə davam edib. Direktorla aralarında gərginlik olduğuna görə, qəsdən ayağa qalxmır və orada olanlara da bunu bilərəkdən etdiyini nümayiş etdirir.

Vəziyyət direktoru özündən çıxarır: “Bura bax, qudurmusan, sən bu ağsaqqal Mehdidən də ağır olmusan ki, ayağa durmursan?”

Adam halını pozmadan: “Yox, mən qudurmamışam. O Mehdi kişi kimi ağsaqqallar özlərinin dəyərini bilmədikləri üçün səni qudurdublar”,- deyir.

Federal Təhlükəsizlik Xidməti rusiyalı jurnalist Vladimir Solovyovun “qətlini planlaşdıran” neonasist terror təşkilatının bir qrup üzvlərini saxlaması barədə xəbər yayıb. Solovyov da özünə müdrik görkəm verərək hadisəyə münasibət açıqlayıb. Onun qətlinə göstərişi Zelenskinin verdiyini deyib və bundan sonra ona nəsə olarsa, günahkar Ukrayna prezidenti olacağını bildirib.

Adam özünə o qədər yuxarıdan baxır ki, sanki iki dövlət bunun uğrunda mübarizə aparır. Başa düşmür ki, o özünə hörmət eləməyənlərə görə böyük görünür. İndi dövlət başçısına təbliğat vasitəsi kimi lazımdır. Ona görə xüsusi imtiyazlara malikdir. Adi halda bir televiziya aparıçısı, haqqını da kəsməyək, peşəkar teleşou aparıcısıdır, vəssəlam. Sadəcə, “Mehdi”lər ona layiq olduğundan artıq dəyər veriblər, yalını artıq ediblər. Bu da bir həqiqətdir ki, it aclıqdan, insan toxluqdan qudurur.

Əslində, hadisənin Ukrayna əleyhinə işlənmiş anti-təbliğat “əməliyyatı” olduğunu bilmək üçün sadəcə o əməliyyat görüntülərini seyr etmək kifayət edər. Çünki cəlb elədikləri insanlar, ya da hadisəni səhnələşdirən zabitlər o qədər bəsit düşüncə sahibləridir ki, normal terrorçu obrazı da yarada bilməyiblər. Hadisəni elə primitiv hazırlayıblar ki, inanmamaqdan başqa çarən qalmır. Dünya dövlətlərinin üçdə ikisindən silah yardımı alan Ukrayna, belə çıxır ki, Rusiyada bir ədəd əməlli-başlı silah tapıb “terroru törədəcək qrupa” verə bilməyib. Bunlar nə ilə silahlanıblar: “8 ədəd Molotov kokteyli”nə bənzər əldəqayırma yandırıcı vasitə, 1 ədəd mişar, ov tüfəngi, 1000-dən çox müxtəlif çaplı patron”,- deyə xəbərdə bildirilir. Terrorçular quş tüfəngi ilə Solovyov ovlamağa gedəcəkmişlər. “Yazıq imperiya, adam asmağı da bacarmır”, - bu da sovet Rusiysının çar imperiyasını xarakterizə edən məhşur aforizmlərindəndir. İndiki Rusiyanın tam əyninə biçilib.

Qadir Musaoğlu Qadir Musaoğlu,Bizimyol.info
Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »