Rusiya Ukrayna müharibəsində qələbə ilə bölgənin ağası olduğunu göstərmək istəyir. Ukrayna ərazi bütövlüyünün qorunmasının qayğısını yaşayır. Qərbin isə məqsədi daha çox Vladimir Putinin axırına çıxmaqdır. Beynəlxalq ekspertlər dəfələrlə qeyd ediblər ki, Kreml həm də içdən parçalanmalıdır. Bəs Putini kim devirə bilər? Ümumiyyətlə, çevriliş mümkündürmü?
Bizimyol.info xəbər verir ki, “New America” elmi fondunun keçmiş əməkdaşı Barak Barfi ehtimallarla bağlı yazı hazırlayıb. Amerikalı politoloq Putinin hakimiyyətinə necə son qoymaq variantları barədə fikrini çatdırıb.
Barfi hələ yazının əvvəlində ABŞ Prezidenti Co Baydenin ifadələrini xatırladıb. Dövlət başçısı Putinin daha hakimiyyətdə qalmalı olmadığını bildirmişdi. Barfi hesab edir ki, Bayden həm də dövlət çevrilişi variantına eyham vurur. Amerikalı senat Lindsi Qrem də buna bənzər ifadə işlətmişdi. O, Rusiyada Yuli Sezarı sıradan çıxaracaq Brutun kim olacağı barədə danışmışdı.
Ümumi fikir belədir ki, Kremldə Putinin Ukraynaya hücumuna görə narazılıq böyükdür. Amma dövlət başçısından çox qorxurlar. Ona həqiqəti deməyə heç kim cəsarət etmir. Buna baxmayaraq, çevriliş ehtimalı həmişə qalır.
Daha çox hərbi yolla dəyişiklik ağlabatan görünür. Amma burada iki amili nəzərə almaq lazımdır. Birincisi, generalların dəyişiklikdə marağı olmalıdır. İkincisi, çevrilişə rejimin müəyyən addımları səbəb ola bilər.
Rusiya ordusunda böyük korrupsiya var. Hərbçilərin sosial təminatının yüksək olmasından danışmağa dəyməz. Sadəcə, Putin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin taksikasından istifadə edir. O, ideoloji təbliğata böyük üstünlük verir. Buna uyğun kadrlar seçilir.
Putin həm də elitanı ciddi nəzarətdə saxlayır. Məsələn, ABŞ prezidentləri hər səhər kəşfiyyatın fəaliyyəti barədə hesabatlar alır. Putin isə gün başlayanda bilmək istəyir ki, elita indi hansı yeni fırıldaqlarla pul qazanmağa çalışır.
Barak Barfi Rusiyada hərbi çevrilişə çox inanmır. Onu fikrincə, dünya təcrübəsi nikbinliyə elə də əsas vermir. Son 40-50 ildə çevrilişlərin böyük əksəriyyəti uğursuzluqla nəticələnib və ya gözlənilməz effekti gətirməyib.
Amerikalı politoloq hesab edir ki, Rusiyada hakimiyyətin çökməsi zamanla baş verəcək. Xüsusilə müharibədə uğursuzluq cəmiyyətdə böyük sarsılmaya səbəb olacaq. İmperiya təfəkkürü böyük zərbə alacaq. Bu zaman diqqətə alınmayan qüvvə önə çıxacaq.
Aytən, Bizimyol.info