Belarus Prezidenti Aleksandr Lukaşenko mümkün qədər ölkədə vəziyyətin yaxşı olduğunu göstərməyə çalışır. Dövlət başçısı iddia edir ki, Baltikyanı ölkələrin, Polşanın bir çox vətəndaşları sərhəddə dayanıb, guya bu tərəfə keçmək istədiklərini bildirirlər. Halbuki Belarusu son vaxtlar xeyli vətəndaş tərk edir. Ölkə iqtisadiyyatı yaxşı günlərini yaşamır. Sanksiyalar müəssisələri çökdürməyə başlayıb. Aprelin 25-də “Belaruskali” də fəaliyyətini dayandırıb.
Bizimyol.info xəbər verir ki, Qərb investorları Belarusdan qaçır. Rəsmi Minsk gerçək durumu boynuna almır. Maliyyə Naziri Yuri Selivestrovun dedikləri də buna sübutdur. Hərçənd, avropalılar Belarusdakı fəaliyyətlərinə mümkün qədər tez son verməyə çalışırlar. Hətta böyük itkilər qeydə alınsa belə.
“Jysk” mağazalar şəbəkəsi belə qərar qəbul edib. Müəssisə aprelin 18-də qeyri-müəyyən müddətə işini dayandırdığını elan edib. Rəhbərlik bunun Ukrayna hadisələri ilə bağlı olduğunu gizlətmir. “Jysk” Belarus bazarından gedir. 2016-cı ildən 7 şəhərdə fəaliyyətə başlayan mağazalar şəbəkəsi indi mallarını xeyli ucuz qiymətə satır. Böyük növbələr diqqət çəkir. “Jysk” bütün mal ehtiyatını sataraq Belarus bazarından birdəfəlik çəkilir.
“Wargaming” üçün də aprel Belarusda keçirəcəyi son aydır. Minlərlə IT mütəxəssisi işsiz qalacaq. Hələ martdan şirkətin Belarusla vidalaşmağa hazırlaşdığı bildirilir.
“Hesburger” Belarusdakı 4 restoranını mümkün qədər tez satmaq istədiyini açıqlayıb. Finlandiya restoranlar şəbəkəsi Kremllə müttəfiqliyi Minskə bağışlamaq fikrində deyil.
Siyahını hələ çox uzatmaq olar. Mütəxəssislər deyir ki, köç prosesinə görə Belarusun azı 400 min vətəndaşı işsiz qalacaq. 2021-ci ilin statistikasına görə, ölkədəki xarici şirkətlərin 2315-i Rusiyaya, 3500-dən çoxu isə Qərb ölkələrinə məxsusdur. Yəni zərərin böyüklüyü ölçüyəgəlməzdir. Gerçəklik Belarus hakimiyyətinin yalnız yalan danışdığını göstərir. Ölkədə vəziyyət hətta təsəvvür olunandan da qat-qat pisdir. İqtisadçı Aleksandr Çubrik durumun yalnız pisləşəcəyini bildirir. Çünki Belarus bazarı Qərb ölkələrindən çox asılıdır. Avropalılar isə daha Lukaşenko hakimiyyəti ilə hər hansı razılaşmaya getməyi düşünmür.
Aytən, Bizimyol.info